Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5416
az

"Qoy, Ermənistan bu xülyalarla yaşamasın..." - İlham Əliyev Milli Məclisdə çıxış edir

10:2522 Sentyabr, 2018
994
SİYASƏT
  • A
“Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir”

Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib. Prezident vurğulayıb ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir: “Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir”.

Ölkə başçısı bildirib ki, münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq, - bir milyondan çox insan bu münaqişədən əziyyət çəkir, - Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir. Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir.

“Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu, bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı. Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır".

Prezident çıxışında əlavə edib: "Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər. Bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər”.

Dövlət başçısı qeyd edib ki, Ermənistanda gedən proseslərə baxdıqda istər-istəməz müəyyən paralellər meydana çıxır:

“1992-ci ildə də Azərbaycanda hakimiyyətə insanlar meydanlardan, küçələrdən gəlmişdilər. Onların heç bir təcrübəsi, siyasi biliyi yox idi. Onlar iqtisadiyyatın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə elementar davranış qaydalarını gözləmirdilər. Nəticədə Azərbaycan xalqı o hakimiyyətə cəmi bir il dözə bildi və ondan sonra onlar siyasi səhnədən birdəfəlik çıxarıldılar. Ermənistanda da biz eyni mənzərəni görürük. Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur, heç bir təcrübəsi olmayan insanlar bu gün Ermənistanın taleyini həll edirlər. Yeni hökumət tərəfindən atılan addımlar onu göstərir ki, bu adamların heç bir biliyi, hazırlığı yoxdur və bu, nəinki Ermənistan üçün, bölgə üçün böyük təhlükə mənbəyidir. Bir tərəfdən, - mən bunu artıq bir dəfə demişəm, - indiki Ermənistan hakimiyyəti nə qədər çox hakimiyyətdə qalsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki o, mövcud olan problemlərin üstünə problemlər gətirir. Onsuz da Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.

Prezident diqqətə çatdırıb ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın.

"Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir”, - Azərbaycan prezidenti bildirib.

Ölkə başçısının sözlərinə görə, Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur:

"Əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir. Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO