Qaynar xətt:

(+99450) 247 90 86

Şagird sayı 1 milyona düşür! Bizi  nə gözləyir?— Mühüm  AÇIQLAMA  

Şagird sayı 1 milyona düşür! Bizi  nə gözləyir?— Mühüm  AÇIQLAMA  

CƏMİYYƏT

131

28.03.2026, 14:38

15 il əvvəl ölkədə şagird sayı 1,6 milyon idisə, yaxın illərdə bu rəqəmin 1 milyona qədər düşəcəyi proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, 2022/2023-cü tədris ilində 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib.

Məsələ ilə bağlı Oxu24.com- a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, 15 il əvvəl ölkədə şagird sayının 1,6 milyondan, hazırkı statistikaya əsasən, təxminən 150 minə qədər azalmasını müşahidə edirik və hər il ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatında hər il bu sayın aşağı düşməsi rəsmi rəqəmlərdə görünür:

“Beləliklə, həm də Azərbaycanda hazırda doğum sayında azalma, ümumilikdə demoqrafik, yəni əhali artımı sayının azalması dinamikasını göstərir. Yəni 10 ildən sonra qeyd olunur ki, şagird sayı 1 milyona düşəcək. Bu kifayət qədər böyük bir fərqdir. 

15 il bundan qabaq 1,6 milyon şagird sayı məktəblərdə bütövlükdə təhsil alanları əhatə edirdisə, bunun 1 milyona düşməsi, bu çox böyük bir fərqdir. Və bu fərqin səbəbi, nə ilə bağlıdır? 

Qeyd etmək istəyirəm ki, bu, demoqrafik artımın zəifləməsindən irəli gəlir. Ümumilikdə, biz əvvəlki illərlə müqayisədə görürük ki, çoxuşaqlı ailələrin sayı kifayət qədər azalıb. 

Sovet dövründə 10 uşaqlı ailələr var idi, yaxud ondan daha çox uşaqlı ailələr var idisə, artıq bu gün ailələrdə uşaq sayı bir-iki nəfər üstünlük təşkil edir. Görünür ki, bütövlükdə bu tendensiya hələ davam edəcək. Bu da, əlbəttə ki, şagird sayının azalmasına gətirib çıxarır. 

Həmçinin, şagird sayının azalması dərs saatlarının azalması deməkdir. Bu mənada, dərs saatları azalacaqsa, əlbəttə ki, müəllimlərə olan ehtiyac da azalacaq. Digər yanaşmalardan biri müəllim sayının azalması ilə bağlıdır. 4 saat, 5 saat, 6 saat dərs deyən müəllimlərin sayının azalması ümumiyyətlə gündəmdədir”.

Ekspertin sözlərinə görə, dərs yükü az olan müəllimin əməkhaqqısı kifayət qədər aşağı olacaq, bu birmənalıdır:

“Amma zamanında doğru planlama olmadığı üçün müəllimlərin sayı kəskin süni surətdə artırılıb. Bir anlıq təsəvvür edin: 4 saat dərs deyən müəllim, 6 saat dərs deyən müəllim - bu nə dərəcədə mümkündür? Orada keyfiyyət nə olacaq? Müəllimin aldığı əməkhaqqı nə olacaq?

Təbii ki, Elm və Təhsil Nazirliyinin və cənab nazirin də son illərdə bununla bağlı açıqlamaları var və bu açıqlamalar da haqlı olaraq bir daha onu göstərir ki, biz, müəllimlərin dərs yükünü artırmalıyıq. Dərs yükünü artıranda bu nəyin hesabına olacaq? Sertifikasiyadan uğursuz nəticə əldə etmiş müəllimlər məktəbdən uzaqlaşdırılır və onların dərsləri daha çox nəticə əldə etmiş müəllimlərə paylanılır. Bu, müəllimlərin sayının azalmasına gətirib çıxaracaq.

Müəllimlərin sayının azalmasında iki faktor önəmlidir:

1. Şagird sayı azalır, dərs saatları azalır, sinif sayı azalır.

2. Qeyd etdiyim kimi, az saat dərs yükünə malik olan müəllimlər əgər yaxşı nəticə (sertifikasiyada) qazanıblarsa, aşağı nəticə qazanan müəllimlərin dərs yükü onlar arasında paylanır.

