Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2295
az

"Aşbazlar bilərəkdən əsgərləri qarın ağrısına salmışdılar" - Snayperçi qadından sensasion müsahibə

11:5728 May, 2018
5021
SİYASƏT
  • A
  Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”

 
Lent.az-ın “Zəriflərin savaşı” layihəsində müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.

Layihənin növbəti qonağı Azərbaycanın ilk snayper və kəşfiyyatçı qadını, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifovadır.    


***

... Qəribə qadındı. Bir cisimdə iki ruh gəzdirir sanki – qadın və kişi. Hərdən qadın ruhu kişini qovur bədənindən. Onda qadınlar kimi kövrək olur, bircə sözdən, baxışdan gözləri dolur, ağlayır. Bir də əksər qadınlar kimi, o da çiçəkləri çox sevir. Özü də lap çox. Evini, ofisini müxtəlif dibçəklərlə bəzəyib, həyətinə ətirli qızılgüllər əkib. Heç kim də o çiçəklərə toxuna bilməz. Özü əkir, qulluq edir, böyüdür. Övladı kimi...

 
Hərdən də kişi ruhu kobudluq eləyib, qadın üzərində hökmünü göstərir. Hərdən deyirəm, amma bu “hərdənlər” daha çox olub həyatında. Hələ məktəb illərindən kişilərin maraq göstərdiyi idman növlərilə məşğul olub, daha çox kişilərə xas məşğuliyyətlərə can atıb, kişilərə xas işlərdə çalışıb.

 
... Qəribə qadındı. Bildiyimiz qadın tipindən fərqli, qeyri-adi qadın. Və bu qəribəlik bütün ömrü boyu zaman-zaman özünü göstərib – işdə, ailədə, döyüşdə... Oxuduqca özünüz də şahid olacaqsız.



... Qəribə qadındı. Və bu qəribəlik elə doğulduğu ilk andan üzə çıxıb. Məlum olub ki, ürəyi solda yox, sağdadı, daxili orqanları tərs yerləşib.

   

Elçiliyə gələn qadınları döyən “dəli qız”


1952-ci ildə Bakıda dünyaya gəlib. “Sovetski”də “Dağlı” məhəlləsində 9 uşaqlı, qatı dindar, mühafizəkar ailədə böyüyüb. Hələ 5 yaşından döyə-döyə namaz qılmağa məcbur ediblər. Məktəbə getməyə icazə verməyiblər. Ta 9 yaşında milis işçisi qapını döyüb, “qızı məktəbə göndərməsəniz, sizi həbs edəcəyik” xəbərdarlığını edənə qədər. Beləcə, 9 yaşında 1-ci sinfinə gedir. Dərslərdən daha çox idmana maraq göstərir, hərbi idman növündən dərəcələr qazanır. 14 yaşında namazın “daşını” atır. Çarşablanmaqdan, ailə qurmaqdan isə söhbət belə, gedə bilməzdi. Xatırlayır ki, hələ 8-ci sinifdə oxuyanda 5 çarşablı qadın onlara elçi gəlir. Anası “Növrəstəni dayım oğluna göbəkkəsdi eləmişik”, - deyib elçiləri yola salır. Növrəstə də qadınların dalınca həyətə düşür və onlardan üçünü tutub döyür. Ondan sonra da ad çıxır ki, “Xanımın qızı dəlidi”.


Orta məktəbi bitirəndən sonra təsadüfən Bakı Maliyyə Kredit Texnikumuna daxil olur, mühasib kimi işləyir. “Semaşko”da mühasib işlədiyi dövrdə eşidir ki, idarələr arasında bir neçə idman növü üzrə yarışlar keçirilir. O da atıcılığı seçir. Əlinə silahı ilk dəfə onda alır. 2 günlük məşqdən sonra 10 günlük yarış olur və ikinci yerə çıxır. Bir il sonra - 1975-ci ildə yenidən yarışa qatılır və həvəskar atıcılar arasında respublika müsabiqəsində 1-ci yeri tutur.

Ailə həyatı isə elə əvvəldən alınmır. Toyuna 1 ay qalmış heç vaxt görüşmədiyi göbəkkəsdisi, anasının dayısı oğlu qəfil rəhmətə gedir. Onunla ilk və son dəfə xəstəxanada görüşüb danışır. Bir də 31 yaşında xalasının, ətrafın təkidindən bezib, qonşusuyla ailə qurur. Amma övladı olmur. Bir neçə il sonra ərinin xəyanətini eşidir və ərizə yazıb boşanır. 2-ci dəfə də başqa qonşusuyla evlənir. Onun da xəyanətini eşidəndən sonra dərhal boşanır. Və qadınlığını bir kənara qoyub, həyatına övladsız, ailəsiz davam edir...

