Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: Zəngilan Böyük Qayıdışla yenidən dirçəlir

Zaur Şükürov: Zəngilan Böyük Qayıdışla yenidən dirçəlir

SİYASƏT

61

20.10.2026, 10:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zəngilan rayonu zəngin tarixi, mədəni irsi və strateji əhəmiyyəti ilə Azərbaycanın qədim diyarlarından biridir. Əsrlər boyu xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və mədəniyyətinin formalaşmasına töhfələr vermiş bu rayonun müasir tarixi həm qəhrəmanlıq və mübarizə, həm də sarsılmaz iradə, milli birlik və dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində baş verən mürəkkəb hərbi-siyasi proseslər Azərbaycanın tarixi torpaqlarının taleyinə ciddi təsir göstərmişdir. Xüsusilə Zəngəzurun bir hissəsinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi nəticəsində bölgənin tarixi-coğrafi bütövlüyü pozulmuşdur. Sonrakı dövrlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti ölkəmizin bir sıra bölgələri kimi Zəngilan rayonunun da taleyində ağır izlər buraxmışdır.

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.

Deputat xatırladıb ki, 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonu işğal edilmiş, rayonun dinc əhalisi doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. Zəngilanlılar ağır mühasirə şəraitində 67 gün ərzində müqavimət göstərərək öz torpaqlarını müdafiə etmiş, yüzlərlə insan şəhid olmuş, itkin düşmüş və məcburi köçkünlük həyatına məhkum edilmişdir. Rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşaraq uzun illər doğma torpaqlarına qayıdacaqları günü gözləmişlər.İşğal dövründə Zəngilanın tarixi-mədəni irsinə ciddi ziyan vurulmuş, dini və memarlıq abidələri dağıdılmış, qəbiristanlıqlar və digər mədəni irs nümunələri təhqir edilmişdir. Bütün bu çətinliklərə baxmayaraq, zəngilanlıların doğma torpağa bağlılığı, qayıdış ümidi və milli kimliyə sədaqəti heç vaxt sarsılmamışdır.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları Vətən müharibəsində tarixi Zəfərlə nəticələnmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri, eləcə də rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad edilmişdir. Qısa müddət ərzində rayonun 4 qəsəbəsi və 49 kəndi üzərində Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. 

Millət vəkilinin sözlərinə görə, Zəngilanın azadlığı ilə yeni mərhələyə qədəm qoyan inkişaf prosesi bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur və əhalinin doğma yurdlarına təhlükəsiz, dayanıqlı qayıdışı təmin edilir.2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1 017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşmışdır. Bu göstəricilər doğma torpaqlara qayıdış prosesinin genişləndiyini, Zəngilanın yenidən canlı yaşayış məkanına çevrildiyini nümayiş etdirir. Eyni zamanda, qayıdan ailələrin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görülür. Sakinlərin peşə və bacarıqlarına uyğun olaraq dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər müəssisələrdə işlə təmin olunması nəzərdə tutulur. Bu yanaşma həm yaşayış şəraitinin yaxşılaşdırılmasına həm də əhalinin iqtisadi fəallığının artırılmasına, sosial rifahının yüksəldilməsinə və bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir.Zəngilanın inkişafında nəqliyyat və logistika infrastrukturunun xüsusi əhəmiyyəti vardır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yollarının tikintisi rayonun iqtisadi potensialının reallaşdırılması, regionlararası əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr Zəngilanın gələcəkdə regionun vacib nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər bölgənin tranzit potensialının artırılması, ticarət əlaqələrinin inkişafı və yeni iqtisadi imkanların formalaşdırılması baxımından strateji əhəmiyyətə malikdir.

Z. Şükürov qeyd edib ki, bununla yanaşı, Zəngilanda tarixi-mədəni irsin bərpası da diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Zəngilan şəhər məscidinin bərpası rayonun mənəvi həyatının dirçəlişi baxımından xüsusi əhəmiyyət daşıyır. Tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilən bərpa işləri xalqımızın milli-mənəvi dəyərlərinə və dini irsinə ehtiramının ifadəsidir. Bu cür layihələr şəhərin tarixi simasının yenidən formalaşmasına, mədəni irsin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası tariximizin ən mühüm hadisələrindən biri olmuşdur. Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlətçilik gücünü, milli iradəsini və qətiyyətini nümayiş etdirmişdir. İnanırıq ki, məhz bu uzaqgörən və müstəqil siyasətin nəticəsində doğma Vətənimizin dünya miqyasında nüfuzu davamlı olaraq artacaq, regionumuzda dayanıqlı sülh və inkişafa nail olacağıq.