Qaynar xətt:

(+99450) 247 90 86

Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY

Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY

CƏMİYYƏT

125

12.10.2026, 17:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəb bilik və bacarıqların mənimsənildiyi təhsil müəssisəsi, eyni zamanda şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı, qarşılıqlı hörmət, bərabərlik və birgəyaşayış mədəniyyətinin təməlinin qoyulduğu sosial mühitdir. Bu baxımdan təhsil müəssisələrində tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbli forması məsələsi ilk növbədə uşaqların mənafeyi, onların psixoloji rahatlığı və sağlam inkişafı prizmasından qiymətləndirilməlidir.

Bu fikirləri Oxu24.com-açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, sözügedən mövzuya cəmiyyətin ümumi maraqları və təhsil sisteminin prinsipləri əsasında münasibət bildirilməlidir:

Günay Ağamalı

"Vahid məktəbli formasının tətbiqində əsas məqsəd şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaq, bərabərlik mühitini gücləndirmək, intizamı və kollektiv məsuliyyət hissini formalaşdırmaqdır. Vahid məktəbli formasının tətbiqi dünya təcrübəsində də geniş yayılmışdır. Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Sinqapur, Türkiyə və digər ölkələrin təhsil müəssisələrində vahid geyim qaydaları mövcuddur. Bu təcrübə şagirdlər arasında sosial bərabərliyin, nizam-intizamın, kollektiv mənsubiyyət hissinin və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edir".

Deputat söyləyib ki, məktəblərdə müxtəlif sosial təbəqələrdən olan ailələrin övladları təhsil alırlar:

"Maddi imkanların geyim vasitəsilə nümayiş etdirilməsi bəzi uşaqlarda psixoloji narahatlıq, özünəinamın zəifləməsi və sosial təcrid hissi yarada bilər. Vahid məktəbli forması bu fərqlərin nəzərə çarpmasını aradan qaldırmaqla şagirdlərin özlərini eyni kollektivin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə kömək edir.

Məsələnin digər mühüm tərəfi uşaqların psixoloji inkişafı ilə bağlıdır. Uşaqlıq və yeniyetməlik dövründə sosial mühitin, həmyaşıdlarla münasibətlərin və kollektivə mənsubiyyət hissinin şəxsiyyətin formalaşmasına təsiri böyükdür. Məktəbdə sağlam psixoloji atmosferin yaradılması, şagirdlərin bir-birinə geyiminə, ailəsinin maddi vəziyyətinə və fərdi xüsusiyyətlərinə görə deyil, insani keyfiyyətlərinə, davranışına və biliklərinə görə münasibət göstərməsi əsas prioritetlərdən olmalıdır".

Deputat Məlahət İbrahimqızı isə düşünür ki, Azərbaycanda vahid məktəbli geyimi məsələsi təhsilalanlar arasında sosial fərqlərin nümayişinin məhdudlaşdırılması, məktəb mühitində vahidlik hissinin gücləndirilməsi və uşaqların sosial statuslarından asılı olmayaraq özlərini bərabərhüquqlu hiss etmələri üçün xüsusi əhəmiyyətlidir:

Məlahət İbrahimqızı

"Bu yanaşmanın real nəticələri yalnız geyim qaydalarının mövcudluğu ilə deyil, onların tətbiqində sosial həssaslığın, iqtisadi əlçatanlığın və fərdi hüquqlara hörmətin nə dərəcədə qorunması ilə müəyyən edilir. Azərbaycanda məktəbli geyiminə vahid yanaşma təhsil müəssisələrində ümumi nizam-intizamın və məktəb mühitinin formalaşdırılması ilə əlaqəlidir. Müəyyən edilmiş geyim standartları şagirdlərin xarici görünüşünə dair aydın çərçivə yaradır, məktəbin institusional kimliyini gücləndirir və təhsilalanlarda kollektiv məsuliyyət hissinin formalaşmasına şərait yaradır".

