Prezidentin mətbuat xidməti AÇIQLAMA YAYDI
10 Oktyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
109
10.10.2026, 14:28
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib. Mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub ki, bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı sarsılmaz əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan materiallar müəyyən edilib.
Bildirilib ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa yönəlmiş açıq informasiya manipulyasiyası əməliyyatıdır.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı şəkildə davam etdirirlər. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq”, – açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıb.
Bəs Bakı-Ankara münasibətləri niyə hədəfə çevrilib? Sosial şəbəkələrdə yayılan iddialar iki ölkənin münasibətlərinin real mənzərəsini əks etdirir?
Mövzu ilə bağlı danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, hüquqşünas Xəyal Bəşirov Oxu24.com-a açıqlamasında bildirib ki, son zamanlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərdən bir çox hallarda narahat olan qüvvələrin aktivliyi nümayiş olunur:
“Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından və eyni zamanda, BMT-də Azərbaycan nümayəndə heyətinin addımlarından sonra prosesləri fərqli formada gündəmə gətirməyə çalışan qüvvələr kifayət qədər fəallıq göstərirlər. Təəssüf ki, belə qüvvələr həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində mövcuddur. Azərbaycanla Türkiyənin münasibətlərindən, müttəfiqliyindən, dostluğundan və qardaşlığından razı olanlarla yanaşı, bundan narahatlıq keçirən qüvvələrin də olduğunu bilirdik. Lakin onların bu şəkildə fəallıq göstərməsi üçün hansı əsaslar var?
Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Türkiyəyə yönəlik və ya bu ölkənin ünvanına konkret hər hansı fikir səsləndirilməyib. Azərbaycanın BMT-dəki addımları da ölkəmizin bu günə qədər yürütdüyü müstəqil siyasətin tərkib hissəsidir. Azərbaycan heç vaxt, hətta ən yaxın müttəfiqi, dostu və qardaşı olan dövlətin belə göstərişi ilə siyasət yürüdən ölkə olmayıb.
Bununla yanaşı, Türkiyəyə dostluq və qardaşlıq münasibətləri Azərbaycanın siyasətində həmişə özünü göstərib. Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərdə belə bu ölkəni müdafiə etməsinin, Azərbaycanın açıq şəkildə mövqe ortaya qoyaraq Türkiyəyə dəstək verməsinin şahidi olmuşuq.
Buna Türkiyə də, bütün dünya da şahid olub. Təbii ki, bunları görmək istəməyən və Azərbaycanla Türkiyə arasında münasibətlərin pozulmasında maraqlı olan qüvvələr də var. Onlar bəhanə və ya müəyyən mövzu axtarırlar ki, bu yolla iki ölkə arasındakı münasibətlərə xələl gətirəcək fikirlər səsləndirsinlər, addımlar atsınlar. Lakin hazırkı proseslər reallığın fərqli olduğunu göstərir. Azərbaycanla Türkiyə arasında hər hansı ciddi qarşıdurmadan söhbət gedə bilməz. Rəsmi şəxslərin mövqeləri bəllidir. Biz daha çox rəsmi mövqelərə diqqət yetirməli və onları nəzərə almalıyıq. Bu, bizim üçün əsas indikator rolunu oynamalıdır”.
Xəyal Bəşirov qeyd edib ki, sosial şəbəkələrdə səsləndirilən fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin real vəziyyətini müəyyən etmir:
İki ölkə arasında əməkdaşlıq davam edir və qarşılıqlı əlaqələr müxtəlif istiqamətlərdə inkişaf etdirilir. Azərbaycanla Türkiyə arasında bir sıra ciddi layihələr mövcuddur. Azərbaycanın Türkiyədən yeni silahlar tədarük etməsi ilə bağlı razılaşma var. Azərbaycanın bu ay Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının rəhbərlərinin tədbirində iştirakı nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında ayrı-ayrı rəsmilərin qarşılıqlı səfərlərinin də şahidi oluruq.
Bütün bunlar həmin əsassız iddiaların kimlərinsə maraqlarına xidmət edən, reallığı əks etdirməyən fikirlər olduğunu göstərir. Hesab edirəm ki, həm media, həm də ictimaiyyət olaraq daha çox rəsmi mövqelərə əsaslanan fikirlər səsləndirməyimiz məqsədəuyğundur. Belə əsassız fikirlər dövlətlərarası münasibətlərə təsir etmir. Əksinə, bu münasibətlər daha da güclənir və inkişaf edir.
Hazırkı dövrdə dünyada baş verən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki hadisələr bəzi qüvvələrin dövlətlərarası münasibətlərə təsir göstərmək üçün əlində bəhanəyə və vasitəyə çevrilir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə təsir etmək istəyənlərin addımları da bununla bağlıdır.
Bu baxımdan hesab edirəm ki, bütün bu iddiaların heç bir əsası yoxdur. Əsas məsələ rəsmi mövqelər və dövlətlərarası münasibətlərin real vəziyyətidir. Biz də həmin münasibətlərdə hər hansı problem görmürük”, – deyə Xəyal Bəşirov qeyd edib.
Dünya Türklük Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün Oxu24.com-a açıqlamasında bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı gündəm təəssüf ki, sosial media gündəmidir:
“Bu gündəm də Azərbaycan-İsrail münasibətləri üzərindən aparılır. İki ölkənin qardaşlığını və strateji tərəfdaşlığını bilənlər sosial media üzərindən aparılan bu “qara təbliğata” qarşı diqqətli davranırlar. Ölkəsini və millətini sevənlər üçünsə əsl gündəm daha çox birlik naminə çalışmaqdır”.
Onun sözlərinə görə, “Bir millət, iki dövlət” prinsipinə baxmayaraq, iki ölkənin fərqli dövlətlər olması onların siyasət və idarəetmə üsullarında müəyyən fərqlərin yaranmasına səbəb ola bilər:
“Bəli, biz həqiqətən iki dövlətik və coğrafi baxımdan fərqli-fərqli strateji problemlərlə də mübarizə aparırıq. Bunu edərkən tətbiq etdiyimiz üsullar bir-birimizlə eyni olmaya bilər. Buna da fikir ayrılığı deyilmir. İki ölkə arasındakı fikir ayrılığı müttəfiqlik vəziyyətində ortaya çıxır. Allaha şükür, bu məsələdə zərrə qədər də problem yoxdur”.
Müsahibimiz vurğulayıb ki, Türk cəmiyyətinin Azərbaycana baxışı qardaşlıq üzərində qurulub və bu münasibət tarix boyu özünü göstərib:
“Çünki biz həqiqətən bir millətə mənsubuq. Yəni bir ailənin övladlarıyıq. Övladlar arasında da problemlər olur, amma “qol sınar, yen içində qalar”.
Xüsusilə Türkiyə çox böyük ölkə olduğu üçün bu ailəyə mənsub olmaq elementlərini də özündə daşıyır. Həmin elementlərin ailə birliyinə hücum etməsi normaldır. Onlar bizdən deyillər. Biz Azərbaycanın ayağına dəyən daşı öz qəlbimizə sancılmış güllə hesab edirik və Azərbaycan tərəfi bu baxışa daha çox sahibdir. Buna görə də biz bir-birimizi tanıyırıq, sevirik, dəyər veririk, hörmətdə qüsur etmirik… Qalanı isə beşinci kolonun fəaliyyətidir. Burada xarici qüvvələrin təsiri, məncə, çox böyükdür.
Çünki həmin qüvvələr tarixin hər dövründə türkləri yalnız daxildən çökdürməklə məğlub ediblər. Türk milləti ilə müharibənin nəticəsini bilən həmin xarici qüvvələr fitnə ilə ölkələrimiz arasında ayrılıq toxumları səpirlər. Bunu keçmişdə bacarıblar.Teymurla İldırım arasında, Yavuzla Şah İsmayıl arasında olduğu kimi. Amma nə qədər bacarsalar da, nəticədə biz bir millətik və yenə bir araya gəlirik”.
Selçuk Düzgünün fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev üzərindən Türkiyədə müəyyən dairələr tərəfindən aparılan təbliğatın arxasında xarici qüvvələr dayanır:
“Amma biz bu oyuna bir daha gəlməyəcəyik. Hər iki dövlətin prezidentlərini hörmətlə anmaq və düşmənə qarşı müdafiə etmək bizim üçün qardaşlıq namusudur.
Türkiyə-Azərbaycan münasibətlərinin yaxın gələcəyi yoxdur, sonsuz gələcəyi var. Bu əsrdə türklər üçün Şərqin dövləti Azərbaycan, Qərbin dövləti isə Türkiyədir və coğrafiya bu iki dövlətin birlikdəliyi ilə yenidən formalaşacaq. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdən başlayaraq bu günə qədər davam edən qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə baxsaq, gələcək birliyi proqnozlaşdırmaqda çətinlik çəkmərik”.
Türkiyəli yazar sonda qeyd edib ki, iki ölkə arasındakı münasibətlər sosial media və ya şüarlarla nə formalaşdırıla, nə də idarə oluna bilər:
“İki ölkə arasındakı münasibətlər müqavilələrlə sabitləşib. Son Şuşa Bəyannaməsi bu şahidliyin möhürüdür. Buna görə də hər kəs öz işi ilə məşğul olsun, biz isə gücümüzə baxaq. Qardaşlığa xələl gəlməsinə imkan verməyənlərə eşq olsun!”
Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.
Miri Məcidli
15:15 / 10 Oktyabr 2026
1
15:14 / 10 Oktyabr 2026
4
15:05 / 10 Oktyabr 2026
16
14:55 / 10 Oktyabr 2026
50
14:37 / 10 Oktyabr 2026
419
14:34 / 10 Oktyabr 2026
70
14:09 / 10 Oktyabr 2026
114
14:07 / 10 Oktyabr 2026
78
13:54 / 10 Oktyabr 2026
541
13:33 / 10 Oktyabr 2026
235
12:50 / 10 Oktyabr 2026
119
12:30 / 10 Oktyabr 2026
87
12:15 / 10 Oktyabr 2026
91
12:10 / 10 Oktyabr 2026
110
11:51 / 10 Oktyabr 2026
176
11:45 / 10 Oktyabr 2026
93
11:33 / 10 Oktyabr 2026
130
11:26 / 10 Oktyabr 2026
3633
11:11 / 10 Oktyabr 2026
1391
10:50 / 10 Oktyabr 2026
155
10:35 / 10 Oktyabr 2026
136
10:31 / 10 Oktyabr 2026
107
10:26 / 10 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.