Beləliklə, artıq məktəblərdə ştat vahidlərinin süni şəkildə artırılmasının qarşısı alınır. Bu mənada, mən bununla bağlı rəsmi statistik məlumatlara malik deyiləm, amma yanaşma belədir. Yanaşma odur ki, bəli, müəllimlərin dərs yükü artırılsın. Müəllimlərin dərs yükünün artırılması yanaşmasını hesab edirəm ki, doğru yanaşmadır. Bu, həm də müəllimi məktəbə bağlayır, həm də müəllimi daha çox öz üzərində işləməyə sövq edir. Müəllim başa düşür ki, gələcəkdə onu həm də biliyinin, savadının ölçülməsi prosesi - yəni sertifikasiya gözləyir. Ona görə müəllim daha çox öz üzərində işləməyə, peşəkarlığını artırmağa maraqlı olur və beləliklə, bu, nəticədə birbaşa keyfiyyətə təsir göstərir.

Digər tərəfdən, müəllim sayının azalmasına təsir edən üçüncü faktor isə az şagird tutumu olan ucqar kəndlərdəki məktəblərin bağlanması və ya birləşdirilməsi məsələsidir. Əslində burada məktəblərin bağlanması məsələsi deyil, bu, daha çox optimallaşma prosesindən irəli gəlir. Çünki, şagird sayı (məsələn, ucqar bir kənddə 10 şagird var), az şagirdlə məktəbi saxlamaq mümkün deyil. Eyni zamanda, o kiçik şagird tutumlu məktəblərin birləşdirilməsi ona gətirib çıxarır ki, artıq müəllimin dərs yükü artır.

Artıq bu proses başlanıb. Müəllimlərin dərs yükü artacaq, digər tərəfdən müəllimlərin sayı azalacaq. Və bu azalma qorxulu deyil, çünki, bir daha qeyd edirəm, bizə keyfiyyətli müəllim və keyfiyyətli təhsil lazımdır.

Bu yaxınlarda Elm və Təhsil Nazirinin bir açıqlaması olmuşdu və nazir haqlı olaraq qeyd edirdi ki, müəllim yaxşı dərs keçmirsə, onun maaşının artımı təbii ki, birmənalı olaraq belədir. Və cəmiyyət buna bir qədər hədəf-hədəf belə, bəzi insanlar buna təbii ki, pis yanaşdılar, amma mən hesab edirəm ki, bu, çox doğrudur. 

Bütövlükdə optimallaşdırma və digər tərəfdən müəllim sayının süni şəkildə artırılmasının qarşısının alınması, daha çox savadlı müəllimlərin həm də əməkhaqqına münasibətdə differensial yanaşma bütövlükdə bir neçə ildən sonra, mən hesab edirəm ki, öz bəhrəsini verəcək.

Birləşmədə kimisə ixtisara salmaq məqsədi güdülmür. Əlbəttə ki, birləşmə o hədəflərdir ki, 10 şagirdli bir məktəb mümkün deyil. Amma zamanında belə məktəblər olub. O məktəblərə çəkilən xərclər, o məktəblərin saxlanmasına çəkilən xərclər… az şagird olacaqsa, dərs saatı da az olacaq”.

-Şagird sayının azalması məktəblərin bağlanmasına və ya birləşdirilməsinə səbəb ola biləcəkmi? 

-Əlbəttə ki, ola biləcək. Və mən əhalinin sayının azalmasını, demoqrafik azalmanı mən yaxşı qəbul etmirəm. Çünki, bizim əhalinin sayının artımına əslində ehtiyacımız var. Azərbaycan inkişaf edən ölkədir, Azərbaycan iqtisadiyyatı güclənir. Amma hesab edirəm ki, zamanla bu məsələ öz yerini tapacaq. Sadəcə bir qədər son dövrlərdə olan bir zərərli tendensiya ona gətirib çıxarıb ki, şagird sayı azalır. Şagird sayı azalanda bəzən məktəblərin birləşdirilməsi məsələsi gündəmə gəlir”,-deyə ekspert əlavə edib. 

Çimnaz Telmanqızı