Qaynar xətt:

(+99450) 247 90 86

Füzuli Rzaquliyev  VƏFAT ETDİ

Füzuli Rzaquliyev  VƏFAT ETDİ

CƏMİYYƏT

205

09.11.2026, 13:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib.

Oxu24.com-un xəbərinə görə, Füzuli Rzaquliyev bu gün dünyasını dəyişib.

Onun insultdan vəfat etdiyi bildirilir.

Onun vəfatı barədə rəhbərlik etdiyi təşkilatın mətbuat xidməti məlumat yayıb.

Füzuli Rzaquliyev kim idi?

Füzuli Rzaquliyev 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. 1978-ci ildə Ağdərənin Manikli kənd orta məktəbini bitirib.

1980–1982-ci illərdə hərbi xidmətdə olub. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. 1986–1989-cu illərdə Qarabağda hərbi hazırlıq müəllimi, 1989–1991-ci illərdə isə Bakı Kommersiya Texnikumunda müəllim işləyib.

Şuşa, Laçın, Kəlbəcər və Ağdərə döyüşlərinin iştirakçısı

Birinci Qarabağ müharibəsi başlayanda Füzuli Rzaquliyev könüllü olaraq döyüşlərə qatılıb. Azərbaycan Ordusunun ilk hərbi bölmələrinin formalaşmasında iştirak edib.

1991–1994-cü illərdə döyüş bölgəsində yerləşən hərbi hissədə tabor komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Şuşa, Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində, həmçinin Daşaltı, Erkəs və Mənasız yaşayış məntəqələri uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub.

Döyüşlərdə ağır yaralanaraq II qrup müharibə əlili olsa da, 1994-cü il atəşkəsinə qədər hərbi xidməti davam etdirib. Döyüş yoldaşları ona cəsarətinə və komandirlik keyfiyyətlərinə görə “Koroğlu” ləqəbi veriblər. 

68 min veteranı birləşdirən təşkilata rəhbərlik edib

Füzuli Rzaquliyev 1994-cü ildə yaradılmış Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsisçilərindən olub və sonrakı illərdə təşkilata rəhbərlik edib.

Onun rəhbərliyi dövründə AVMVİB veteranların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, şəhid ailələrinə dəstək və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyət göstərib.

2020-ci ildə Prezident İlham Əliyevə ünvanladığı müraciətdə Füzuli Rzaquliyev təşkilatın 68 min üzvünün olduğunu, respublikanın şəhər və rayonlarında şöbələrinin fəaliyyət göstərdiyini bildirmişdi.

Birliyin “Veteran TV” internet televiziyası, “Fədai” və digər informasiya resursları da veteranların problemlərinin ictimailəşdirilməsində rol oynayıb. Azərbaycan Prezidentinin Rəsmi Səhifəsi

Oğlu da 44 günlük Vətən müharibəsində döyüşüb

Füzuli Rzaquliyevin oğlu, baş leytenant İlkin Rzaquliyev də 2020-ci ilin Vətən müharibəsində iştirak edib. Füzuli istiqamətində döyüşən İlkin Rzaquliyev yaralanmasına baxmayaraq, müalicədən sonra yenidən cəbhəyə qayıdıb.

O, döyüş xidmətlərinə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Maraqlıdır ki, Füzuli Rzaquliyev 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündən cəmi bir gün sonra, Dövlət Bayrağı Günündə vəfat edib.

Mərhumun qardaşı, döyüşçü jurnalist Xaqani Ədəboğlunun da doğum günü noyabrın 9-na təsadüf edir. AVMVİB-in məlumatına görə, Füzuli Rzaquliyev həmin gün qardaşının məzarını ziyarət etməyi planlaşdırırmış. veteran.az

Füzuli Rzaquliyev hərbi və ictimai fəaliyyətinə görə müxtəlif medallar, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Allah rəhmət eləsin!