Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda yeni şura: Layihəni təqdim edərkən komitə sədri nələr deyib? 

Azərbaycanda yeni şura: Layihəni təqdim edərkən komitə sədri nələr deyib? 

CƏMİYYƏT

134

16.06.2026, 14:45

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv olunur, bu iki qurumun əsasında Media və Yayım Şurası yaradılır. Bununla bağlı qanun layihəsi iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb. Oxu24.com saytı komitənin sədri Zahid Orucun iclasdakı çıxışının mətnini oxucuların diqqətinə çatdırır:

Azərbaycan mətbuatı özünün 150 illik - bir əsr yarımlıq - tarixi dövrünü yaşayır. Keçilən şərəfli yol Cənubi Qafqaz regionunda ən qədim mətbuat ənənələrindən birinə malik olduğumuzu göstərir.

1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat Zəfərimizdən sonra yeni milli vəzifələr dövrünə, texnoloji və institusional mərhələyə qədəm qoyur.

Milli Məclisin müzakirəsinə çıxarılan yeni qanun layihəsi  "Media haqqında" qanunda dəyişiklikləri nəzərdə tutur.

44 günlük Vətən müharibəsi informasiya məkanında da yeni reallıq yaratdı. Müharibə göstərdi ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi coğrafi, mavi və kiberməkanda - informasiya sərhədlərinin müdafiəsi ilə ölçülür.

Yeni layihə dövlətin milli informasiya məkanını hibrid hücumlardan qorumaq ideyasından qaynaqlanır, qalib informasiya siyasətinin yürüdülməsi, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi istəklərindən irəli gəlir.

2019-cu ildə prezident İlham Əliyev media sahəsində islahatları dərinləşdirdi. Məqsəd ordu ilə yanaşı, informasiya resurslarının səfərəbliyi idi. Ali Baş Komandan müharibənin ağır günlərində həm də informasiya məkanında xüsusi təyinatlı missiya ilə verdiyi 33 müsahibə  düşməni siyasi cəhətdən təksilah etdi, Qələbəmizin legitimliyinin qəbulunda müstəsna rol oynadı.

Lakin Zəfərdən dərhal sonra döyüş meydanında məğlub olanlar ölkəmizə qarşı hibrid və dezinformasiya savaşını daha da gücləndirdilər. Ona görə də tarixi Qələbəmizi qorumaq üçün dövlətimiz media sahəsindəki institusional arxitekturanı gücləndirməyi qərara alır.

Prezident İlham Əliyev medianın inkişafına daim yüksək qayğı və diqqət göstərir, bütün xarici səfərləri və daxili görüşləri, o cümlədən, ilin yekunları və gələcək dövrün strategiyaları məhz media platformaları vasitəsilə dünyaya yayır. USAİD-in ləğvi zamanı üzə çıxan məxfi sənədlər prezidentin hər zaman “yalançı dördlük” adlandırdığı qüvvələri ifşa etdi və dünyada “müstəqil mətbuat yoxdur” tezisinin bir daha sübutu oldu.

Belə bir mühitdə Şərqi Avropa, Yaxın Şərq və postsovet məkanında baş verən qanlı hadisələr beynəlxalq donor şəbəkələrinin informasiya və ictimai-siyasi fəaliyyət sahəsinə müdaxiləsinin qarşısını almağı, şəffaflığı, hesabatlılığı və milli maraqların qorunmasını tələb etdi. Azərbaycan informasiya suverenliyinə zidd olan, qanunsuz maliyyələşmə kanallarına qarşı hüquqi tədbirlər həyata keçirdi.

Хatırladaq ki, ölkəmizdə həyata keçirilən media islahatlarının "yol xəritəsi" olan "Media haqqında" Qanun 2022-ci ildə qəbul edildi. Ötən dövrdə ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində yeni hüquqi aktlar müsbət nəticələrini göstərdi, informasiya coğrafiyamız daha da genişləndi, milli maraqlarımızın müdafiəsində mətbuatın rolu  artdı.

İndi yeni mərhələdə mediada vahid dövlət siyasətinin bir mərkəzdən idarə olunması qərara alınır.

Dünyada informasiya müharibələrinin miqyasının böyüdüyü, süni intellekt texnologiyalarının dezinformasiyanın istehsalı və yayılmasını misli görünməmiş səviyyəyə çatdırdığı bir dövrdə media idarəçiliyinin parçalanmış strukturlarla həyata keçirilməsi artıq özünü doğrultmur. Vahid kommunikasiya siyasəti, Azərbaycanın yeni institusional modelə keçidi həmin  çağırışlara cavabdır.

Hazırda media sahəsində əvvəlki islahatlar çərçivəsində iki qurum fəaliyyət göstərir: Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA). Hər iki qurumun fəaliyyəti bir-birini tamamlayır: Audiovizual Şura media sahəsində lisenziyalaşdırmanı, tənzimləməni və qanunvericiliyə əməl olunmasına nəzarəti, MEDİA Agentliyi isə inkişaf və dəstək funksiyalarını yerinə yetirir.

Lakin müasir dövrün reallığı fərqli yanaşma tələb edir. Dünyada kommunikasiya sistemləri arasında inteqrasiya nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlər artıq silinir. İndi bir media subyekti eyni zamanda həm bir internet saytı, həm YouTube kanalı, həm sosial media hesabı, həm də ənənəvi efir yayımçısıdır. İnformasiya sisteminin əsas sütunu olan mediaya yeni reallıqda vahid yanaşma tələb olunur.

Eyni zamanda, milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb.

Layihəyə görə, "Media haqqında" qanuna dəyişiklik nəzərdə tutulur. Təkliflərin əsas mahiyyəti ondan ibarətdir ki, mövcud Audiovizual Şuranın və MEDİA Agentliyinin strukturları əsasında, kollegial idarəetmə sisteminə malik vahid bir qurum - Media və Yayım Şurası yaradılır.

Nəticədə, "Media haqqında" Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura olacaq. Qurumun səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilir: o, tənzimləmə funksiyası olan lisenziyalaşdırma, Mediar eyestrinin aparılması və qanunvericiliyə nəzərətlə bərabər, həm də inkişaf, dəstək, ictimai rəyin öyrənilməsi  və strateji informasiya siyasəti funksiyalarını vahid mərkəzdə birləşdirir.

Konkret olaraq, Şuraya verilən yeni səlahiyyətlər belədir: media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi; dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi; jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və seminarlar təşkil edilməsi; cəmiyyətdə baş verən hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv işıqlandırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi; dezinformasiyanın yayılmasının qarşısının alınması, aşkarlanması və qiymətləndirilməsi istiqamətində  tədbirlər görmək; dövlət orqanları ilə birgə operativ əlaqələndirmə mexanizmlərinin qurulması; informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyin öyrənilməsi.

Yeni model dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mexanizmlərini eyni institusional  quruma həvalə edir. Beləliklə, media sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqları minimuma endirilir. İnformasiya müharibələrinin sürətləndiyi dövrdə dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır.

Kollegial idarəetmə media sahəsində qərarların qəbulu prosesinin şəffaflığı və balanslaşdırılmış olması üçün effektiv mexanizmdir. Şuranın sədri və iki sədr müavini olacaq, nəticədə idarəetmənin daha geniş əsasda qurulmasına imkan yaranacaq.

Model dünyanın aparıcı dövlətlərində artıq sınaqdan keçən, özünü doğruldan bir yanaşmadır.

Böyük Britaniyada Ofcom - Communications Office - yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir.

Fransada isə CSA - hazırda ARCOM adı ilə fəaliyyət göstərən qurum - audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir.

Təkcə Böyük Britaniya və Fransa deyil, Almaniya, İtaliya, Kanada və Avstraliya kimi ölkələrdə də media tənzimlənməsi ilə strateji kommunikasiya siyasəti arasında koordinasiya mexanizmləri daim gücləndirilir.

İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində, ölkənin informasiya məkanına xarici dövlətlərin sistemli hücumlarının qarşısını almağa, hibrid internet platformaları vasitəsilə kəşfiyyat mərkəzlərinin himayə etdiyi dezinformasiya dalğasının təsirlərini azaltmağa və digər neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparmağa şərait yaradacaq.

Beynəlxalq auditoriyaya çıxmaq və informasiya məkanında suverenliymizi qorumaq sahəsində mühüm fəaliyyətlər həyata keçirilir. Xüsusilə, qlobal medialarla yaxından əməkdaşlıq və birgə layihələr, o cümlədən, ilk beynəlxalq televiziya kanalı kimi yaradılan CBC və Anew Tv eyni vaxtda bir neçə dildə - azərbaycan, rus, ingilis və erməni dillərində - xəbər yayımları aparırlar.

2025-ci ilin sonuna Dövlət Statistika Komitəsinin məlumatına görə,  Azərbaycan Respublikası ərazisində 92 audiovizual media subyekti fəaliyyət göstərir. Onlardan 47 televiziya, 23 radio, 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur. 

Qarabağ və Şərqi Zəngəzur işğal dövründə informasiya blokadasını yaşayırdı, Azərbaycan mediası və yayım sistemləri onilliklərlə doğma məkana daxil ola bilmirdi. Qələbəmizdən sonra Xankəndidən, Şuşadan və digər yaşayış məntəqələrindən yayımlanan televiziya və radio proqramları dövlət suverenliyinin informasiya sahəsində təntənəsidir.

İnternet televiziyaları və YouTube kanalları formatında fəaliyyət göstərən media subyektlərinin sayı son illərdə kəskin artıb, lakin  belə statistik böyümə həmişə keyfiyyət yüksəlişi ilə müşayiət olunmayıb.  Yeni nizamlama və infrastrukturun təkmilləşdirilməsi - qanunun nəzərdə tutduğu Media Reyestri və Şuranın genişləndirilmiş səlahiyyətləri çərçivəsində - günün ən aktual tələblərindəndir.

Media Reyestri son dörd ildə minlərlə media subyektini və jurnalisti əhatə edən bir verilənlər bazasına çevrilib.

Nəhəng məlumat bazaları, monitorinq sistemləri və analitik potensial güclənib. İnstitusional birləşmə nəticəsində ölkəmizin bütün media mühitini - həm efir, həm çap, həm onlayn seqmentini - vahid, real-vaxt rejimində yenilənən mənzərəsini müəyyənləşdirmək mümkün olacaq.

Qanun layihəsinin  əsas ideyasını ən yaxşı Prezident İlham Əliyevin beynəlxalq media platformalarında, xüsusilə Şuşa Qlobal Media Forumlarında səsləndirdiyi fikirlərdə görmək olar. Ölkə başçısı beynəlxalq media diplomatiyasının mərkəzinə çevirdiyi azad torpaqlarda keçirilən çoxsaylı görüşlər və tədbirlərdə milli mətbuatımızın inkişafından razılığını bildirməklə yanaşı, hər zaman vurğuladığı kimi, Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir və  hücumlara ən yüksək səviyyədə cavab verilir.

Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirak etdiyi tədbirlər Azərbaycanın artıq təkcə informasiya istehlakçısı deyil, qlobal media gündəliyinin formalaşmasına təsir göstərən ölkələrdən biri olduğunu nümayiş etdirir.

Yeni Media və Yayım Şurası da həmin beynəlxalq kommunikasiya siyasətinin institusional dayaqlarından biri, Azərbaycanın postmüharibə dövründə qurduğu yeni dövlətçilik modelinin informasiya sahəsində davamı olacaq.

Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sistemi formalaşdırıldığı kimi, eyni prinsiplərlə milli informasiya məkanında da suverenlik, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan yeni institusional təsisat yaradılır.

Beləliklə, yeni qanun layihəsi yalnız media sektorunun struktur yenilənməsi ilə yanaşı, həm də Azərbaycanın milli informasiya məkanının gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji dövlətçilik qərarıdır.