Qaynar xətt:

(+99450) 247 90 86

“Forbes”in iddialarına aydınlıq: JF-17 qırıcılarının alınmasının əsas səbəbi nədir?  

“Forbes”in iddialarına aydınlıq: JF-17 qırıcılarının alınmasının əsas səbəbi nədir?  

SİYASƏT

70

03.08.2026, 10:07

"Forbes" jurnalında dərc olunan son məqalədə İran ətrafında yaranmış hərbi gərginliyin Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanlarını gücləndirməsinə təkan verdiyi iddia olunub. Məqalədə ölkəmizin Pakistan istehsalı olan "JF-17C Block III" çoxməqsədli qırıcılarını sırf bu təhdidlərə qarşı silahlanmaya qəbul etdiyi vurğulanır. Lakin hərbi-texniki əməkdaşlıq xronologiyası və regional təhlükəsizlik dinamikası məsələnin daha dərin və strateji köklərə malik olduğunu göstərir. 

Mövzu ilə bağlı Oxu24.com-a özəl açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla "Forbes" jurnalının iddialarına aydınlıq gətirib və İran istiqamətindən qaynaqlanan təhdidləri, eləcə də Azərbaycanın HHM strategiyasını təhlil edib.

"JF-17 qırıcıları İran müharibəsinə görə alınmayıb"

Siyasi şərhçinin sözlərinə görə, "Forbes" jurnalının JF-17 qırıcılarının alınmasını sırf İrandakı müharibə və onun nəticələri ilə bağlaması reallığı tam əks etdirmir:

"Azərbaycan Pakistandan 'JF-17C Block III' qırıcılarını İrandakı müharibədən müdafiə olunmaq üçün almayıb. Bu hərbi əməkdaşlığın tarixi daha əvvələ dayanır. İlkin razılaşma hələ 2024-cü ilin fevralında əldə olunub, 2025-ci ilin mayında isə iki ölkə arasında 4,2 milyard dollar dəyərində müqavilə imzalanıb. 2025-ci ilin Zəfər paradında bu qırıcıların ilk partiyası nümayiş etdirildi və hazırda onlar tam şəkildə Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına təhvil verilib”.

Müşfiq Abdulla qeyd edib ki, JF-17 qırıcıları hava hücumundan müdafiə (HHM) sistemindən ziyadə, hücum və çoxməqsədli döyüş təyyarələridir. Bununla belə, onların müasir texnologiyaları hava təhlükəsizliyinə böyük töhfə verir:

”Qırıcılar aktiv elektron skanlı massiv (AESA) radarları ilə təchiz olunub ki, bu da düşmən hədəflərini dərhal aşkarlamağa imkan verir. Beyond Visual Range (görünüş sahəsindən kənar) raketləri vasitəsilə hədəfləri havada dərhal məhv etmək mümkündür.

Məlumatlara görə, bu qırıcılara Türkiyə istehsalı olan "Gökdoğan" və "Bozdoğan" raketlərinin də inteqrasiya edilməsi nəzərdə tutulur”.

Müsahib vurğulayıb ki, Azərbaycan sırf HHM istiqamətində də son illərdə ciddi addımlar atıb. Ötən ilin Zəfər paradında Çindən alınan və dünyada böyük rezonans doğuran HQ-9B HHM sistemləri nümayiş olunub, eləcə də İsraildən Barak MX sistemləri alınıb.

İrandan gələn hərbi və siyasi təhdidlərə toxunan şərhçi, Tehranın mənfi informasiya kampaniyalarının əsas siyasi motivlərini belə izah edib:

"Mart ayında Naxçıvana edilən dron hücumu Azərbaycanın HHM sistemlərini təkmilləşdirməsini bir daha zəruri etdi. Martın 26-da İran Xarici İşlər Nazirliyi və SEPAH tərəfindən müharibənin iki istiqamətdə — cənubda Bab əl-Məndəb boğazı, şimalda isə Xəzər dənizi istiqamətində genişlənə biləcəyi barədə bəyanat verildi. Bu, birbaşa Azərbaycan üçün təhlükə mənbəyidir. İranda Azərbaycanın dövlət müstəqilliyi və müstəqil siyasəti ilə barışmaq istəməyən şovinist və panfarsist dairələr var. Onlar vaxtaşırı Bakı-Tbilisi-Ceyhan neft kəmərini və neft yataqlarımızı vurmaqla bağlı çağırışlar edirlər”.

Siyasi şərhçi həmçinin iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın Rusiyaya silah daşıyan gəmisini vurmasından sonra regionda eskalasiyanın daha da dərinləşdiyini bildirib. Tərəflərin qarşılıqlı zərbə xəbərdarlıqları Xəzər dənizini hərbi qarşıdurma ocağına çevirir.

Müşfiq Abdulla əlavə edib ki, Ermənistanda iyulun 7-də keçirilən parlament seçkilərindən sonra hakim partiyanın konstitusiya çoxluğu əldə edə bilməməsi sülh müqaviləsinin bağlanmasını və konstitusiya dəyişiklikləri məsələsini sual altına salıb:

"Bütün bu amillər — İrandan gələn təhdidlər, Xəzərdəki gərginlik və Ermənistandakı qeyri-müəyyənlik Azərbaycanın həm HHM, həm də hücum mövqeyini gücləndirməsini şərtləndirir. Azərbaycan başqa ölkənin ərazisinə hücum etmək niyyətində deyil, lakin öz suverenliyini, neft-qaz obyektlərini və hava məkanını qorumaq üçün hərbi arsenalını möhkəmləndirməyə davam edəcək”.

Çimnaz Telmanqızı