Ərdoğan Azərbaycanı təbrik edib
09 Noyabr 2026, 14:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
331
29.09.2026, 20:38
Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsini köklü şəkildə dəyişdirə biləcək TRIPP layihəsi artıq təkcə regional nəqliyyat xətti kimi deyil, böyük geosiyasi və iqtisadi platforma kimi diqqət mərkəzindədir. Ermənistan Baş naziri Nikol Paşinyanın BMT tribunasından verdiyi son bəyanata əsasən, ABŞ və Ermənistan arasında təsis edilən “TRIPP Development Company” vasitəsilə həyata keçiriləcək layihədə Vaşinqton ilkin olaraq 74 faiz, İrəvan isə 26 faiz paya sahib olacaq. Razılaşmanın müddəti uzadılacağı təqdirdə, 50-ci ildə Ermənistanın payının əlavə sərmayə qoyulmadan 49 faizə çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində Meğri və Yerasx dəmir yollarının bərpası, eləcə də Azərbaycan–Naxçıvan və Ermənistan–Türkiyə nəqliyyat bağlantılarının açılması planlaşdırılır. Azərbaycan üçün bu prosesin ən mühüm elementi 2025-ci il Vaşinqton Bəyannaməsinə uyğun olaraq Naxçıvanla birbaşa və maneəsiz dəmir yolu əlaqəsinin bərpa edilməsidir. ABŞ-nin əsas institusional tərəfdaş kimi prosesə qoşulması Cənubi Qafqazın iqtisadi və tranzit infrastrukturu üzərində uzunmüddətli qlobal maraqlar balansı formalaşdırır. Bu yeni korporativ və logistik model region ölkələri üçün həm rəqabət şəraitini sərtləşdirir, həm də iqtisadi qarşılıqlı asılılığı artıraraq uzunmüddətli əməkdaşlıq üçün yeni mexanizmlər yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Asif İbrahimov TRIPP layihəsinin yaradacağı yeni geoiqtisadi reallıqları, ABŞ-nin layihədəki rolunu və Azərbaycan üçün strateji dividentləri belə təhlil edib.
İqtisadçının sözlərinə görə, TRIPP layihəsində ABŞ-nin 74 faizlik ilkin paya sahib olması məsələyə yalnız maliyyə yatırımı kimi deyil, Cənubi Qafqazda uzunmüddətli institusional və geoiqtisadi iştirak kimi baxmağı tələb edir:
"74 faizlik pay təkcə investisiya göstəricisi deyil. Bu, şirkət səviyyəsində ABŞ-a layihənin inkişafı, idarə olunması və strategiyasının müəyyənləşdirilməsində əsas rol verir. Eyni zamanda Ermənistanın TRIPP ərazisində suverenliyi, sərhəd və gömrük yurisdiksiyası saxlanılır. Yəni söhbət torpaq güzəştindən deyil, xüsusi korporativ mexanizm əsasında idarə olunan infrastrukturdandan gedir”.
Onun sözlərinə görə, Birləşmiş Ştatların bu layihədə əsas payçı kimi yer alması Cənubi Qafqazın nəqliyyat dəhlizlərinin artıq yalnız regional oyunçuların deyil, qlobal güclərin də birbaşa maraq dairəsində olduğunu göstərir.
Asif İbrahimov bildirib ki, layihənin Azərbaycan üçün ən strateji tərəfi Naxçıvan Muxtar Respublikası ilə materik Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasıdır:
"2025-ci il Vaşinqton Bəyannaməsi ilə təsbit olunmuş bu bağlantı ölkəmizin qərb istiqamətində nəqliyyat sistemini daha da şaxələndirəcək. Bu, təkcə sərnişin daşınması deyil, yükdaşımalar, tranzit, gömrük və logistika xidmətləri üçün nəhəng imkan deməkdir. Burada iki mühüm istiqamət inteqrasiya olunur: Azərbaycan–Naxçıvan xətti və Ermənistan–Türkiyə dəmir yolu bağlantısının açılması perspektivi. Paşinyanın BMT-də Meğri və Yerasx xətlərinin bərpasını qeyd etməsi bu mənzərəni tamamlayır. Nəticədə Azərbaycan–Naxçıvan–Türkiyə marşrutu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə əlaqələnərək böyük bir Avrasiya logistika halqası formalaşdıracaq”.
İqtisadçı vurğulayıb ki, yeni marşrutların ortaya çıxması regionda tranzit yüklər uğrunda rəqabəti artıracaq və Azərbaycan bu prosesə hazır olmalıdır:
"Əsas məsələ yalnız yeni yolun açılması ilə bitmir. Azərbaycan bu marşrutu rəqabətqabiliyyətli logistika məhsuluna çevirməlidir. Tariflər, daşınma müddəti, rəqəmsal gömrük prosedurları və multimodal daşımalar həlledici faktor olacaq. TRIPP layihəsinin reallaşması ilə Cənubi Qafqazda siyasi gərginliklərin iqtisadi qarşılıqlı asılılığa keçməsi sürətlənə bilər. Dəmir yolu, avtomobil xətləri və kommunikasiyaların bərpası region ölkələrinin maraqlarını bir-birinə bağlayır”.
Asif İbrahimov yekunda qeyd edib ki, TRIPP-in real iqtisadi əhəmiyyəti təkçə relslərin döşənməsi ilə məhdudlaşmır. Əsas nəticə tranzit, anbar, sığorta, turizm və ticarət xidmətlərini əhatə edən çoxşaxəli yeni logistika ekosisteminin yaranması olacaq.
Çimnaz Telmanqızı
15:00 / 09 Noyabr 2026
1
14:58 / 09 Noyabr 2026
12
14:55 / 09 Noyabr 2026
26
14:42 / 09 Noyabr 2026
60
14:37 / 09 Noyabr 2026
60
14:29 / 09 Noyabr 2026
150
14:22 / 09 Noyabr 2026
148
14:17 / 09 Noyabr 2026
80
14:06 / 09 Noyabr 2026
780
14:04 / 09 Noyabr 2026
102
13:44 / 09 Noyabr 2026
667
13:21 / 09 Noyabr 2026
120
13:11 / 09 Noyabr 2026
315
12:57 / 09 Noyabr 2026
1564
12:55 / 09 Noyabr 2026
123
12:40 / 09 Noyabr 2026
224
12:27 / 09 Noyabr 2026
180
12:15 / 09 Noyabr 2026
347
12:03 / 09 Noyabr 2026
1329
11:56 / 09 Noyabr 2026
137
11:56 / 09 Noyabr 2026
265
11:43 / 09 Noyabr 2026
146
11:37 / 09 Noyabr 2026
320
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.