Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədən gələn tənqidlər Bakının mövqeyini dəyişəcəkmi? — Politoloqdan VACİB AÇIQLAMA  

Türkiyədən gələn tənqidlər Bakının mövqeyini dəyişəcəkmi? — Politoloqdan VACİB AÇIQLAMA  

SİYASƏT

108

20.10.2026, 16:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədən bəzi siyasi və ictimai dairələrin Azərbaycanda məktəblərdə vahid geyim qaydaları və təhsil müəssisələrində hicabla bağlı yaranan müzakirələrə münasibət bildirməsi, eləcə də ölkələr arasındakı əlaqələrə dair müxtəlif fikirlər səsləndirməsi diqqət çəkir. Baş verən bu cür müzakirələr fonunda dövlətlərarası münasibətlərin sağlam təməllər üzərində qurulduğu və kənar müdaxilələrin bu qardaşlığa xələl gətirə bilməyəcəyi vurğulanır. Ekspertlər hesab edirlər ki, hər iki ölkənin rəhbərliyi təmkinli siyasət yürüdərək yaranan fikir ayrılıqlarının böyüməsinə imkan vermir. 

Məsələ ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, dövlətlər arasındakı münasibətlər hər zaman sağlam təməllər üzərində qurulub və heç bir kənar müdaxilə bu qardaşlığa xələl gətirə bilməz:

“Gərginlik iki ölkə arasında zaman-zaman yaşana bilər. Çünki hər bir dövlətin daxili və xarici siyasəti fərqlidir. Ölkələrdə müxtəlif fikirlərin və fərqli sosial təbəqələrin mövcudluğu da təbiidir. Lakin bu fikir ayrılıqları Azərbaycan və Türkiyə rəhbərliyi arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olmur. Hər iki ölkənin rəhbərliyi münasibətlərin qorunmasına çalışır və kənar müdaxilələrin əlaqələrə mənfi təsir göstərməsinin qarşısını alır”.

Politolq qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və tərəfdaşlıq prinsipləri əsasında qurulub.

Türkiyədə fəaliyyət göstərən bəzi dini təriqətlərin nümayəndələri təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində baş verən hadisələrlə bağlı da fikirlərini bildirirlər.

Hazırda hicablı şagirdlərin məktəblərə buraxılmaması məsələsi Türkiyə cəmiyyətində müəyyən müzakirələrə səbəb olub.

Lakin Azərbaycanın daxili məsələləri ölkənin öz səlahiyyətləri çərçivəsində həll olunur. Xarici ölkələrdən səsləndirilən fikirlər Azərbaycanın qanunvericiliyində dəyişiklik ediləcəyi demək deyil.

Ramiyə Məmmədovanın sözlərinə görə, dini məzhəb və təriqətlərin təsiri bir sıra Yaxın Şərq ölkələrində olduğu kimi, Türkiyədə də mövcuddur. Bu cərəyanların nümayəndələrinin dövlət idarəçiliyində təmsil olunması onların dini və ideoloji baxışlarından uzaqlaşdıqları anlamına gəlmir. 

Politoloq vurğulayıb ki, Azərbaycanda hicab məsələsinə gəldikdə isə ölkəmiz dünyəvi dövlətdir, şəriət və ya dini dövlət deyil:

“Dövlət məktəblərində bütün şagirdlərə vahid geyim qaydaları tətbiq olunur və bu qaydalar ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. Özəl məktəblərdə isə geyim məsələsi həmin təhsil müəssisələrinin daxili qaydalarına uyğun tənzimlənir. Azərbaycanda dini etiqada ümumi qadağa qoyulmayıb. Buna görə də hicab məsələsi ölkənin dünyəvi dövlət prinsipləri və mövcud qanunvericiliyi çərçivəsində qiymətləndirilməlidir”.

O, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələrin mövcud olduğunu diqqətə çatdırıb:

“Bu qüvvələr kiçik fikir ayrılıqlarından və mübahisələrdən istifadə edərək iki ölkə arasında gərginlik yaratmağa çalışırlar. Təəssüf ki, bu cür yanaşmalara həm Türkiyədə, həm də Azərbaycanda rast gəlinir. Bununla belə, iki dövlət münasibətlərin gərginləşməməsi üçün səy göstərir. Azərbaycan tərəfi isə məsələlərə daha balanslı və təmkinli yanaşma nümayiş etdirir”.

“Türkiyə ilə Azərbaycan arasında fikir ayrılıqlarının yaranmasına səbəb olan məsələlərdən biri də Azərbaycanın İsraillə münasibətləridir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi dövlətdir və müxtəlif ölkələrlə münasibətlərini öz milli maraqları əsasında qurur. Bu ölkələr arasında İsrail, Türkiyə, İran və digər dövlətlər də var. Azərbaycanın xarici siyasətində müstəqil və balanslı xətt əsas götürülür. Qəzza məsələsində Azərbaycan İsrailin hərəkətlərini tənqid edib və Fələstin xalqının öz dövlətini qurmaq hüququnu dəstəkləyib”,- deyə politoloq qeyd edib. 

Müsahibimizin sözlərinə görə, Türkiyədəki siyasi və ictimai proseslər, eləcə də ayrı-ayrı şəxslərin səsləndirdiyi tənqidlər Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmamalıdır. İki dövlətin münasibətləri qardaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf edir və ayrı-ayrı fikir ayrılıqlarının bu əlaqələrə ciddi təsir göstərməməsi üçün qarşılıqlı təmkinli yanaşma vacibdir. 

Çimnaz Telmanqızı