Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.
Bu barədə
oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə müdafiə naziri Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Düşmənlə qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını, qarşıda duran vəzifələri, eləcə də, düşmənin istənilən təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri şəxsi heyətə çatdırıb.
Hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək işğal altında olan torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını bildiriblər.
Oxu24.com
ŞƏRHLƏR