Qaynar xətt:

(+99450) 247 90 86

İncəsənətə AĞIR itki - Tanınmış rəssam vəfat etdi

İncəsənətə AĞIR itki - Tanınmış rəssam vəfat etdi

DÜNYA

109

19.06.2026, 11:35

Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış rəssam və multiplikator İqor Makarov dünyasını dəyişib.

Oxu24.com Kulis.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın "VKontakte" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb.

Təşkilatın yaydığı bəyanatda onun ölümü ilə bağlı bu sözlər qeyd olunub:"Kino və televiziyanın multiplikasiya klassiki, karikaturaçı, şarj ustası, rəssam, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Makarov İqor Arkadyeviç artıq yanımızda deyil".

İqor Makarov keçmiş Stroqanov adına Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin tətbiqi incəsənət fakültəsini bitirib. O, uzun və məhsuldar karyerası ərzində həm teatr, həm televiziya, həm də kino sahəsində bir çox yaddaqalan işlərə imza atıb.

Qeyd edək ki, o, "Çox mavi saqqal", "Çəkməli it", "Kontaktlar... Konfliktlər...", "Stereotiplər", "Yoksel-Moksel" və digər məşhur cizgi filmlərinin quruluşçu rəssamı olub. Televiziyanın Musiqi proqramları baş redaksiyasının quruluşçu rəssamı kimi fəaliyyət göstərib. "Artloto", "Gülüş ətrafında", "Benefis" və digər məşhur televiziya proqramlarının dekorasiyalarının müəllifi olub. 30-a yaxın teatr tamaşasında rəssam kimi çıxış edib. Rusiyanın "REN TV" teleşirkətinin baş rəssamı vəzifəsində çalışıb.