Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc: Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır

Zahid Oruc: Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır

SİYASƏT

25

30.09.2026, 13:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müzakirəmizə təqdim olunan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Konvensiyanın İkinci Əlavə Protokolunu qəbul edərkən, Avropada qarşılıqlı hüquqi yardım sistemindən üzv dövlətlərin bərabər istifadə imkanlarına  diqqət yetirməyə ehtiyac var. Azərbaycan hüquq-mühafizə orqanlarının sənədi ratifikasiya edən dövlətlərə göndərdiyi müraciətlərin neçə faizi icra olunur, hansı sayda sorğu cavabsız qalır və yardım göstərilməsindən imtinaların hüquqi əsasları nədir? Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın ‘qarşılıqlı yardım’ prinsipi formal xarakter alır. 

Ölkəmizə hərbi meydanda məğlub olan qüvvələr mübarizəni informasiya müstəvisinə keçiriblər. Prezident İlham Əliyev dəfələrlə çıxşlarında dezinformasiyanın, saxta xəbərlərin, hibrid təhdidlərin və “deepfake” əsaslı hücumların  “dayanmadan artdığını” xüsusi vurğulayıb. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə xarici  hücumların ideoloji xarakter daşıdığını, onların dövlət quruluşunu sarsıtmağa, ictimai həmrəyliyi pozmağa, yad narrativ və dəyərləri aşılamağa yönəldiyini vurğuladı. 

Dövlət başçısı təhlükəsizlik orqanlarının qarşısında konkret vəzifə qoydu: zəif yerlərimizi, bizə zərər vurmağa çalışan yad ünsürlərin hansı “pəncərələrdən” nüfuz edə biləcəyini müəyyənləşdirmək lazımdır. 

2024-cü ildə də Parlamentdə bildirmişdik ki, xaricdən zorakılığa, terrora və konstitusiya quruluşuna qarşı cinayət xarakterli çağırışlar hüquqi  baxımdan cavabsız qalmamalıdır. Dövlət himayəli casus qüvvələr, milli və sosial simasını itirmiş şəxslər haqlı mövqeyimizi fiziki zorakılığa çağırış kimi qiymətləndirib aylarla beynəlxalq təşkilatlara şikayət etdilər. Halbuki özləri hər gün dövlət adamlarına və Qələbəmizə qarşı linç kampaniyası aparırlar. İki gün əvvəl Strasburqda  mühacir şəbəkəsinin 1-ci Konqresi keçirildi. Yəni, xarici mərkəzlər daha sistemli maliyyə və siyasi yardımla ölkəmizi ləkələnməsini intevsivləşdirəcəklər.

Azərbaycan Respublikasının Baş prokurorluğu konkret şəxslərin əməllərinin istintaqını həyata keçirərək, qiyabi məhkəmə qərarları çıxarıb.  Fransada deputat Natali Luazo və digər siyasilərin əli ilə himayə və idarə olunan  Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə hökm çıxarılıb və o 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tural Sadıqlı və cinayət işi üzrə digər şəxslərə qarşı isə 178.3.1, 214-2 - terrorçuluğa açıq çağırışlar, 220.2, 281.2 və 320.1-ci maddələr üzrə ittihamlar irəli sürülüb. Lakin Avropada qaçqınlıq və mühaciər statusu altında həmin şəxslərin toxunulmaz elan edilərək,güclü qorunma altında fəaliyyətlərini davam etdirirlər.

Biz Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmirik. Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik. Avropa hüquq sistemində 1959-cu il Konvensiyasının əsas tələbi tərəflərin cinayət işləri üzrə bir-birinə mümkün qədər geniş yardım göstərməsidir. 

Cəmi bir neçə gün öncə ölkə başçısı fransız vətəndaşını əfv edərək onu azadlığa buraxdı və  beynəlxalq hüquqi prinsiplərə ehtiramını nümayiş etdirdi. Halbuki Merkorma şirkətinin çətiri altında indi bağışlanan şəxs ölkəmiz əleyhinə casusluq fəaliyyəti göstərmiş,  məhkəmə hökmünə əsasən ətrafına daha çox şəxsləri cəlb etmək üçün gizli sövdələşmələr aparmışdı. Fransa Xarici İşlər Nazirliyi 23 sentyabrda prezidentin addımını “humanitar jest” adlandırıb və Azərbaycan tərəfinə təşəkkür edib. Lakin hüquqi əməkdaşlıq birtərəfli ola bilməz. 

Əgər hər gün bir ölkənin ərazisi digərinə qarşı zorakılıq, terror, kütləvi iğtişaş törətmək və ya konkret şəxsə qarşı cinayətə çağırışlara çevrilirsə, onu “ifadə azadlığı” kimi qiymətləndirmək olmaz, əksinə ABŞ-ın qanunvericiliyi konkret cinayətlər üzrə eksterritorial yurisdiksiya prinsipi ilə hərəkət edir.

Ona görə də ölkəmizdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və aidiyyəti təhlükəsizlik və media qurumlarının iştirakı ilə Azərbaycan Respublikasına qarşı xaricdən həyata keçirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər, beynəlxalq hüquqi yardım və ekstradisiya mexanizmlərinin nəticələri haqqında xüsusi hesabatın hazırlanmasına ehtiyac var. Sənəddə son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, onların neçə faizinin icra edildiyi, neçə sorğunun cavabsız qaldığı, imtinanın hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi vəziyyəti, axtarışda olan şəxslərlə bağlı görülmüş tədbirlər ayrıca göstərilə bilər.

Eyni zamanda Avropa Şurası qarşısında da məsələ qaldırıla bilər ki, qarşılıqlı hüquqi yardım Konvensiyasının tətbiqinə dair ölkələr üzrə real göstəricilər daha şəffaf olsun. Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır.

Azərbaycan prokurorluq orqanlarını mühüm beynəlxalq hüquqi alətlərdən daha fəal istifadə etməyə çağırırıq.

Zahid Oruc

Millət vəkili