Qaynar xətt:

(+99450) 247 90 86

Millət vəkilləri DANIŞIR: Azərbaycanın qarşısında hansı fürsətlər açılır? -Təhlil  

Millət vəkilləri DANIŞIR: Azərbaycanın qarşısında hansı fürsətlər açılır?  -Təhlil  

SİYASƏT

110

16.10.2026, 14:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması regional əməkdaşlığın əsas istiqamətlərindəndir. Bu baxımdan oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti Azərbaycan üçün siyasi dialoqla yanaşı, iqtisadi tərəfdaşlıqların dərinləşdirilməsi baxımından da əhəmiyyət daşıyır. Üzv ölkələr arasında biznes əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə və ixrac coğrafiyasının böyüdülməsi Azərbaycan sahibkarlarının regional bazarlara çıxışını asanlaşdıra, yeni investisiya və əməkdaşlıq imkanları yarada bilər.

Bu barədə Oxu24.com- a danışan Millət vəkili Pərvanə Vəliyeva bildirib ki, müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi proseslərin, yeni təhlükəsizlik çağırışlarının və iqtisadi əlaqələrin yenidən formalaşmasının şahidi olur.

Onun sözlərinə görə, bir bir şəraitdə dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformaların əhəmiyyəti daha da artır:

“Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə – AQEM xüsusi əhəmiyyət daşıyır.

AQEM-in yaradılması ideyası ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üçün dövlətlər arasında etimadı gücləndirən universal dialoq platformasının formalaşdırılması idi. Bu gün AQEM artıq 28 üzv dövləti birləşdirən və Asiya qitəsinin böyük hissəsini əhatə edən mühüm çoxtərəfli platformaya çevrilib. 

Azərbaycan AQEM-in fəaliyyətində ilk illərdən etibarən fəal iştirak edən dövlətlərdəndir. Ölkəmizin təşkilata münasibəti onun əsas prinsipləri – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət, dialoq və qarşılıqlı etimad – ilə uzlaşır. AQEM-in əsas sənədlərində də məhz bu prinsiplər təsbit olunub”. 

Millət vəkili qeyd edib ki, Azərbaycanın AQEM-də 2024–2026-cı illər üzrə sədrliyi ölkəmizin bu platformadakı rolunu daha da gücləndirib:

“Sədrliyin əsas prioritetləri “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” konsepsiyası ətrafında formalaşıb. Bu yanaşma AQEM-i yalnız siyasi dialoq platforması kimi deyil, həm də rəqəmsal transformasiya, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələlərinin müzakirə olunduğu praktiki əməkdaşlıq məkanına çevirmək məqsədi daşıyır. 

Azərbaycan sədrliyi dövründə AQEM-in institusional inkişafı da xüsusi diqqət mərkəzində olub. 2023-cü ildə qəbul edilmiş “Yol Xəritəsi” əsasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası istiqamətində iş aparılır. Hazırda təşkilatın beynəlxalq hüquqi statusunu müəyyənləşdirəcək Nizamnamə layihəsi üzrə danışıqlar davam edir. Bu proses AQEM-in gələcəkdə daha institusionallaşmış və nəticəyönümlü beynəlxalq platformaya çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Azərbaycanın sədrliyi çərçivəsində iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin genişləndirilməsi də önəmli istiqamətlərdən biridir. 2025–2026-cı illərdə AQEM Biznes Şurasına Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrliyi bu istiqamətdə praktiki addımlardan biridir. Məqsəd üzv ölkələrin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. 

Digər mühüm istiqamət isə qadınların və gənclərin AQEM məkanında rolunun artırılmasıdır. Azərbaycanın sədrliyi çərçivəsində 2026-cı ilin aprelində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi bu baxımdan diqqətəlayiqdir. Tədbirdə qadın sahibkarlığı, qanunvericilik, süni intellekt və rəqəmsallaşmanın qadın sahibkarlığı üçün yaratdığı imkanlar, eləcə də ətraf mühitin qorunmasında qadın liderliyi kimi məsələlər müzakirə olunub. 

Bu yanaşma təsadüfi deyil. Azərbaycanın AQEM sədrliyi dövründə irəli sürdüyü gündəlik göstərir ki, müasir təhlükəsizlik anlayışı artıq yalnız hərbi-siyasi məsələlərlə məhdudlaşmır. Rəqəmsal təhlükəsizlik, süni intellekt, informasiya məkanı, iqlim dəyişmələri, ərzaq və enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi bağlantılar da dövlətlərin təhlükəsizliyi və davamlı inkişafı ilə birbaşa əlaqəlidir”.