 
Ölümdən qaçış...

  
Onu Qarabağa aparan yol isə azadlıq hərəkatından başlayır. O günlərdən bir xatirəni danışır:

 
- 1989-cu il dekabrın 26-dan 27-ə keçən gecə idi. Bulvardakı qüllədə göstərilən saat da yadımdadı – 04:05-də Azadlıq meydanı rus əsgərlər tərəfindən zəbt olundu. Bizi yerə oturdub, əhatəyə aldılar. Hamını əllərindəki şitlə döyməyə, təpikləməyə başladılar. Təzə palto geyinmişdim, baxan elə bilərdi ki, ülgüclə cırıblar. Bizi döyəndən sonra Abşeron mehmanxanasına tərəf dəhliz açdılar. Ayağa qalxdıq, özü gəzə bilənləri həmin dəhlizdən keçirməyə başladılar. Amma yenə də vura-vura. Gördüm 6 avtobus dayanıb. Hamını doldururdular avtobuslara. Bizi 5-ci avtobusa mindirdilər. Mindirdilər nədi, eləcə itələyib doldurdular. Kim kimin üstündəydi bilinmirdi, yer yox idi, bir ayağım üstə dayanmışdım. İçəridə əli avtomatlı dörd hərbçi də vardı. Deyilənə görə, bizi Bayıldakı həbsxanaya aparırdılar. Səməd Vurğun bağının yanına çatanda avtobus xarab oldu. Kimsə dedi ki, vurun əclafları, çıxaq burdan. Əsgərləri vurub qapıları sındırdılar, özümüzü atdıq çölə. Amma hərbçilər özlərinə gəlib, arxadan atmağa başladılar. Nə qədər adam öldü. Təsadüfən sağ qaldım, qaçıb xilas oldum. Ondan bir ay keçmədi, 20 yanvar hadisələri oldu.

 
Hədəfə dəyməyən ilk güllə

 
O hadisədən bir az sonra mühasiblikdən istefa verir. Sürücülük kursuna gedib maşın sürməyi öyrənir. Başqa bir kursa yazılıb, kişilərə xarakterik olan - tikintidə qülləli krançı sənətinə yiyələnir. Bu işdə çalışan yeganə azərbaycanlı qadın olur. İlk dəfə oxuduğu 158 nömrəli məktəbin əlavə korpusunun tikintisində işləyir. Elə orda çalışdığı vaxt televizorda əsasən Əfqanıstanda olmuş təcrübəli döyüşçülərdən ibarət Birinci Şıxov batalyonunun təşkil olunduğunu eşidir. Və həmin batalyona yazılmaq üçün yola düşür:


- Avtobusa minib, getdim Şıxov çimərliyinə. Xeyli axtardım, batalyonu tapmadım. Batalyonu axtardığımı işdə deyəndə yoldaşlarım Müdafiə Şurasına getməyi məsləhət gördülər. İşdən müvəqqəti azad olunmaqla bağlı ərizə yazıb getdim Şuraya. Amma mühafizəçilər heç qapıdan da buraxmadılar. 4 ay əziyyət çəkdim orda, getdim-gəldim. Fevralın 26-da Xocalı hadisəsi baş verdi, sarsıntı keçirdim. Bir gün orda gözləyəndə gördüm Rəhim Qazıyev gəldi. Qaçıb üstünə şığıdım və onu təhqir etdim ki, mən döyüşə getmək istəyirəm, niyə qoymursuz? Rəhim Qazıyevin sürücüsü Əli dayı bir az sonra gəlib dedi ki, danışdım, səni qəbul edəcəklər. 1 həftə də keçdi, martın 17-də Şuranın Qərargahının rəhbəri Etibar Məmmədov məni qəbul etdi. Dedim, maşın sürə bilirəm, atıcılıq üzrə birinci yeri tutmuşam, idmanın əksər növləri üzrə dərəcələrim var, iynə vura bilirəm, bir çox dərmanları tanıyıram. Əsgərlərin də mən sarıdan nigarançılıqları olmayacaq, 2 metr arxada quyu qazıb, orada gizlənəcəm, şəraitə uyğun hərəkət edəcəm. Əsir düşsəm, özümü öldürəcəm. Qulaq asandan sonra dedi, aşağı düş, sənə hərbi paltar versinlər. Həkimdən arayış, boşandığım, övladımın olmadığı haqda sənədləri təqdim etdim, hərbi paltar aldım. Bildirdilər ki, Novruz bayramından sonra, martın 21-də saat 9-da burada olun, gedəcəksiniz. Aptekdən bildiyim dərmanları, iynələri aldım, dəyişək paltar, hətta quyu qazmaq üçün bel götürdüm, yol üçün yemək hazırladım. Evi qonşuya tapşırıb, çıxdım. Səhər saat 6-da artıq ordaydım.


