Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5084
az

Tehran görüşündə Ərdoğanla Putin arasında gərginlik yaşandı - Liderlər bir sözə görə mübahisə etdi

09:1508 Sentyabr, 2018
4526
SİYASƏT
  • A
Türkiyə prezidenti yekun bəyannamədə İdliblə bağlı “atəşkəs” sözünün açıq yazılmasını istədi, Rusiya prezidenti isə bununla razılaşmadı;

Elxan Şahinoğlu: “Bu görüşdə aparılan müzakirələr göstərdi ki, Türkiyə-Rusiya-İran birliyi çox kövrəkdir”


Sentyabrın 7-də Tehranda Türkiyə, Rusiya və İran prezidentləri arasında zirvə görüşü baş tutub. Sammitdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı Həsən Ruhani və ardınca Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilib.

Oxu24.com  xəbər verir ki, zirvə görüşündə ilk geniş çıxışı Putin edib. O, İdlibdə müxtəlif terror qruplarının olduğunu və onların zərərsizləşdirilməsinin vacibliyini deyib. Putin bildirib ki, böhranın ağrısız həll edilməsi vacibdir: “Davamlı sülhün bərqərar olması üçün çox işlər görülməlidir, insanlar yavaş-yavaş barışa doğru addım atır. Beynəlxalq birlik də buna dəstək olmalıdır. Bizim əsas məqsədimiz terrorçuları təmizləməkdir. Onların mülki şəxslərin arxasına sığınaraq, Suriyanın qanuni hakimiyyətinə qarşı fəaliyyətinə yol vermək olmaz”.


Putin çıxışında bir çox məsələlərə də toxunub. O, əmin olduğunu bildirib ki, bu görüşdən müsbət sonluqlar alınacaq.

Putindən sonra isə Ruhani sözü türk həmkarı Ərdoğana verib.

Türkiyə lideri Ərdoğan vurğulayıb ki, Astana razılaşmasına sadiq qalınmalıdır. O, ümid etdiyini bildirib ki, bu görüşdə arzulanan nəticələr əldə ediləcək: “Biz Afrin və digər bölgələri terrorçulardan təmizlədik. Məqsədimiz qaçqınların evlərinə təhlükəsiz qayıtmasını təmin etmək idi, bunu da etdik.  Ancaq zamanla gərginliyi məqsədli artıranlar var. Türkiyə olaraq biz Astana razılaşmasının riskli hala gəldiyini görürük. İdlib bizim üçün həm də bir milli təhlükəsizlik məsələsidir”.

Ərdoğan qeyd edib ki, İdlibə hər hansı bir hücum böyük fəlakətə yol açacaq, böyük köç olacaq: “Oradan milyonlarla insan bizim sərhədimizə sığınacaq. Biz əsla İdlibin qan gölünə dönməsini istəmirik. Bunun üçün də İran və rusiyalı dostlarımızdan dəstək gözləyirik. Burada baş verəcək toqquşma böyük qətliama, qana, köçə səbəb olacaq. Biz bunu istəmirik. Biz Suriyada vəziyyət normallaşana qədər varlığımızı davam etdirəcəyik”.

Ərdoğan İran və Rusiya liderlərinə İdlibdəki vəziyyətlə bağlı təklif verib.  O deyib ki, İdlibdəki müşahidə məntəqələrini genişləndirmək, liberal müxaliflərə həmin məntəqələrdə yer vermək olar: “Sizlərdən bizim də həssaslığımız anlayacağınızı gözləyirik”.

Ərdoğan PKK/YPG-nin fəaliyyətinə də toxunub və ABŞ-ın bu qrupa dəstəyini pisləyib. Eyni zamanda Suriyada kimyəvi silah tətbiqinə də toxunub.

Türkiyə lideri bundan sonrakı zirvənin Rusiyada baş tutacağını vurğulayaraq, deyib ki, həmin zirvəyə böyük ümidlərlə gedəcəklərinə inanır.

İran prezidenti Ruhani isə çıxışında deyib ki, Suriyada məqsədləri sülh və barışıqdır: “Biz Suriyada böyük mərhələdən keçdik. Ən önəmlisi odur ki, artıq terrorçu qrupları danışdıran, onları qoruyan ölkələr artıq əvvəlki mövqelərini itiriblər. ABŞ və sionist qruplar terrorçulara silah verdi, onları dəstəklədi, ancaq görürük ki, artıq onlar çökür. Onlar məqsədlərinə çata bilməyəcək. Bu, önəmlidir.

İndi Suriyada iki vacib məsələ var: Qalan terrorçuların zərərsizləşdirilməsi; Suriyada yeni dönəmin başlanması, konstitusiyanın qəbulu, demokratik, sivil dövlət sisteminin yaradılması...".

Ruhani deyib ki, İdlib məsələsini elə həll etmək gərəkdir ki, orada nə terrorçu qalsın, nə də xalq əziyyət çəksin: “İdlib bütün terrorçulardan təmizlənməlidir. Bu terrorçular mülki şəxslərin arxasında gizlənirlər. Bütün çabalarımız buna yönəlməli, xalqı qorumalıyıq” .