Müsahibimiz əlavə edib ki, Bakı AQEM Zirvəsi Azərbaycan sədrliyinin mühüm yekun mərhələsi olmaqla yanaşı, təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün də əhəmiyyətli platformadır:

“Əslində, Azərbaycanın AQEM sədrliyi ölkəmizin çoxtərəfli diplomatiyada əsas yanaşmasını da nümayiş etdirir: dialoqdan uzaqlaşmadan milli maraqları qorumaq, etimad yaratmaqla əməkdaşlıq imkanlarını genişləndirmək və regional bağlantıları inkişaf etdirmək. Bu baxımdan AQEM Azərbaycan üçün yalnız beynəlxalq platformalardan biri deyil, həm də Asiya ilə daha sıx siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi üçün mühüm imkanlar məkanıdır.

Bakıda hazırda keçirilən Zirvə isə daha güclü, daha institusional və daha nəticəyönümlü AQEM-in formalaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər”.

Oxu24.com-a danışan Millət vəkili Vüqar Bayramov qeyd edib ki, AQEM-in zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycanın iqtisadi gücünü göstərən amillərdən biridir:

“Nəzərə alaq ki, söhbət qlobal iqtisadiyyatın 40 faizinə sahib olan ölkələrin dövlət rəsmilərinin Azərbaycan paytaxtında keçirilən zirvə toplantısında iştirak etməsindən gedir. Bu, Bakıda ümumi daxili məhsulunun həcmi 47 trilyon dollar olan dövlətlərin rəsmilərinin bir araya gəlməsi deməkdir. Təbii ki, bu, həm iqtisadi və siyasi dialoqun, həm də daha geniş coğrafiyada, bölgədə sülh və əməkdaşlığın dəstəklənməsi baxımından vacib platformadır. Çünki nəticə etibarilə bu, ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın güclənməsinə imkan yaradacaq.

Azərbaycan Prezidentinin sammitdən əvvəl həm Kambocanın baş naziri, həm də Laosun prezidenti ilə görüşlərində və mətbuat üçün bəyanatlarında vurğuladığı əsas məqamlardan biri iqtisadi və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi idi. Azərbaycan AQEM-də təmsil olunan dövlətlərlə geniş ticarət əlaqələrinə malikdir. Mərkəzi Asiya, Çin və bir sıra digər Asiya ölkələri ilə Azərbaycanın əlaqələri yeni səviyyəyə yüksəlib. Eyni zamanda, Kamboca və  Laos ilə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər də Azərbaycanın iqtisadi əməkdaşlıq etdiyi coğrafiyanın daha geniş olduğunu göstərir.

Bu, eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlığın güclənməsi deməkdir”.

Vüqar Bayramov vurğulayıb ki, ötən il Mərkəzi Asiyadan Azərbaycan üzərindən Orta dəhliz vasitəsilə daşınan yüklərin həcmi 10 faiz artıb:

“Bu ilin ilk səkkiz ayında isə bu rəqəm 20 faiz təşkil edib. Bu isə artım dinamikasında yüksəlişin olduğunu göstərir.

Bu, ölkəmizin bölgənin nəqliyyat habına çevrilməsinə imkan yaradır. Sammitdə müzakirə edilən məsələlər və keçirilən görüşlər də Azərbaycan üzərindən daşınan yüklərin həcmində ciddi artımların müşahidə olunacağını göstərir. Cənab Prezident tərəfindən də Azərbaycan üzərindən daşınan yüklərin həcminin 16 milyon tondan 25 milyon tonadək çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Bu hədəfin reallaşması Azərbaycanın yalnız beynəlxalq daşımalar hesabına 5 milyard manatdan artıq gəlir əldə etməsi demək olacaq”.

Qeyd edək ki, AQEM çərçivəsində genişlənən iqtisadi əlaqələr Azərbaycan üçün yalnız siyasi dialoq və regional əməkdaşlıq baxımından deyil, sahibkarlıq fəaliyyətinin inkişafı, yeni bazarlara çıxış və ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, kiçik və orta sahibkarlığın regional əməkdaşlıq proseslərinə cəlb olunması və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi bu potensialın reallaşdırılmasına töhfə verə bilər.

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Mehin Mehmanqızı