Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ – Növbəti ildən...
05 Dekabr 2025, 15:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
491
27.10.2025, 14:21
24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin bir neçə nəfər şagirdi iştirak edirdilər.
İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin açılışına həsr olunmuş tanıtım tədbirini Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar xanım Babaxanova açaraq, bu möhtəşəm hadisə üçün hər kəsi təbrik edib və sözüməktəbin qurucusu və direktoru Şərqiyyə Məmmədovaya verdi.
Şərqiyyə Məmmədova illər öncə mənfur qonşularımızın işğalçılıq siyasətinin nəticəsi olaraq blokada şəraitində işsizlikdən, elektrik enerjisinin yoxluğu və s. səbəblərdən əziyyət çəkən Naxçıvan Muxtar Respublikası vətəndaşlarının qardaş Türkiyə Cumhuriyyətinin müxtəlif bölgələrində, o cümlədən İstanbul şəhərində məskunlaşması, qanuni yaşamaq haqqına sahib ola bilməmələri səbəbi ilə təhsildən kənarda qalmalarından danışmışdır. Həm də bu mühacirətin uzun sürməsi, yeni yaranan ailələrdən dünyaya gələn uşaqların da nə Azərbaycan vətəndaşı, nə də Türkiyə vətəndaşı olmamaları, ümumiyyətlə, həyatda mövcud olduqlarını sübut edən heç bir sənədləri olmaması səbəbi ilə məktəb yaşları çatdığı zaman məktəbə gedə bilməmələrindən, təhsildən kənarda qalmaları nəticəsində hərbi xidmətə gedən 18 yaşına çatmış oğlanların adını yazıb imzasını çəkə bilməməsindən danışdı.
Şərqiyyə xanım qeyd etdi ki, “Mən Azərbaycanda "Maarifçi Qadınlar " İB-nin sədri, 40 ildən artıq pedaqoji təcrübəyə malik XIX-XX əsrin maarifçilərinin davamçısı olaraq ölkəmizin gələcəyi, təməl qurucuları olacaq bu övladlarımızın kütləvi savadsızlığına biganə qala bilmədim, böyük çətinliklərlə qatlaşaraq bu məktəbi qurdum. İstanbulda yaşayan, Azərbaycanda ali məktəbi bitirmiş peşəkar müəllimləri bir araya gətirdim. Əlbəttə ki, dildə çox asanca səslənən bu "məktəb qurmaq" məsələsi çox məşəqqətli, enişli-yoxuşlu yollardan keçdi. Düşünürdüm ki, bir gün gələcək dövlətimiz bu uşaqlara şəxsiyyət vəsiqəsi də verəcək, Azərbaycan vətəndaşı pasportunu da asanlıqla verəcək, ancaq 15, 18 yaşına çatan uşaqlar məktəbə gedib parta arxasında otura, təhsil ala bilməyəcək.
Heç bir sənədi olmayan uşaqları bir araya gətirdim, fədakar müəllimlərimizin sayəsində 5000 minə yaxın məktəbyaşlı azərbaycanlı balasını oxudub gözlərinə işıq verdik. Onlardan 4 mindən artıq məktəblimiz vətənə gəlib təhsillərinə davam etdilər. Ali məktəbdə oxuyanlarımız var.
Hal-hazırda məktəbimizdə 500 şagird təhsil alır. Kitablar, tədris ləvazimatları mövzusunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014-cü ildən üzü bəri bütün təhsil naziri vəzifəsini icra edən nazirləri, təhsil Azərbaycan tədris proqramları əsasında olduğu üçün, lazım olan bütün tədris ləvazimatlarını məktəbimizə veriblər. Məktəb jurnalları, şəxsi işlər də daxil olmaqla. Həmin kitablar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 9 -10 ildir “Azərbaycan Hava Yolları” şirkəti tərəfindən ödənişsiz olaraq İstanbula çatdırılır.
Azərbaycana gələn hər bir məktəbli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014-cü il 06 noyabr tarixli “Uşaqların (şagirdlərin) umumtəhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi Qaydaları”nın 4.4.3 və 4.4.3.1 1-ci və 11-ci sinifdə oxuduğu iddia edilən şagirdin müvafiq təhsil sənədini təqdim etməsə belə, oxuduğu sinifi bitirdiyi səviyyədə biliyi müvafiq komissiya vasitəsi ilə yoxlanılır və məktəbin müvafiq sinfinə qəbul edilir. Bu ilə qədər mövcud qərara əsasən İstanbuldan gələn şagirdlərimiz Bakı şəhərində bu mərhələni müvəffəqiyyətlə keçərək qaldıqları yerdən təhsillərinə davam edirlər.
Ancaq Naxçıvanın Təhsil naziri Elxan Nəcəfov təhsil naziri olduqdan sonra ailələrinin, uşaqların qara günləri başladı. Biz şagirdləri Bakıya gətirir, burada “Təhsil haqqında” Qanunu bilən, Bakıda və Abşeron rayonunda, ümümiyyətlə, Azərbaycanın bütün rayonlarının təhsil şöbələrində çalışan təcrübəli, öz işini mükəmməl bilən mütəxəssislərin sayəsində hər bir məktəbli təhsilə cəlb edilmiş və edilməkdədir”.
Şərqiyyə xanım hal-hazırda zalda oturan 5 şagirdin də Elxan Nəcəfov tərəfindən təhsildən qovulub Bakı şəhərinə sürgün edilən şagirdlərin də çox əziyyət çəkdiklərini də vurğulayıb.
Tədbirdə uzun illər Hüseyn Cavidin Ev Muzeyinin direktoru işləmiş filologiya rlmləri doktoru Gülbəniz xanım Babaxanlı İstanbulda açılan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbininin açılışına həsr olunmuş tədbirin çox gözəl bir günə, dahi şəxsiyyət, mütəfəkkir H.Cavidin doğum gününə təsadüf etdiyini, bu məktəbin fəaliyyətini sosial şəbəkələrdə uzun illərdir izlədiyini, məktəbin qurucusu Ş.Məmmədovanın heç bir zaman Azərbaycana gələn məktəbliləri unutmadığını, onları dəfələrlə H.Cavidin Ev Muzeyinə gətirdiyini qeyd etdi, belə bir mühüm və müqəddəs işi ərsəyə gətirdiyi üçün Şərqiyyə xanıma təşəkkür etdi.
Tədbirdə filologiya elmləri doktoru, Cavidşünas Lütviyyə Əsgərzadə böyük şəxsiyyət, dahi mütəfəkkir H.Cavidin 143-cü doğum ilində Türkiyə kimi nəhəng bir dövlətdə açılan rəsmi bir təhsil ocağına bu dahi şəxsiyyətin adının verilərək əbədiləşdirilməsinin çox möhtəşəm və sevindirici xəbər olduğunu qeyd etdi, H.Cavid haqqında maraqlı xatirələrini bölüşdü.
Filologiya elmləri doktoru, professor, uzun illər Şamaxı rəsədxananın müdiri vəzifəsində çalışmış Əyyub Quliyev Nikolay Çernix tərəfindən 1978-ci ildə kəşf edilən, Marsla-Yupiter arasında hərəkət edən kataloqlarda 6262 nömrəsi ilə qeyd edilən və bu barədə Beynəlxalq konfranslarda vəsadət qaldırılmasından (Əyyub Quliyev və Klim Çyryumov tərəfindən) 1997-ci ildə Cavid kiçik planeti adının verilməsindən danışıb, İstanbulda açılan Azərbaycan məktəbinə Hüseyn Cavid adının verilməsinə, bu adın Türkiyə Milli Eğitm Bakanlığının rəsmi saytında yer almasının müstəsna möhtəşəm bir hadisə olduğuna diqqət çəkib.
Tədbirdəki ziyalılardan “Ədəbiyyat” qəzetinin redaktoru Şərvaz Hüseynoğlu çıxışı ilə diqqət çəkərək, Hüseyn Cavidə hesr etdiyi şeirlərindən parçalar səsləndirib, ürək sözlərini söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun dosenti Elçin Muradxanlı H.Cavidə, onun yaradıcılığına olan maraq və sevgisindən danışıb, İstanbulda H.Cavidin adını daşıyan bir məktəbin açılması münasibətilə təbriklər söyləyib.
Bakıda 193 saylı məktəbin riyaziyyat müəllimi, illərdir kitabları, onlayn rejimində şagirdlərimizin riyazi biliklərinin artırılmasına dəstək olan, Vətən ovladlarının təhsilli şəxslər kimi yeməsinə xidmət göstərən, məktəbi canlı olaraq ziyarət edən Elbrus Hüseynov ürək sözlərini söyləmiş, Hüseyn Cavid adına məktəbin şagirdlərini və müəllimlərini təbrik etmiş, bunun böyük bir hadisə olduğunu qeyd etmişdir.
Tədbirdə Respublikanın tanınmış ziyalısı, dövlətçiliyimizin qurulmasında, möhkəmlənməsində xüsusi xidmətləri olmuş, görkəmli şairimiz Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli də məktəbin möhtəşəm bir hadisə olduğunu vurğulayıb, təbriklərini dilə gətirib.
İstanbulda H.Cavid adına məktəbi rəsmi dövlət qeydiyyatından keçirməyə nail olmuş məktəbin təsisçisi və müdiri, filologiya elmləri doktoru Ş.Məmmədovanı təbrik edən tədqiqatçı alim Nazir Əhmədli onun fədakar və yorulmaz əməyindən, qarşısına çıxan çoxsaylı problemləri həll etməsindən danışdı. Qeyd etdi ki, Ş.Məmmədova indiyə qədər təhsildən kənarda qalan 4 mindən çox uşağı məktəbə cəlb etmiş, hazırda isə həmin məktəbdə 600 şagird təhsil alır. N.Əhmədli təhsilini davam etdirmək üçün vətənə qayıdanlara Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun göstərdiyi qəddar və Azərbaycan qanunlarına zidd münasibətini qınadı.