M.İbrahimqızı söyləyib ki, nəticə etibarilə, ümumtəhsil müəssisələrində geyim qaydalarına riayət olunması məktəbdə hər bir uşağa bərabər dəyər verilməsi, sosial fərqlərin ayrı-seçkilik mənbəyinə çevrilməməsi və təhsil imkanlarının hamı üçün əlçatan olması ilə ölçülməlidir.

Deputat Mehriban Vəliyevanın sözlərinə görə, müasir Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifə milli-mənəvi dəyərlərlə dünyəvi dövlətçilik prinsipləri arasında qarşıdurma yaratmaq deyil, onların qarşılıqlı tamamlanmasını təmin etməkdir:

"Təhsil hər bir cəmiyyətin intellektual potensialını, mənəvi dayanıqlığını və gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji sahədir. Bu baxımdan, təhsil sistemində qəbul edilən qərarlar yalnız tədrisin təşkili və idarə olunması ilə məhdudlaşmır, eyni zamanda, cəmiyyətin dəyərlər sisteminə, ictimai münasibətlərə və gələcək nəsillərin dünyagörüşünün formalaşmasına təsir göstərir. Təhsilin dünyəviliyi və vahid məktəbli geyim formasının tətbiqi ilə bağlı məsələlərə də məhz bu geniş kontekstdə yanaşmaq lazımdır".

Mehriban Vəliyeva

O qeyd edib ki, Azərbaycanın təhsil siyasəti milli-mənəvi irsin qorunmasını, müasir elmi biliklərin mənimsənilməsini, hüquqi dövlət və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsini özündə birləşdirən kompleks yanaşmaya əsaslanır.

"Bu yanaşmanın mahiyyəti milli kimliyimizi və tarixi-mədəni irsimizi qorumaqla yanaşı, müasir dünyanın çağırışlarına cavab verən, müstəqil düşüncəli, yüksək bilik və bacarıqlara malik vətəndaşların yetişdirilməsindən ibarətdir".

Mehriban Vəliyevanın fikrincə, dünyəvi təhsil prinsipi təhsilalanların dünyagörüşünün elmi biliklər, rasional düşüncə, qarşılıqlı hörmət və hüquqi məsuliyyət əsasında formalaşmasını nəzərdə tutur:

"Dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşmaq deyil. Əksinə, hüquqi və demokratik cəmiyyət şəraitində milli irsin qorunması, mədəni müxtəlifliyə hörmət və fərqli dünyagörüşlərinə malik insanların dinc yanaşı yaşaması üçün etibarlı institusional zəmin yaradır. Tarixi təcrübə göstərir ki, dünyəvi dövlətçilik dini etiqad azadlığının hüquqi təminatları ilə milli-mədəni müxtəlifliyin qorunması arasında tarazlığın formalaşmasına mühüm töhfə verə bilər".

Milli Məclisin deputatı əlavə edib ki, bu mühitdə geyim məsələsinə münasibət də ümumi təhsil fəlsəfəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

"Şagirdlər üçün vahid məktəbli formasının tətbiqi məktəb mühitində nizam-intizamın möhkəmləndirilməsinə, təhsilalanlar arasında sosial fərqlərin zahiri görünüş vasitəsilə ön plana çıxmasının məhdudlaşdırılmasına və diqqətin tədris prosesinə yönəldilməsinə kömək edə bilər. Eyni zamanda, vahid geyim forması məktəbdə bütün sosial fərqlərin aradan qalxacağına dair mütləq təminat kimi qiymətləndirilməməlidir".

Milli Məclisin deputatı Səbinə Salmanova öz növbəsində "Report"a bildirib ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də gələcək nəsillərin formalaşdığı, uşaqların vətənə sevgi, dövlətə bağlılıq və qanunlara hörmət ruhunda yetişdiyi mühüm ictimai institutdur.