Bizi avtobusa mindirdilər, amma hara getdiyimizi demədilər. Laçını keçəndən sonra bildim ki, Şuşaya gedirik. Çünki 1975-ci ildə xəstəxanada mühasib işləyəndə bizi Şuşaya sanatoriyaya göndərmişdilər. Orda qaldığım 24 gündə Şuşanı tək başdan-ayağa gəzmişdim, hər cığırına bələd idim. Cabbar Qaryağdıoğlunu görmüşdüm, Xan əminin qapısını döyüb, əlindən su içmişdim. Qacarın gizləndiyi mağaraya getmişdim. Arxayın oldum ki, hara desələr, tək gedə biləcəm. Müdafiə Şurasında demişdilər ki, özünü doğrulda bilməsən, qayıdacaqsan. Ona görə çalışırdım özümü göstərə bilim. Martın 23-də məni Şişqayaya apardılar. Ermənilərin hücumu dəf olunan zaman snayper tüfəngi əldə olunmuşdu. Ağaca ip asdılar, o snayperi də verdilər ki, atım. Atdım, amma hədəfə dəymədi, 4 metr sağ tərəfə fərq verdi. Elə bildilər nişan ala bilmirəm. Başqa döyüşçü də atdı, alınmadı, gördülər snayperin iynəsi düz işləmir.

 
Aşbazlar bilərəkdən əsgərləri qarın ağrısına salmışdılar


Növrəstə xanım deyir ki, əvvəl-əvvəl şərait xeyli çətin idi. Xüsusən də qadın üçün əlverişli deyildi. Amma sonradan əl gəzdirib, babat şərait yaradırlar.

- Şuşada tək döyüşçü qadın mən idim. 2 nömrəli internat məktəbin binasında yaşayırdıq. Ayrı otağım yox idi. Hamımız eyni otaqda qalırdıq. Yataq yox idi deyə yerdən cərgəylə döşək salıb, paltarlı yatıb-dururduq. Yataqları sonradan gətirdilər. Həyətdə darvazanın ağzında bircə ayaqyolu vardı. Ora girmək üçün növbəyə düzülürdülər. Həftənin bir günü kişiləri Məşədi hamamına aparırdılar. Mən isə otaqda dəsmalı yaş eliyib, bədənimi silirdim. Hardasa 20 gün belə çətinlik oldu.

 
Sonradan bir neçə xanım da gəldi – tibb bacısı və mətbəxdə köməkçi. Kitabxanayla üzbəüz tibb məntəqəsi vardı. Qapısı bağlı idi, açmağa qoymurdular. İcazə alıb, oranı açdım. Səliqəyə salıb, yataq qoyduq və qızlarla orda qaldıq.

Bir dəfə gördüm yuxarıda üçgözlü yer var. Üstünün damı uçmuşdu. Kimsə də həyətə linoleum tökmüşdü. Tofiq Oğuzdan icazə aldım, oranı düzəltdim. Damına linoleum qoydum. Bir gözünü paltar dəyişmək üçün yer elədim. Arasına ağ mələfə asıb, 2-ci gözünü hamam elədim. İri alüminum süd bedonu vardı. Spiral aldırdım, piltənin naqilini düzəldib, cərəyan qoşdum. Bedonu qoydum üstünə. Orda daim isti su olurdu. Hərdən çatdırıb hamama gedə bilməyən kişilər də girib çimirdi. 3-cü gözü də qızlar üçün ayaqyolu elədim. Oranın təmizliyinə şəxsən nəzarət edirdim. Kimin hünəri nə idi, təmiz saxlamasın. Hətta bir dəfə onun üstündə qızın birini döydüm.

 

Boş vaxtım olanda yemək də hazırlayırdım. Bir gün zoğal ağacından bir budaq kəsib yonub, oxlov düzəltdim. Göy-göyərtilərin ətirləri həyəti bürümüşdü, yığdım, yudum, doğradım. Xəmir yoğurdum. 5 dənə “ceyran” sobası vardı. Gecə hamı yatanda həmin sobaların üstündə qutab bişirdim. Bir də gördüm komandir çağırdı ki, o nə iyidi bürüyüb buranı? Qutabları payladım əsgərlərə. Bir dəfə peraşki bişirib payladım. Amma yeməyi ümumi qazandan yeyirdik.


Təzə vaxtlar iki aşbaz bişirirdi yeməyi – qadın və kişi. Biri ermənilərdən qız almışdı, biri də vermişdi. Yeməyə gizlin nəsə qatırdılar deyə əsgərlər qarın ağrısına düşürdü. Qızlara dedim, mətbəxə gedin kömək edin yeməyi bişirməyə. Gözaltı baxın görün bunlar yeməyə nə atır. Özüm də boş vaxtım olanda gedirdim guya nəsə iş görürəm. Aşbazlar onlara nəzarət elədiyimizi başa düşəndə yalandan komandirə demişdilər ki, Növrəstə təxribatçıdı. 1975-ci ildə bura gələndə ermənilərlə tanış olub, indi də onlarla əlaqələri var. Tofiq Oğuz bunun üstündə mənə 3 günlük otaq həbsi verdi. Dedi posta getməyəcəksən. Amma yeməkxanaya düşürdüm. Yeməkdə əsgər yoldaşlarım gördülər yoxam. Başlayıblar soruşmağa ki, hanı xalaqızı? Aşbaz da deyib o, təxribatçıdı. Bunu deyəndə tağım komandiri Qabil avtomatı tuşladı kişiyə. Tez özümü çatdırıb, avtomatın lüləyini itələdim, güllə yemək qazanına dəydi, aləm qarışdı. Ondan sonra üstü açıldı ki, bilərəkdən əsgərlərin mədə-bağırsaqlarını pozurmuşlar. Amma bilmədilər konkret nə tökürdülər yeməyə. Eləcə, o aşbazları çıxardılar.



Ermənilərin bunkerini və tankını partladan “xalaqızı”

Birinci uğurlu döyüş əməliyyatı apreldə Şuşada olur. Ermənilərin bunkerini aşkar edir. Bununla da hamının güvənini qazanır:


- "Üçmıx" postunun altında xırda üzüm kollarından ibarət böyük sahə vardı. Günorta oradan hərbçilərimizə atırdılar. Lakin konkret üzümlüyün harasından atıldığı dəqiq deyildi. 3 hərbçimizi ordan vurmuşdular. Batalyon komandiri Tofiq Oğuz dedi ki, o snayperçini tap. Özünün beşatılan tüfəngini verib, məni Çernobıl əlili olan Qorxmaz dayı ilə birlikdə ərazini müşahidəyə göndərdi. Bir neçə saat uzanıb binoklla baxdıq, sakitlik idi. Üzümlüyü izləyəndə yarpaqların altında bir paslı çəllək diqqətimi çəkdi. Dedim Qorxmaz dayı, mən bu çəlləkdən şübhələnirəm, tərtəmiz torpaqda çəllək niyə olsun? Dedi, şübhələnirsənsə vur. İki güllə atdım, partladı. Demə, orada ermənilərin bunkeri və bunkerdə silah-sursatları varmış. Sonra radiostansiya ilə danışıqlarından bildik ki, bunkerdə 7 erməni ölüb. Ora partladılandan sonra həmin yerdən bizim hərbçilərə güllə atmadılar. Bildilər ki, yerləri aşkar olunub. Beləliklə də, Şuşada Qarabağ könüllü müdafiə taborunun tərkibində döyüş yolum başladı.

Laçından Şuşaya gələn yolda, dağın döşündə, ağaclıqda ermənilər tank gizlətmişdilər. O tankı ora necə çıxarmışdılar, bilinmirdi. 1992-ci ildə Tibb Universitetinin tələbələri Şuşaya gələrkən avtobuslarını partlatmışdılar. Bir nəfər də sağ çıxa bilməmişdi, yanmışdılar. Bir dəfə axşam Laçından Şuşaya maşın gəlirdi, işığını yandırmışdı. Ermənilər tankdan maşına sərrast atmadılar. Mən həmin vaxt Şuşanın Zastava postunda idim. Ora 2 zirehdeşən güllə atdım, partladı. Sonradan radiostansiya ilə danışıqlarını tutduq. Deyirdilər, tankımızı partlatdılar, ora növbəti tank qaldıra bilməyəcəyik, çünki yerimizi təyin etdilər.

 
Onu öz adıyla demək olar ki, çağırmırdılar. Hamı “xalaqızı” deyirdi, hamıya sözün əsl mənasında xalaqızı olmuşdu. Amma bu ləqəb də elə-belə yaranmamışdı. Onun da bir tarixçəsi var:

- Təzə getdiyim günlər idi. Postdan qayıtmışdım. Həyətə girdim. Gördüm əsgərlər darvazanın qabağında dövrə qurub dayanıblar. Ortada da bir qadın var, əlində avtomat. Mən də bu dairəni yarıb keçməliyəm ki, pilləkənlə qalxıb, məktəbin içinə girim. Qızın yanından 2 addım keçmişdim, eşitdim deyir, mən deyirəm filankəs burda komandir olmalıdı. Çöndüm arxaya, qolundan tutdum ki, nə deyirsən? Dedi sənlik deyil, sən qarışma. Buna birini vurdum yıxıldı yerə, avtomat əlindən düşdü. Gəlib tez avtomatı götürdülər. Elə qızı yenə vurmaq istəyirdim ki, kimsə məni arxadan tutdu, dedi, “ay xalamqızı, sakit ol”. Cavanşir idi. O vaxtdan ləqəbim oldu xalaqızı.  
 

“Bacını qardaşın, atanın gözü qarşısında dəfələrlə zorlayıblar”

 
Danışdıqca döyüş bölgəsində yaşadığımız günlər, şahidi olduğumuz hadisələr kino lenti kimi gözümün önündən keçir. Ermənilərin Kosalar kəndinə hücumu zamanı bizimkilər görüb ki, iki nəfərə dəyən güllələr təsir eləmir. O iki nəfər akvalanqa oxşayan paltar geyinmişdi. Bico ləqəbli döyüşçümüz onlardan birinin altına atəş açaraq öldürdü. O birini də alnından vurdular. Üstlərindən vəsiqə çıxdı, biri Livandan, digəri Fransadan idi. O meyitləri Şuşaya gətirdilər. Ermənilər əlaqə yaradaraq təklif etdilər ki, nə istəyirsiniz verək, meyitləri qaytarın, əvəzində qadın-uşaq, yaşlı olmaqla 122 əsirinizi qaytaracağıq. 122 nəfər Şəki Zastavası istiqamətdə əsgərlərimizin müşayiəti ilə gəlirdi. Əsirlərimizin gəldiyini eşidib, ora axışdıq. Aralarında uzun saçlı bir qız vardı, hardasa 30 yaş vermək olardı ona. O qız qəfildən əsirlərin arasından çıxıb, özünü uçurumdan aşağı atdı. Aşağıda tut ağacı vardı. Budağın biri çənəsindən girib, başından çıxmışdı. Qucağında körpə uşaq olan anası saçlarını yoldu. Sonra öyrəndik ki, ermənilər oradakı əsirlərin, gəlinlərin, qızların başına hər cür oyun açıblar. Qardaşın, atanın, ananın, hamının gözü qarşısında dəfələrlə zorlayıblar. İçərilərində zorakılığa məruz qalmayanı yox idi. Körpə uşağa qarşı da belə hərəkət etmişdilər. O qız da əsirlikdə özünü öldürmək istəyirmiş, əlinə heç nə keçmirmiş. Özü də 30 yox, 15 yaşı varmış. O qədər əzab çəkmişdi ki, yeniyətmə çağında yaşlanmışdı artıq...


Növrəstə Yusifova adlı snayper qadının varlığından artıq ermənilər də xəbərdar olmuşdu. Hətta onun ölüsünü və ya dirisini ələ keçirənə pul mükafatı da vəd etmişdilər. Bunu eşidən komandir ona heç bir səbəb açıqlamadan Bakıya qayıtmaq əmri verir:  

...Mayın 6-da sübh tezdən məni “buşlat”sız, ayağımda çəkələk zorla avtobusa mindirdilər. Üstümdə sənədlər də yox idi, bircə arayış verdilər. Heç nə demədilər, bir səbəb açıqlamadılar. Dəli olmuşdum qeyri-müəyyənlikdən. Qayıtmaq istəmirdim. Çünki mayın 9-u Xankəndinə hücumumuz planlaşdırılırdı. Amma 8-ə keçən gecə Şuşanı işğal etdilər. Məhz xainlik, satqınlıq hesabına. Bakıya çatan kimi Şuraya gedib soruşdum ki, məni niyə çağırtdırmısız? Cavab verdilər ki, biz heç kimi çağırmamışıq. Arayışı imzaladılar, dedilər, gedin evə, səhər gələrsiz, Etibar bəy burada deyil, səhər sizin geri çağırılmanızın nə ilə əlaqədar olduğunu deyəcək. Etibar bəylə mayın 9-da görüşdük. O vaxta qədər gün ərzində könüllü döyüşçülərlə Şuranın həyətində olurduq, təxminən 40 nəfər idik, döyüşə getmək əmrini gözləyirdik. Sonra qərara gəldik ki, könüllülər yığışaq, öz komandirimizi də seçib, yenidən döyüş bölgəsinə gedək. Yığışdıq, Naili komandir təyin etdik. Getdik Yevlaxa, ordan Goranboya, Tərtərə, axırda Ağdamın Qərvənd kəndində məktəbdə məskunlaşdıq. 10 gün sonra mən daxil 10 nəfəri Gülablıya göndərdilər. Bir dəfə axşam əməliyyata getdim. Özümə yer seçib gizləndim, maskalandım. Bir az sonra hiss etdim ki, yaxınlıqdakı çayın sahilindəki qamışlığın səsi dəyişdi. Qaçıb tağım komandirimizə dedim ki, orda çayın səsi xoşuma gəlmir, gedin yoxlayın. Çayı əsgərlərimiz nəzarətə götürdülər. Suyun içiylə gələn 3 erməni əsgəri mühasirəyə aldılar. Onlardan biri öldürüldü, biri yaralandı, digəri qaçıb geri qayıtdı. Sağ qalan ermənini Bakıya gətirdilər. Demə, düşmənin lazımlı əsgərlərindən imiş. Onu 25 azərbaycanlı əsir və girovla dəyişdilər.

 

Bir neçə il əvvəl öyrəndim ki, demə, ermənilər məni tutmaq istəyirmişlər. Buna görə pul mükafatı da vəd eləmişdilər. Bizimkilər bunu bilib. Ona görə həmin vaxt heç nə demədən məni ordan uzaqlaşdırıblar ki, ermənilərin əlinə keçməyim.

 
“Səhərə kimi morqda oturub, əsgərləri ağladım...”

 
“Xalaqızı” döyüşlərdə olduğu zaman iki böyük stress keçirir. Biri o birinin ardınca. Sonra da inciyib ayrılır:

- Avqustun 6-da polislər Mərzilidən Gülablıya maşınla gələndə ermənilər atmışdılar. Komandir Əliağa başından yaralanmışdı, sürücü Paşanın ayağı parça-parça idi. Ondan başqa da yaralılar vardı. Səhər Qərvəndə gedəndə Nail dedi, 13 ağır yaralı var, vertolyot gəlib, bu dəqiqə vertolyota otur, yaralıları Bakıda yerbəyer et. Uşaqlara tapşırdım, bir balon qatıq gətirdilər. Qatığı yanğısı olan yaralılara verirdim. Vertolyot teleqüllənin ətrafında, yuxarı hissədə saxladı. Təcili yardım maşınları artıq ordaydı. Xəstələri müxtəlif xəstəxanalara yerləşdirdilər. Mənə də dedilər, indi geri qayıtmağa heç nə yoxdur. Qaldım Paşagil yatan xəstəxanada. Yatmağa yer də yox idi. Reanimasiyada 8 xəstə vardı. Tibb bacısı elə də nəzarət eləmirdi. Su istəyənə su, yemək istəyənə yemək verirdim. Biz avqustun 15-də Yenikəndin üstünə hücuma keçməliydik, hazırlaşırdıq. Kəşfiyyat işləri aparılmışdı. Mən də tələsirdim ki, hücuma çatım. Çıxanda da Nailə demişdim ki, oradakı 7-8 tibb bacısından bir-ikisini göndərin bura, mən döyüşə qayıdım. 2-3 gün gözlədim, heç kim gəlmədi. Avqustun 16-da Cavanşirlə Səfər xəstəxanaya gəldilər. Etiraz elədim ki, niyə qızlar bura gəlmir? Dedilər, hücum da olmadı, avqustun 28-ə qaldı. Getdilər, qayıdanda məni də götürəcəklərinə söz verdilər. Ancaq qayıtmadılar. Səhər saat 4-də başqa döyüşçülər gəldilər. Pul, ərzaq, siqaret gətirmişdilər. Dedim, mənə söz vermişdiniz ki, qızlar gələcək, hanı qızlar, mən də döyüşdə olmalıydım. Qayıtdılar ki, döyüş oldu, itkilər verdik. Pis vəziyyətə düşdüm, əsəbiləşdim, sarsıntı keçirdim. Axı mənə demişdilər, hücum avqustun 28-ə qalıb. Danışdılar ki, 20-30 nəfər itki vermədən Yenikəndi alıblar, bir gün də orada olublar. Sonra əmr verilib ki, göstəriş var, geri qayıdın. Geri qayıdanda ermənilər arxadan atmağa başlayıblar. 30 nəfərin bir qismi həlak olmuşdu. Daha xəstəxanada qalmadım, o yoldaşların maşını ilə geri qayıtdım.

 

Həmin gecə 12-nin yarısında Şəki tağımına mərmi düşdü. Tibb bacısı Vəfa mənimlə qalırdı, dedim, tez hazırlaş gedək, orda nəsə oldu. Biz gedib çatana qədər yarım saat keçdi. Gördük ki, onların “Kamaz”ı tərpəndi. Tez döşəkləri maşına atıb, ölü, yaralı, hamısını döşəklərin üstünə düzüb, Mahrızlıya hospitala apardılar. Maşına çata bilmədik. Bir polis dedi ki, xala, gəlin, sizi aparım. İki nəfər də bizə qoşuldu – Azər və qolundan qəlpə yarası almış şəkili Yapon. Polisə tapşırdım, işıqsız sürsün, çünki işıq görüb döngədə ata bilərlər. Mərzilidən dönəndə dedim, sürəti azalt, burada döngə olmalıdır. Gəncəli Azər də dedi, sürəti azaltma, sür, tez “Kamaz”a çataq. Dedim yox, qoy döngəni keçək sonra. Elə bunu demişdim ki, “Villis” aşdı. Əgər sürəti azaltmasaydı, əvvəlki sürətlə getsəydi, 3 metr aşağı yuvarlanacağdıq. Maşın aşıb yolun qırağına düşdü. Qışqırdım ki, tez söndür maşını, yanğın olar. Köməkləşib maşını qaldırdılar, əzilməmişdi yaxşı ki. Təzədən sürüb çatdıq Mahrızlı hospitalına. Gəlib gördüm ki, 12 əsgərdən 10-u morqdadır. Birinin əli, ayağı, başının yarısı yox. Bədənləri elə yanmışdı ki, elə bil diri-diri odda qızartmışdın. Girdim morqa, dizlərim üstə oturub, meyitləri oxşadım, sığalladım, ağı dedim... Elə bilirdim ağlayıb qışqırıram, demə, səsim çıxmırmış. Neçə saat orda qaldım bilmirəm. Məni sürüyüb çölə çıxaranda səhər açılmışdı. Bir neçə saat dizlərim açılmadı, bükülü qaldı. 3 gün də səsim batdı. Çox böyük stress yaşadım onda.


Qaldığımız yerə qayıtdım. Komandir dedi, qızlarla eyni otaqda qalacaqsan. Dedim qalmayacam, o qızların heç biri xəstəxanaya yaralılara köməyə gəlmədi. Ona görə onlarla eyni otaqda qalmaq istəmirəm. Bir az ötkəm danışdı mənimlə. Acığıma getdi, onsuz da əsəbi və incik idim. Bu günə qədər də onunla barışa bilmirəm ki, niyə qızların birini ora göndərmədilər. Komandir gördü gedirəm əsgərlərə qışqırdı ki, bunu qapıdan çölə buraxsanız, sizi həbs eləyəcəm. Dedim yaxşı. Çantamı, paltarlarımı da götürmədim, “buşlatı” qoyub, gizli hasardan aşaraq, çıxdım çölə. Çölə çıxdığımı biləndə əsgər yoldaşlarım gəldilər ki, hara gedirsən? Biz də gedirik, qala bilmərik daha. Necə könüllü getmişdiksə, eləcə də könüllü qayıtdıq şəhərə.

 

İlk kəşfiyyatçı qadın...

Bakıya qayıdandan bir neçə gün sonra, sentyabrın 5-də evinə zəng edirlər. Onu Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə çağırırlar və bir təklif edirlər:


- Çağırılan yerə çatanda gördüm, döyüş yoldaşlarımızdan Əfqanıstanda olmuş Mehdi, tağım komandirimiz Mehman oradadır. Bizə dedilər, 10 nəfərlik qrup təşkil edin, kəşfiyyat dəstəsi formalaşdırın. Razılaşdıq. Vəfaya da zəng vurduq ki, tibb bacısı kimi bizə xidmət göstərər. Bizə müəllim tutmuşdular, erməni dilində dərs deyirdi. Təzə növ silahlarla bizi tanış edirdilər. Birinci dəfə oktyabrın 7-də Qubadlıya getdik. Meşədə döyüş gedirdi. 2 gün yağışın altında meşədə qaldıq. Artıq erməniləri dəf etdilər, amma döyüşə qoşulmadıq. Bizə dedilər, qayıdırsınız. Sonradan Zəngilanda, Ağdərə və kəndlərində olmuşuq. Bir dəfə getdik, qayıda bilmədik, ermənilərlə üzbəüz gəldik. Qrupumuzda olan Mehdi Hüseynov bizi oradan çıxardı. Mina sahəsindən keçdik. Ermənilər elə bilmişdilər ölmüşük. Çünki Tərtərdən gələn polislər bizi erməni sayıb, atəş açmışdılar. Birtəhər oradan qurtardıq. 1994-cü ilin yanvarına qədər kəşfiyyatın tərkibində olmuşam. Son gedişimiz Zəngilana olub. 3 gün orada Firudin Şabanovun yanında qaldıq. 1993-cü il avqustun 10-da çıxmışdıq. 3 nəfərimiz çatmırdı, dedilər, gedin, tam tərkibdə gəlin. Geri qayıtdıq. Biz hazırlanıb qayıdana qədər Zəngilan da işğal olundu.


Bizi sonra xüsusi təyinatlıların təlim sahəsində hazırlayırdılar. Elə oldu ki, həmin vaxt qardaşım rəhmətə getdi. Onun azyaşlı uşaqları vardı. 4 dəfə tərxis olunmağımla bağlı raport yazdım. Beşincidə, 1994-cü ilin iyulunda məni buraxdılar. Yoxsa ölənə qədər xidmət edəcəkdim… Tərxis olunandan sonra bir müddət kranda işlədim, sonra Əlillər Fondunda. Oradan çıxandan sonra 1997-ci ildə Qarabağ Əlilləri və Veteranları Cəmiyyətini yaratdıq. O vaxtdan 3 minə yaxın üzvü olan bu təşkilatın sədriyəm.  

 

... Qəribə qadındı. Bildiyimiz qadın tipindən fərqli, qeyri-adi qadın. Bütün qadınlar ana olmağı arzulayır. Amma o, əksinə. Deyir “yaxşı ki, övladım olmadı, yoxsa döyüşə gedə bilməzdim. Ailə həyatım alınmayıb, övladım olmayıb, əvəzində böyük bir ailə qazanmışam. Mütləq deyil ki, övladı özüm dünyaya gətirim. Əslində mən qəhrəman anayam. Çünki döyüşçü yoldaşlarım həm də mənim övladlarımdı. Mənimlə yaşıd, yaxud yaşca böyük, dünyaya gətirmədiyim, amma balam kimi sevdiyim övladlarım”.

 

... Qəribə qadındı. Döyüş bölgəsində olduğu 2 ildən cəmi bir şəkil xatirə qalıb. Onu da illər sonra gətirib veriblər. Deyir, mən ora şəkil çəkdirməyə getməmişdim. Hətta bir dəfə şəklini çəkən müxbirin fotolentini də yandırmışdı.    

 

... Qəribə qadındı. Heç elə bil qadın deyil. Kişilərə xas işlərdə çalışıb, kişilər kimi döyüşüb, kişi kimi sözü üzə deyib, yeri gələndə kişilər kimi hirslənib, söyüş də söyüb. Qısası, kişi qeyrətli qadın... Amma həm də qadındı axı. Çiçəkləri çox sevən, bircə sözdən, baxışdan gözləri dolan, yadına şəhid olmuş yoldaşları düşəndə göz yaşı axıdan kövrək, həssas qadın. Qısası, qadın kimi qadın.


... Qəribə qadındı, elə deyilmi? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu