Qaynar xətt:

(+99450) 247 90 86

Bu filmdə 2500 hərbçi, 42 XTQ döyüşçüsü çəkilib! - Fotolar - Video 

Bu filmdə 2500 hərbçi, 42 XTQ döyüşçüsü çəkilib! - Fotolar - Video 

CƏMİYYƏT

104

13.10.2026, 09:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan “44” bədii filminin yaradıcı heyəti mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Oxu24.com-un xəbərinə görə, konfransda ekran əsərinin çəkiliş prosesi, istehsal mərhələləri və beynəlxalq əməkdaşlıq barədə məlumat verilib.

“44” filminin bədii rəhbəri Anar Ələkbərov ilk növbədə media nümayəndələrinə, filmin yaradıcı heyətinə və layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, bu ekran əsərinin hazırlanmasında iştirak edən bütün şəxslərin əməyini yüksək qiymətləndirərək, filmin ərsəyə gəlməsini kollektiv zəhmətin nəticəsi kimi dəyərləndirib.

Filmin ssenarisinin hazırlanmasından post-prodakşn mərhələsinin başa çatmasına qədər ümumilikdə beş il vaxt sərf olunub. Bədii və rejissor ssenarilərinin yazılması iki il, çəkilişlərə hazırlıq bir il, çəkilişlər 14 ay, post-prodakşn işləri isə bir il davam edib.

Aktyor İlqar Musayev filmin beş il ərzində ərsəyə gəlməsinin səbəblərindən danışarkən hava şəraitinin təsirini qeyd etməklə yanaşı, aktyorların eyni zamanda çəkilişlərdən əvvəl Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında bir müddət  hərbi-taktiki hazırlıq keçdiyini deyib. Filmin çəkilişlərində Azərbaycan Ordusunun bütün qoşun və qüvvə növləri iştirak edib.

“44 günlük müharibə zamanı bilirdim ki, belə bir film çəkiləcək. Arzulayırdım ki, kaş mənə də bu ekran əsərində kiçik də olsa bir obrazı canlandırmaq qismət olaydı”, – deyə aktyor qeyd edib.

Mətbuat konfransında bildirilib ki, layihənin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnə iştirakçıları, epizodik rollarda çəkilən aktyorlar və digər mütəxəssislər nəzərə alındıqda layihədə iştirak edənlərin sayı bir neçə min nəfərə çatıb. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor və kütləvi səhnələrdə 2000-dək iştirakçı yer alıb. Aktyorlar arasında Vətən müharibəsi iştirakçıları da var.

Belə ki, filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksym Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyevdir. Yaradıcı heyətə həmçinin quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkar Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimov, musiqi prodüseri Vüqar Camalzadə, ikinci rejissor Novruz Paşayev, icraçı prodüserlər Fariz Əhmədov və Nəzrin Qaracayeva, operator Edhar Hryshchuk daxildir.

Rejissor İsmayıl Səfərəli bildirib ki, Vətən müharibəsinin hər günü ayrıca film üçün mövzu ola bilər. O, bu istiqamətdə yeni ekran əsərlərinin çəkiləcəyini və “44” filminin də davamının gələcəyini qeyd edib.

Filmdə Rəşad Xəlilov obrazını İbrahim Çingiz, Zeynəb Özdəmir obrazını Özge Gürel, Ramazan Kərimov obrazını İlqar Musayev, Kamran Əhmədov obrazını İsmayıl Kərimov, Zaur Şamayev obrazını Tərlan Əli, Tərlan Abbaslı obrazını Azər Atakişiyev, Seymur Vəliyev obrazını Elnur Nəcəfov, Elxan Rəsulov obrazını Nadir Rüstəmli canlandırır.

Digər rollarda Türkay Cəfərli, Elmir Dadaşev, Mehrac Əşrəfov, Mehriban Zəki , Qurban İsmayılov, Hikmət Rəhimov, Mahir Dərviş, Əbdülqəni Əliyev, Nuridə Musabəyli və Rasim Abdullayev  yer alıblar.

Özge Gürel bildirib ki, bu hekayənin bir parçası olduğu üçün özünü şanslı hiss edir. O, bir xalqın acısını və mübarizəsini ekran vasitəsilə çatdırmağa çalışdıqlarını vurğulayıb:

“Bu hekayənin bir parçası olduğum üçün özümü çox şanslı hiss edirəm. Bir xalqın acısını və mübarizəsini anlatdıq. Bu duyğuları insanlar həqiqətən yaşayıblar, biz isə onları içimizdə hiss edərək ekran vasitəsilə çatdırmağa çalışdıq. Ümid edirəm ki, bu hissləri izləyicilərə də ötürə biləcəyik. Böyük həyəcan və xoşbəxtliklə çalışdığım bir layihə idi”.

Mehriban Zəki filmdə canlandırdığı rolun böyük məsuliyyət tələb etdiyini, obrazı tamaşaçıya çatdırmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə 130-dan çox məkan çəkilişlərə cəlb olunub.

Filmin istehsalı zamanı 150-dən çox hərbi texnika, aviasiya vasitəsi, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqdan istifadə edilib. Genişmiqyaslı döyüş səhnələrinin çəkilişi üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, pirotexniki vasitələr və xüsusi kaskadyor avadanlıqları tətbiq olunub.

112 saatlıq çəkiliş materialının montajı bir il davam edib. Nəticədə ekran əsərinin 2 saat 38 dəqiqəlik yekun versiyası hazırlanıb.

Filmin istehsalına 13 ölkədən beynəlxalq mütəxəssislər cəlb olunub. Kaskadyorluq, pirotexniki effektlər, səs yazılışı, qrim, musiqinin yazılması, səs dizaynı, kompüter qrafikası və rəng korreksiyası kimi sahələrdə ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər iştirak ediblər.

Filmin kompüter qrafikası ukraynalı mütəxəssislərlə birgə Estoniyanın “UMP” studiyasında hazırlanıb. Bildirilib ki, bu mərhələdə süni intellekt məhsullarından istifadə edilməyib. Post-prodakşn, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri isə Polşanın “FixaFilm” studiyasında həyata keçirilib.

Filmin musiqisinin ilkin yazısı ABŞ-dakı “New York Production Studios”da aparılıb. Daha sonra musiqi Əməkdar artist Eyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb. Yekun miksinq və masterinq işləri Böyük Britaniyanın “AIR Studios” studiyasında görülüb. Musiqi tərtibatı üzrə işlər ümumilikdə 394 saat davam edib.

Filmin səs tərtibatı altı ay ərzində aparılıb. Səs montajı, effektlərin işlənməsi və musiqinin filmə inteqrasiyası ilə yanaşı, ekran əsərinin Dolby Digital 5.1 formatında səsləndirilməsi üzrə işlər də həyata keçirilib.

Görmə imkanları məhdud tamaşaçıların da filmi izləyə bilməsi üçün ekran əsərinin tifloşərhli versiyası hazırlanıb. Premyera nümayişində yüksək keyfiyyətli görüntü və səs təmin etmək məqsədilə müasir proyeksiya və səs sistemlərindən istifadə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq. Filmin gələcəkdə xarici ölkələrdə nümayişi və beynəlxalq kinofestivallarda iştirakı da nəzərdə tutulur.