O, Fəratın sahilində ABŞ-ın dəstəklədiyi YPG qüvvələrinin də problem olduğunu deyib: “Burada da problemlər var. Bu da ABŞ-ın yaratdığı problemdir. Bizim istəyimiz Amerikanın bu bölgəni tərk etməsi, bütün xalqların yurdlarına rahat qayıtmalarıdır”.

Ruhanidən sonra yenidən  söz alan Ərdoğan İdlibdəki bombardmanın dərhal dayandırılmasını istəyib: “Çünki artıq oradan köç başlayıb, bizim sərhədimizə doğru gəlirlər. Bizim artıq qaçqın qəbul etmək limitimiz dolub, biz onları yerləşdirə bilməyəcəyik. Buna bizim nə gücümüz, nə də imkanımız var. Ona görə atəşkəs əldə olunmalı və bundan sonra birgə tədbirlər planı hazırlaya və  müvafiq addımlar ata bilərik. Bizim son sözümüz atəşkəsin dərhal həyata keçirilməsidir”.

Bundan sonra Putin söz alıb.

O qeyd edib ki, Suriyanın ərazi bütövlüyü tam təmin edilməli və qanuni hakimiyyət bütün ərazilərinə nəzarət etməlidir: “Prezident Əsəd Suriyanın gələcəyi üçün qurulan Ana Yasa Komitəsində kimlərin təmsil olunacağının siyahısını verib. Müxaliflər də bu siyahını konkretləşdirib, verməlidir. Bu, Suriyanın gələcəyinin, onun ərazi bütövlüyünün və sair məsələlərinin təminatı olacaq. Bundan başqa, həm hərbi, həm də diplomatik əlaqələr bir-biri ilə əlaqələndirilməlidir. Hazırda Suriyada yenə də terrorçular qalıb, onlar hər an hər addım ata bilərlər. Biz onlara qarşıyıq, onlara imkan verə bilmərik. O üzdən müzakirələr davam etməlidir”.

Bundan sonra Ruhani bir daha deyib ki, elə edilməlidir ki, həm terrorçular ayaq açmasın, həm də xalq zərər görməsin: “Bunun üçün mütəxəssislərimiz daha çox işləməlidir. Məsuliyyətimiz çox böyükdür. Hamımız çalışmalıyıq ki, Suriyanın konstitusiyası yenidən yazılsın, artıq burada qanuni yolla hakimiyyətin təminatı həllini tapsın”.

Sonda Ərdoğan bir daha söz alaraq, növbəti dəfə atəşkəsdən danışıb: “Biz bu gün burada atəşkəs əldə edərsək, bu, zirvənin qələbəsi olacaq, xalq rahatlanacaq...”.

Sonda Ruhani Tehran bəyannəməsi haqda məlumat verib.

Ancaq Ərdoğan bəyannamənin 3-cü maddəsinə etiraz edib və bildirib ki, burada “atəşkəs” sözü açıq yazılmalıdır: “Bu söz əlavə olunarsa, daha yaxşı olar”.

Putin isə bununla razılaşmayıb. O, bunu ərazidə terrorçu qrupların fəaliyyəti ilə əlaqələndirib: “Həmin bənddə hər üç ölkənin məsuliyyəti aydın göstərilib”.

Ərdoğan isə belə olan halda deyib ki, zirvədən bütün terror qruplarına, o cümlədən YPG-yə də silahları yerə qoymaq çağrışı edilməlidir. Ruhani bu məsələdə ona dəstək verib və belə bir çağırış edib.

Bununla da zirvə yekunlaşıb və 12 maddəlik Bəyannamə qəbul edilib.

Bundan sonra liderlər mətbuata birgə açıqlamalar veriblər.

Dünyanın diqqətlə izlədiyi sammitdən dərhal sonra müxtəlif fikirlər meydana çıxıb. Xüsusilə Qərbin hər üç ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların əsas müzakirə mövzusu olmaması ciddi suallar doğurub.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a sammitin nəticələrini bu cür şərh edib: “Türkiyə, Rusiya və İranın iştirakı ilə bağlı xeyli müddətdir ”Astana prosesi" cərəyan edirdi. Bu prosesi davam etdirmək çətin idi. Çünki Rusiya və İran Suriya rejiminə dəstək verir, Türkiyə isə Bəşər Əsədi qanuni prezident saymır. Buna baxmayaraq, hər 3 dövlət Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkədə terrorizmə son qoyulmasını istəyir. Digər tərəfdən İblib ətrafında yaranan gərgin vəziyyət Türkiyəni haqlı olaraq narahat etməyə başladı. Çünki İdlibdə 3 milyon suriyalı yaşayır, ora davamlı bombardman olunsa xeyli mülki vətəndaş öləcək və qaçqınlar Türkiyəyə axın edəcəklər. Məsələnin başqa tərəfi də var. Suriya ordusu İdlibi nəzarət altına aldıqdan sonra Türkiyə ordusunun Suriyadan çıxarılmasını daha qətiyyətlə tələb edəcək. Hazırkı şərtlər daxilində isə bu Türkiyənin maraqlarına cavab vermir. Çünki Türkiyə ordusu Suriyanın Qərb bölgələrini tərk etsə, həmin ərazilər terrorçu PKK-ya bağlı qrupların nəzarəti altına keçəcək. Üç ölkənin prezidenti bu şərtlər daxilində Tehranda görüşdülər. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ölkəsinin qırmızı cizgilərini rusiyalı və iranlı həmkarlarına anlatmağa çalışdı. Ancaq məndə belə təəssürat yarandı ki, Ərdoğanın narahatlıqları diqqətə alınmadı. Ərdoğanın Tehranda Rusiya və İran prezidentləri qarşısındakı çıxışından gəldiyim nəticələr bunlardır:

Birincisi, Ərdoğan Rusiya və İranla dostluğu vurğuladı, ancaq Türkiyənin maraqları nəzərə alınmadan İdlibin vurulmasının Ankaranın Astana prosesindən uzaqlaşa biləcəyi ilə nəticələnəcəyinə eyham vurdu. Çünki hava bombardmanları nəticəsində həm xeyli mülki vətəndaş öləcək, həm də milyonlarla suriyalı yenə Türkiyəyə axın edəcək. Ona görə də Ərdoğan İdliblə bağlı yeni üçlü plan hazırlanana qədər Rusiyaya atəşkəs təklifi etdi və bu təklifini düz 3 dəfə söz alaraq təkrarladı. Putin Ərdoğanın bu təklifinə xeyli dirəndi, atəşkəslə razılaşmadı. Ərdoğan güzəştə gedərək, “onda heç olmazsa İdlibdə terrorçulara silahları buraxmasına çağırış edək” təklifini irəli sürdü. Putin bu dəfə etiraz etmədi. Bu o deməkdir ki, Rusiya İdlibi bombardman ideyasından vaz keçməyib.

İkincisi, Rusiyanın İdlibə yaxın hərbi bazalarının təhlükəsizliyinə təminat veririk, Suriyanın silahlı müxalifəti həmin bazalara hücum etməyəcəklər. Ancaq buna da Kreml inanmır.

Üçüncüsü, Ərdoğan izah etməyə çalışdı ki, İdlibdə kimyəvi silahdan istifadə edilsə, bu hər şeyin sonu olacaq. Yəni Ərdoğan Qərb ölkələri kimi kimyəvi silahdan istifadə mövzusuna həssas yanaşdığını göstərdi. Bəşər Əsəd rejiminin və ya terrorçuların kimyəvi silahdan istifadə etməyəcəyinin təminatı yoxdur.

Dördüncüsü, Ərdoğan Rusiya və İran prezidentlərinə Amerikadan şikayət etdi. Ərdoğan Amerikanın terrorçu kürd təşkilatlarına tonlarla yük daşıdığını vurğuladı. Ərdoğan bunu İran və Rusiya prezidentlərinə ona görə xatırlatdı ki, onlar da Amerika kimi terrorçu kürd təşkilatlarına dəstək verməyi ağıllarına gətirməsinlər. İran və Rusiya prezidentlərinin Ərdoğanın qırmızı cizgilərini diqqətə alacağını yaxın gələcəkdəki proseslər göstərəcək. Məsələni qəlizləşdirən budur ki, bombaların ağlı olmur, terrorçu ilə müxalifət və mülki vətəndaş arasında fərq qoymur, hamını qırır. Türkiyənin İdlibdə terrorçularla silahlı müxalifəti necə ayıracağı da asan məsələ deyil. Tehran görüşü Astana prosesi üçün ciddi sınaqdır. Maraqlıdır ki, Ərdoğan nitq söylərkən Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarından fərqli olaraq gözləri türkiyəli həmkarında deyil, əvvəlcədən hazırladığı mətndə idi. Tehran görüşü göstərdi ki, Türkiyə-Rusiya-İran birliyi çox kövrəkdir. Əslində Tehran görüşü canlı yayımlanmamalı idi. Prezidentlər bir-birini salamlayandan sonra görüş qapalı müstəvidə keçirilməli idi. Rusiya tərəfi iddia edir ki, İran televiziyasının prezidentlərin görüşünü canlı yayımlayacağı əvvəlcədən razılaşdırılmamışdı. İran tərəfi də səhv etdiyini boynuna alır. Ancaq Tehran efiri qəsdən də açıq tuta bilərdi. Məqsəd Türkiyə ilə Rusiya arasında İdliblə bağlı fikir ayrılığını ortaya qoymaq idi. İran prezidenti Ərdoğanla Putin arasındakı mübahisəyə qarışmadı".

Politoloq bu görüşdə Qərb tərəfindən hər üç ölkəyə qarşı tətbiq edilən sanksiyaların müzakirə edilməməsi ilə bağlı bunları dedi: “Bu, Tehranda müzakirə predimeti deyildi. Görüşün müzakirə mövzusu sadəcə İdlib idi”.

“Yeni Müsavat”

QEYD: SAYTDA ƏLVERİŞLİ QİYMƏTƏ REKLAM VERƏ BİLƏRSİNİZ.AYLIQ CƏMİ 100 AZN. ƏLAQƏ: [email protected] Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO