Əhaliyə 1000 manat PAYLANACAQ? — RƏSMİ AÇIQLAMA
26 Fevral 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
139
26.02.2026, 11:15
34 il əvvəl xəyanət etmək, cinayət törətmək, adam öldürmək, torpaq işğal etmək, təcavüzkarlıq, bədxahlıq kimi xislətli erməni və rus hərbi birlikləri silahsız, dinc xalqımıza qarşı bağışlanılmaz xəyanət etdi.
Həmin günü həyatınınn ən acı faciəsi və sağalmaz yarası kimi yaşayan Xocalı sakini, jurnalist Mübariz Hacılı fikirlərini Oxu24.com-a danışıb.
M.Hacılı bildirib ki, bir həftə Ağdamda qalmağıma baxmayaraq, Xocalıya keçə bilmədim:” Quru yol bağlı olduğuna görə Xocalıya yalnız helikopterlə getmək mümkün idi. Buna görə hər gün Ağdam hava limanına gedib Xocalıya uçmaq üçün helikopter gözləsək də, nəticə dəyişmirdi. Hər gün eyni sözü eşidirdik: “Bu gün də uçuş olmayacaq”.
Əmim institutdan qovulacağımdan çox narahat idi. Ona görə israr edirdi ki, Bakıya - universitetə qayıdım. Sonda bir neçə günlük Bakıya qayıtmağa razı oldum.
Səhər saat 8 radələrində bir nömrəli tramvaya minib Dövlət Neft Akademiyasına dərsə gedirdim. Yanımda dayanan iki nəfərdən biri əlində tutduğu qəzeti mənim də eşidə biləcəyim şəkildə yanındakı şəxsə oxuyurdu: “Ermənilər bu gecə Xocalıya hücum edib, hazırda döyüş gedir, artıq Xocalı üç şəhid verib”. Əvvəl inanmadım. Bunu məni tanıyan birinin yersiz zarafatı kimi qəbul etdim. Qeyri-ixtiyari qəzeti kobud şəkildə həmin adamın əlindən alıb ucadan oxudum: “Ermənilər Xocalıya hücum edib…” Bu cümlədən sonra nitqim tutuldu. Qəzeti sahibinə qaytarıb, sağollaşmadan tramvayın qapısını döydüm. Dayanacaqdan kənar olsa da, sürücü tramvayı saxlayıb qapını açdı. Tramvaydan düşüb nə edəcəyimi düşünürdüm. Ağlıma heç nə gəlmirdi. Bir anlıq başa düşdüm ki, Ağdama getməliyəm. Ancaq pulum az idi. Piyada universitetə gedib qohumumdan pul aldım və avtovağzala yollandım.
Avtovağzalda Xocalıdan olan tələbələr toplaşmışdı. Onlarla razılaşdıq ki, taksi ilə Ağdama gedək. Lakin heç bir taksi Ağdama getmək istəmirdi. Artıq xəbər yayılmışdı ki, Xocalı işğal olunub, rus-erməni hərbi birləşmələri Ağdama doğru irəliləyir. Kənardan bəziləri təsəlli verərək gözləməyi tövsiyə edirdi. Təkcə taksilər deyil, avtobuslar da Ağdama getməkdə maraqlı deyildi. Bu vəziyyəti görən bir “İkarus” sürücüsü (hər dəfə yadıma düşəndə o sürücüyə dua edirəm- M.H.) dedi: “Gəlin, mən sizi Ağdama aparım”. Hamımız sevinclə avtobusa minib Ağdama yola düşdük. Sanki zaman donmuşdu, avtobus getmirdi. Arada qabağa keçib sürücünün görməyəcəyi şəkildə sürətölçənə baxırdım - 90 km/saat. Deməli, avtobus normal sürətlə gedirdi, sadəcə mən hiss etmirdim.
Həmin gün sanki Allah da Xocalı sakinlərindən üz döndərmişdi…
Axşam saatlarında Ağdama çatdıq. Qar elə yağırdı ki, göz-gözü görmürdü. Bir metr aralıda dayanan adam qarşısındakını tanıya bilmirdi. Çətinliklə də olsa, taksi tapıb Sarıhacılıya - əmimgilə getdim. Həyətdə xeyli adam vardı. Hamı məni qucaqlayıb təsəlli verməyə çalışırdı. Onları duysam da, eşitsəm də, nə baş verdiyini anlamırdım. Ta ki, böyük bacımın “Ay qardaş, atam hardadır?” - deyə qışqıraraq ağlamasından sonra atamdan xəbər olmadığını başa düşdüm. Əmioğlu Tahir, Məhəmmədəli, bibim oğlu İlham və digər qohumlardan da xəbər yox idi. Sonralar İlham və Məhəmmədəli gəldilər. Lakin əmioğlu - Hacıyev Tahir Hacı oğlundan bu günə qədər xəbər yoxdur. Atam - Hacıyev Qənahət Məhəmmədəli oğlu 47 gün əsir qaldıqdan sonra azad edildi.
Ağdamda olan hər kəs kimi qohumlar, dostlar silahlanıb Əsgəran istiqamətindəki sərhəd kəndlərinə gedərək itkin düşənlərlə bağlı məlumat toplamağa çalışırdılar. Ancaq ümidverici heç bir xəbər olmurdu. Ermənilərin əlindən qaçıb Ağdama pənah gətirən xocalıların sayı demək olar ki, artıq yox idi. 72 saat qarda, şaxtada insan sağ qala bilər? Qaçaraq canını qurtaranların isə soyuqdan, aclıqdan taqəti kəsilmişdi. Buna baxmayaraq, imkan daxilində meşədə, dağlarda gördükləri adamlar barədə qohumlarına məlumat verməyə çalışırdılar. Artıq əsirlərin olması ilə bağlı xəbərlər dolaşırdı. O dövr üçün bu, çox böyük ümid idi.
Bir neçə gündən sonra Ağdam Xalq Cəbhəsinin binasında Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərliyi ilə qərargah yaradıldı. İlkin nəticələr bəlli idi. İndi əsas məqsəd əsirləri azad etmək üçün yollar tapmaq idi. Ermənilər mümkün qədər Xocalı sakinlərini — uşaq, qoca, qadın demədən qətlə yetirmişdilər. Xüsusilə əlində silah olanları, gəncləri tərəddüd etmədən güllələmişdilər. Qalanlarını isə Azərbaycan cəzaçəkmə müəssisələrində olan ermənilərlə dəyişmək məqsədilə əsir götürmüşdülər.
Artıq Xocalı sakinlərinin Allahverdi Bağırovun yaratdığı qərargahın qarşısına toplaşaraq məlumat almağa çalışması gündəlik hala çevrilmişdi. Səhər yuxudan oyanan hər kəs özünü bura yetirirdi. Allahverdi Bağırov Xocalı faciəsinin təşkilatçılarından olan Vitali Balasanyanla əlaqə yaradaraq əsirlərin dəyişdirilməsini həyata keçirdiyinə görə xocalıların son ümid yerinə çevrilmişdi.
Çox ağır mənzərə idi. Əsgərandan gələn maşınlar Xocalı sakinlərinin meyitlərini Ağdam Cümə məscidinə gətirirdi. Adamlar maşınlara doğru elə ümidlə qaçırdılar ki, sanki hərbi xidmətini başa vurub evə dönən oğullarını qarşılayacaqdılar. Qışın şaxtasında qalan cəsədlər tanınmaz hala düşmüşdü. Bəziləri paltarına görə, bəziləri xalına, bəziləri isə sifətində və ya boğazında olan çapığa görə doğmasını tanıyırdı. Kişilərdən fərqli olaraq qadınların naləsi göylərə yayılırdı. Həmin gecə olduğu kimi, sonrakı günlərdə də səsimiz Allaha çatmadı. Bəlkə də çatdı, amma O, özünü eşitməməzliyə vurdu…
Həmçinin oxuyun
Xocalı sakinlərinin ən böyük arzusu doğmasının meyitini parçalanmamış halda tapmaq idi. Çünki erməni terrorçuları dağda, dərədə, əkin sahələrində qalan meyitlərə sonradan da işgəncə vermişdilər. Şaxta bir tərəfdən, işgəncə digər tərəfdən cəsədləri tanınmaz hala salmışdı. Hər dəfə məscidə meyit gətiriləndə hamı həyətə axışırdı. Mən orada doğmasının meyitini tapıb Allaha dua edənləri gördüm. Ən çətin an isə doğmasının meyitini tapan insanın sevincini digərlərindən gizlətməsi idi. Axı ətrafdakıların doğmalarından xəbər yox idi. Onların yanında sevinmək olmazdı.
Doğmasının meyitini tapana “gözün aydın” deyildiyini də mən Ağdam Cümə məscidində eşitdim. Ananın balasının meyitini tapdığı üçün havalanıb rəqs etməsini də bu məsciddə gördüm. O zaman bunu çoxları başa düşmürdü…
Məhz bu səbəbdən dedim ki, Ağdam Cümə məscidi Xocalı sakinlərinin həm ümid yeri, həm də ümidlərinin öldüyü məkana çevrilmişdi- deyə vurğuladı.
Əntiqə Rəşid
12:49 / 26 Fevral 2026
57
12:47 / 26 Fevral 2026
17
12:44 / 26 Fevral 2026
17
12:40 / 26 Fevral 2026
31
12:27 / 26 Fevral 2026
70
12:13 / 26 Fevral 2026
31
12:05 / 26 Fevral 2026
34
11:43 / 26 Fevral 2026
507
11:38 / 26 Fevral 2026
316
10:32 / 26 Fevral 2026
43
10:31 / 26 Fevral 2026
51
10:04 / 26 Fevral 2026
49
09:57 / 26 Fevral 2026
52
09:53 / 26 Fevral 2026
69
09:52 / 26 Fevral 2026
68
09:50 / 26 Fevral 2026
55
08:57 / 26 Fevral 2026
69
08:56 / 26 Fevral 2026
89
08:01 / 26 Fevral 2026
163
02:59 / 26 Fevral 2026
272
02:40 / 26 Fevral 2026
182
01:46 / 26 Fevral 2026
156
00:19 / 26 Fevral 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.