Son günlər ordumuzun, igid əsgərlərimizin göstərdiyi şücaət hər kəsdə sevinc, qürur hissi yaşadır. Cəbrayılın düşmən tapdaqlarından azad olunması xalqımızı, Cəbrayıl sakinlərini daha da qürurlandırdı.
Oxu24.com xəbər verir ki, Big.az saytının əməkdaşı Türkiyədə yaşayan, Cəbrayılda doğulan məşhur aktrisamız Məlahət Abbasova ilə əlaqə saxlayıb.
Məşhur serialların tanınmış siması olan aktrisamız doğma vətəninin işğaldan azad olunması ilə bağlı fikirlərini bizimlə bölüşüb:
"Mən də vətənimdən uzaqda olan bir azərbaycanlı kimi hadisələr mənə də təsir edir. Xalqımla bərabər ağlayıb, onlarla birgə gülürəm. Bu gün xalqımız nə hisslər keçirirsə uzaqda olub ondan on qatını mən keçirirəm. Amma son günlər sevindirici xəbərlər məni də çox sevindirdi.
Ana vətənim olan Cəbrayılım azad olunması məni inanılmaz dərəcədə sevindirdi. Əsgərlərimizin şücaəti, şanlı ordumuzun mətanəti, gücü məni çox qürurlandırır. Ordumuza ilham verən cənab prezidentimiz İlham Əliyevə, vitse prezidentimiz Mehriban Əliyevaya qardaş Türkiyədən bütün soydaşlarımız adından təşəkkür edirəm. Yaxşı ki, onlar var. Yaxşı ki, bizim şanlı ordumuz var. Biz dünyaya gücümüzü göstərdik.
Biz mətanətli, səbrli xalq olduğumuzu dünyaya sübut etdik. Güclü bir dövlət başçısına, onun arxasında güclü bir xalq durduğunu göstərdik. İnanıram ki, Ali Baş Komandanın başçılığı ilə bütün Qarabağı azad edəcəyik. O zəfər, sevinc hisslərimizi ən qısa zamanda Şuşada bayram abu-havasında keçirəcəyik. Hamımız Şuşa dağlarına gedib "xarıbülbül" çiçəyini toplayacağıq. Çünki onlar bizim üçün biz onlar üçün darıxmışıq.
Əlbəttə ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bizim yanımızda qardaşdan daha yaxın olması Türkiyədə yaşayan azərbaycanlıları çox qürurlandırdı. Mən öz adımdan Rəcəb Tayib Ərdoğana, Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirirəm. Arxamızda duran bütün türk dünyasına təşəkkürümü bildirirəm.
Biz bir yumruq şəklində birləşmişik və Azərbaycanın arxasındayıq. Bu işdə Azərbaycanın Diaspor üzrə Dövlət Komitəsinin də əməyi böyükdür. Mənim ən yaxınlarım bu gün ön cəbhədə düşmənlə üz-üzə savaşdadı. Bu gün mən onlara ancaq dua edirəm. Allah onları qorusun".
Oxu24.com
ŞƏRHLƏR