Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi: Dəyişikliklər nədir?

news/2026_02_10/1739552447_milli_meclis_yeni_1_1770716241.jpg

CƏMİYYƏT

1029

10.02.2026, 13:32

Milli Məclis bu gün bir sıra qərarlar qəbul edib.Həmin dəyişiklikləri təqdim edirik:

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır.

Oxu24.com-un  xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Qeyd edilir ki, hər bir uşağın vicdan azadlığı var və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, hər bir uşağın vicdan, fikir və söz azadlığı var. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

***

Milli Məclisin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi 8 fəsil, 63 maddədən ibarətdir.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir, azadlıq və şəxsi toxunulmazlıq hüquqları genişləndirilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Layihəyə görə, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik də müəyyənləşir. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər. Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

Qanun layihəsinə əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.

Layihəyə görə, təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.

İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Prokurorlara yeni səlahiyyət verilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində mülki prosesdə iştirak etmək üçün buraxıla bilməz.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə qanunla nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və ya təqsirləndirilən şəxsə, yaxud mülki cavabdehə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” qanuna da təklif olunur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclis Cinayət və Cinayət-Prosessual məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Məlumat verilib ki, hazırkı qanun layihəsinin əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili hüquq sisteminə tam inteqrasiya etməkdir.

Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" ise "elektron verilənlər" terminləri ilə əvəz edilir. Bu, smartfonlardan tutmuş bulud infrastrukturuna qədər bütün müasir vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsini təmin edir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.

Qeyd olunub ki, Cinayət-Prosessual Məcəlləsinə (CPM) edilən əlavələr elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir. Bu dəyişikliklər elektron sübutların etibarlılığını, yolverilənliyini və məhkəmədə qiymətləndirilməsinin şəffaflığını artırmağa xidmət edəcək.

Bundan başqa, CPM-ə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunmuşdur. Həmçinin, məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq" sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclis asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılmasını son oxunuşda qəbul edib.

Bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü iclasında müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xatırladaq ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycana 2023-cü ildə 591 ton asbest və 30 min 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 min 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib.

Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

***

Milli Məclis sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycanın təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsilinin dövlət tərəfindən qarşılanmasını qəbul edib.

Bununla bağlı "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi" Qaydasının 8.2-ci bəndinə əsasən yenidən hazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün dəlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.

Sənəddə qeyd edilib ki, bu xüsusda, sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsində dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklər edilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.