Mayın 12-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
“Oxu24.com” xəbər verir ki, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Ali Baş Komandanın ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun hərbi potensialı haqqında söylədikləri fikirlərə əsaslanaraq Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
General-polkovnik Z.Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib.
Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən Müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.
Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib.
General-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə müvafiq göstərişlər verib.
Oxu24.com
ŞƏRHLƏR