O qeyd edib ki, mühitin qorunması, təhsil işçilərinin nüfuzuna hörmət edilməsi və şagirdlərin təhsil hüququnun təmin olunması hər kəsin məsuliyyətidir:

Səbinə Salmanova

"Məktəblərimizdə dövlətçilik düşüncəsinin, milli-mənəvi dəyərlərə bağlılığın və vətəndaş məsuliyyətinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətə sədaqət, qanunlara hörmət və cəmiyyət qarşısında məsuliyyət ilk növbədə ailədə və təhsil mühitində formalaşır. Bu prinsiplərə zidd davranışlar isə təkcə təhsil prosesinə deyil, bütövlükdə cəmiyyətin sağlam mənəvi mühitinə və ictimai münasibətlərə mənfi təsir göstərir".

Deputat xatırladıb ki, Azərbaycan xalqı Vətən müharibəsi zamanı nümayiş etdirdiyi birlik və həmrəyliklə bütün dünyaya sübut etdi ki, söhbət Vətənin taleyindən və dövlətin maraqlarından gedəndə xalqımız öz dövlətinin ətrafında sıx birləşməyi bacarır:

"Bu Zəfər bir daha göstərdi ki, güclü dövlətin təməlində milli birlik, dövlətçilik ənənələrinə sədaqət və ümumi məqsədlər naminə birgə fəaliyyət dayanır. Məhz bu birliyin qorunması Azərbaycanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin günlərdə nümayiş etdirdiyimiz birlik bu gün də qorunmalı, gündəlik həyatımızda və cəmiyyət qarşısında məsuliyyətimizdə öz əksini tapmalıdır".

Deputat hesab edir ki, hər kəs hər zaman dövlətimizin yanında olmalı, milli maraqlarımızı qorumalı və cəmiyyətimizə kənardan təsir göstərmək, insanları qarşıdurmaya sövq etmək cəhdlərinə qarşı ayıq-sayıq davranmalıdır:

"Yad təsirlərin cəmiyyətimizdə parçalanma yaratmasına, ictimai sabitliyə xələl gətirməsinə imkan verməməliyik. Dövlətçilik ruhunun qorunması, milli-mənəvi dəyərlərimizə sahib çıxılması və qanunun aliliyinə hörmət hər bir vətəndaşın mövqeyində ifadə olunmalıdır".

Milli Məclisin deputatı Kamran Bayramov isə söyləyib ki, Azərbaycanın müstəqil, dinamik inkişaf edən və regional reallıqları müəyyənləşdirən orta güc kimi beynəlxalq aləmdə qazandığı yüksək nüfuz fonunda fiziki təhlükəsizliklə yanaşı ideoloji təhlükəsizliyin təmin edilməsi də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir:

Kamran Bayramov

"Müasir dövrdə xarici mərkəzlər idarə etdikləri media və sosial şəbəkələr vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq hələ dünyagörüşü tam formalaşmamış uşaq və gəncləri təsir altına almağa, tariximizin maarifçi ziyalıları tərəfindən ifşa olunmuş xurafatı yenidən cəmiyyətə sırımağa cəhd edirlər. Məhz bu kontekstdə, "Ümumi təhsil haqqında" qanunda ümumi təhsil siyasətinin əsas prinsiplərindən biri kimi millilik və dünyəviliyin müəyyən olunması dünyəvi təhsil sisteminin inkişafını hüquqi baxımdan təmin edir".

Deputat vurğulayıb ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarına dair edilən əlavələrə əsasən, geyim formasının vahidliyini pozan, eləcə də təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən kənar geyim elementlərindən istifadə edilməsi qadağan olunub.

"Eyni zamanda, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tələblər müəllimlər üçün də sadə, səliqəli, işgüzar üslubda və dünyəvilik prinsipinə uyğun dress-kod müəyyənləşdirib. Şagirdlər üçün vahid formanın, pedaqoji heyət üçün isə korporativ işgüzar üslubun tətbiqi məktəbdaxili nizam-intizamı gücləndirir, sosial-iqtisadi fərqlərdən doğan ayrı-seçkilik risklərini neytrallaşdırır, şagirdlərin diqqətini dərs prosesinə yönəldir və peşəkar iş mühitini dəstəkləyir".