Tədbirdə iştirak edən şagirdlərdən birinın anası Nəzakət Tağıyeva Naxçıvanın Təhsil naziri Elxan Nəcəfovun Türkiyədən gələn uşaqlara qarşı etdiyi haqsızlıqdan, qanun pozuntularından tədbir iştirakçılarına danışdı və bəzi nüanslara diqqət çəkdi. Hal - hazırda nazir Nəcəfovu məhkəməyə verdiklərini söylədi.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fidan Nəsirova çıxış edərək qeyd etdi ki, “Bu tədbirin məhz Ulu Cavid ruhunun məskənində, bu müqəddəs məkanda keçirilməsi zərurətdən doğan ilahi istiqamətləndirilmədir desək, yəqin ki, yanılmarıq. Qeyd edim ki, düşüncə, təfəkkür şəhidi Cavid Əfəndinin genetik kodunun davam etməməsi damarlarında türk qanı axan, uca ulusun etnik kimliyinə sahib hər bir azərbaycanlı üçünhəm də bir kədər, ağrı-acıya assosasiya olub həmişə. Lakin bu gün bu tədbir Ulu Cavidin adına, amal və əqidəsinə layiqelm, bilik, təhsil uğrunda edilən mücadilələr fonunda içimizdəki dərin yaraya bir məlhəm oldu sanki. Şərqiyyə xanımın timsalında Cavid əfəndinin mənəvi övladlarının varlığı dinən dərdlərimizi sakitləşdirdi sanki.
Mən Türkiyə-Azərbaycan məktəbi, onun təlim-tədris sahəsindəki uğurları, qardaş ölkədə kiçikyaşlı həmyerlilərimiz üçün yaratdığı imkanlar və bu məbədin ideya müəllifi, təsisçisi, qurucusu Şərqiyyə xanımın yorulmaz, fədakar və prinsipial fəaliyyəti haqqında hələ 2023-cü ildə anam Bakı Dövlət Universitetinin müəlliməsi Əsmətxanım Məmmədovadan eşitmişdim. O zaman Ümummilli Lider H.Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın bir qrup tanınmış ictimai-siyasixadimləri, alim və ziyalıları H.Cavid adına Türkiyə-Azərbaycan məktəbinə səfər etmiş, bu tədris ocağının çoxşaxəli fəaliyyəti, Azərbaycanın tanınması adına dar imkanlar çərçivəsində gördüyü titanik miqyaslı işlərlə yaxından tanış olmuşdular. Bu gün mən anamın sevinc və qürurla danışdığı bol təəssüratların bir daha canlı şahidi oldum. İçindəki Vətən sevgisinə, iradə əzminə görə Şərqiyyə xanıma təşəkkür borcumuz var. Digər tərəfdən, məktəb tərəfindən təqdim olunan sənədlərin qanuniliyinin şübhə altına alınması, tanınmaması məndə bir vətəndaş kimi təəssüf hissi doğurur. Elmin, təhsilin yolunda yaşıl işıq yandırmaq cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir kəsin ən müqəddəs vicdani borcudur. Savadlanmaya heç vəchlə əngəl yaratmaq olmaz! Mən düşünürəm ki, elmə, təhsilə, biliyə, ziyaya yol açmaq, mövcud problemlərin həllinə dəstək üçün istək və tələblərin icmalından ibarət məktub tərtib olunmalı, ölkə ziyalıları bu məktubu imzalamalıdır. Biliyin, elmin təbliği–Cavid əqidəsinin təbliği, Cavid missiyasının davamıdır!”
Həmçinin oxuyun
15:07 / 05 Dekabr 2025
1
15:00 / 05 Dekabr 2025
18
14:52 / 05 Dekabr 2025
48
14:32 / 05 Dekabr 2025
44
14:28 / 05 Dekabr 2025
280
14:24 / 05 Dekabr 2025
43
14:01 / 05 Dekabr 2025
42
14:00 / 05 Dekabr 2025
102
13:48 / 05 Dekabr 2025
423
13:21 / 05 Dekabr 2025
48
13:18 / 05 Dekabr 2025
51
13:12 / 05 Dekabr 2025
46
13:02 / 05 Dekabr 2025
67
12:53 / 05 Dekabr 2025
253
12:46 / 05 Dekabr 2025
59
12:41 / 05 Dekabr 2025
514
12:36 / 05 Dekabr 2025
84
12:34 / 05 Dekabr 2025
409
12:32 / 05 Dekabr 2025
39
12:32 / 05 Dekabr 2025
42
12:22 / 05 Dekabr 2025
56
12:03 / 05 Dekabr 2025
1782
11:55 / 05 Dekabr 2025
57
11:48 / 05 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.