Qaynar xətt:

(+99450) 247 90 86

Suyun qiyməti ilə bağlı iqtisadçı vacib məqamları AÇIQLADI: Kənd təsərrüfatına...

Suyun qiyməti ilə bağlı iqtisadçı vacib məqamları AÇIQLADI: Kənd təsərrüfatına...

CƏMİYYƏT

214

19.02.2026, 10:59

Dünən mediada suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edildiyi barədə xəbərlər yayıldı.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etmədiyini açıqladı. Amma məlumat yayılmışdı ki, Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur. 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli mövzu ilə bağlı  Oxu24.com-un suallarına cavab verib.  

-Akif müəllim, əgər doğrudanda suyun qiymətlərində artım olarsa, bu ictimaiyyət üçün hansı çətinlikləri yarada bilər?

-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etmədiyini açıqlasa da, ictimaiyyətdə yeni tarif artımı ilə bağlı məlumatların yayılması narahatlıq yaradıb. Gündəlikdə olduğu iddia edilən təklifə əsasən, diferensial tarif sistemi tətbiq oluna bilər və istehlak həcmi artdıqca qiymət də yüksələ bilər. 

- Daha sadə dillə desək?

-Əgər doğrudan da içməli suyun qiyməti artırılarsa, bu ilk növbədə əhalinin sosial rifahına təsir edəcək. Su əsas həyat tələbatıdır və onun bahalaşması xüsusilə aztəminatlı ailələr üçün əlavə maliyyə yükü yaradar. Artım birbaşa kommunal xərclərin yüksəlməsi deməkdir və bu da ümumi inflyasiya fonunda ailə büdcələrinə əlavə təzyiq göstərər. 

Bu gün biz inflyasiyaya qarşımübarizə apardığımızı deyirik, amma bütün istehsal proseselarində iştirak edən suyun qiymətini inzibati qaydada artırmağa hazırlaşırıq. Su və enerji daşıyıcılarının bahalaşması bütün istehsal prosesini, yəni məhsulun maya dəyərini bahalaşdırır. 

-Suyun qiyməti qalxarsa bu əkin-biçin işlərinə də təsir  edə  bilərmi?

-Kənd təsərrüfatına gəlincə, söhbət içməli sudan gedirsə, birbaşa təsir məhdud ola bilər. Çünki aqrar sektor əsasən suvarma suyu sistemindən istifadə edir. Lakin kənd yerlərində əhalinin kommunal xərclərinin artması dolayısı ilə kənd təsərrüfatı ilə məşğul olan ailələrin xərclərinə təsir göstərə bilər. Bu baxımdan tamamilə təsirsiz qalacağını demək düzgün olmaz, amma ciddi struktur böhran da gözlənilmir. Limit tətbiqi və yüksək diferensial qiymət siyasəti sosial baxımdan mübahisəlidir. Su strateji və sosial resursdur. 2021-ci ilin fevralında su və kanalizasiya xidmətlərinin qiyməti artıq iki dəfə artırılaraq 50 qəpikdən 1 manata qaldırılıb. Biz suyun qiymətinə yenidən baxmaq istəyiriksə, deməli dolayısı ilə etiraf edirik ki, son 5 ildə 100%-dən çox inflyasiya gedib. Çünki 5 il əvvəl suyun qiyməti 100% bahalaşmışdı. Bu qədər qısa müddətdə yenidən artımın gündəmə gəlməsi iqtisadi əsaslandırma və şəffaf izah tələb edir.

- Heç iri şəhərlərdə, Bakıda, Sumqayıtda əhaliyə verilən suyun tərkibi də  ürəkaçan deyil…

 -Əgər xidmət keyfiyyətində ciddi irəliləyiş, itkilərin azaldılması və infrastrukturun yenilənməsi ilə bağlı konkret nəticələr göstərilmirsə, əlavə artım ictimai etimadı zəiflədə bilər. Bakıda verilən suyu təmizlənmədən, birbaşa içmək mümkun deyil. Əhali ona razı  olar ki, qiyməti artırın, amma doğrudan da təmiz - içməli su verin. Bu gün Dövlət Su Ehtiyatları Agentliyi həmin tələbi yerinə yetirmək imkanına malikdirmi? Əlbəttə yox... Deməli, suyun qiymətini qaldırmağa da əsas  yoxdur. Suya limit tətbiqi yalnız israfın qarşısını almaq və resursun qorunması baxımından əsaslandırmaga çalışırlar. Amma biz bazar iqtisadiyyatı modelini qurmuşuqsa, bu düşüncədən əl çəkməliyik. Bazar iqtisadiyyatında hamı daha çox istehsal etməyə və daha çox satmağa çalışmalıdır. Yəni, hər şey kommersiya üzərində qurulmalıdır. Su satan çalışmalıdır ki, vətəndaş daha çox su alsın, nəinki ona qənaət etsin. Çünki hər litrdə su satanın qazancı var. Qiymət artımı sosial ədalət prinsipi, real gəlir səviyyəsi və alternativ mexanizmlər nəzərə alınmadan həyata keçirilərsə, bu qərar ciddi tənqid doğuracaq. Dövlətin əsas vəzifəsi vətəndaşın fundamental ehtiyaclarına çıxışını çətinləşdirmək deyil, daha səmərəli idarəetmə və itkilərin azaldılması yolu ilə balans yaratmaqdır.

Əntiqə Rəşid