İlham Əliyevin bu çıxışı mühüm siqnal oldu — DETALLAR
20 İyun 2026, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
525
20.06.2026, 13:16
Dövlət və vətəndaş arasında körpü rolunu oynayan dövlət qulluqçuları ölkənin idarəetmə sisteminin əsas sütunlarından hesab olunur. Azərbaycanda hər il 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və həmin ildən etibarən qeyd olunur.
Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi ölkələrin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri hesab olunur. Texnoloji inkişafın sürətlənməsi və vətəndaşların dövlət xidmətlərindən gözləntilərinin artması dövlət qulluğu sisteminin də daim yenilənməsini zəruri edir. Bu baxımdan ölkədə son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır.
Bu gün rəqəmsal həllər, innovativ idarəetmə modelləri və insan resurslarının idarə olunmasında müasir yanaşmalar dövlət qulluğunun inkişafında əsas istiqamətlərdən hesab olunur. Azərbaycanda da həyata keçirilən islahatlar dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir.
Bəs qarşıdakı dövrdə dövlət qulluğu sistemində hansı yeniliklər gözlənilir?
Bu barədə Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, dövlət xalqın yaratdığı və xalqa xidmət etmək üçün mövcud olan bir təsisatdır:
“Şübhəsiz ki, dövlət xalqın siyasi təşkilatlanmasının ən ali formasıdır. Dövlətin ideya əsasları və fəlsəfəsi də məhz xalqa xidmət etmək üzərində qurulub. Bu məqsədlə müxtəlif mexanizmlər, institusional qurumlar və təsisatlar yaradılır ki, vətəndaşların dövlətə göstərdiyi etimad öz qarşılığını tapsın.
Bəzən dövləti vətəndaş müqaviləsi təşkilatı kimi xarakterizə edirik və bu, həqiqətən də belədir. Dövlət-vətəndaş münasibətlərində dövlət qulluqçusu xüsusi rol oynayır. O, bir tərəfdən xalqın nümayəndəsi kimi dövlətdə təmsil olunur, digər tərəfdən isə dövlətin nümayəndəsi kimi onun xidmətlərini vətəndaşlara çatdırır. Beləliklə, xalq və dövlət anlayışları dövlət qulluqçusunun fəaliyyətində birləşmiş olur. Bu baxımdan Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis olunması və qeyd edilməsi mühüm əhəmiyyət daşıyır. Bu gün həm dövlət qulluqçularının əsas vəzifə və funksiyalarını xatırladır, həm də onların cəmiyyət üçün daşıdığı əhəmiyyəti bir daha ön plana çıxarır.
Düşünürəm ki, bu bayramın qeyd olunması sosioloji, hüquqi və ictimai münasibətlər baxımından olduqca dəyərli və əhəmiyyətlidir. Lakin həyatın, sosial və iqtisadi münasibətlərin dinamik inkişafı dövlət qulluğu sahəsində də davamlı islahatların aparılmasını zəruri edir. Azərbaycan da öz dövlətçilik inkişafı mərhələlərində zamanın tələblərinə uyğun ən optimal qərarlar qəbul etməyə və zəruri islahatları həyata keçirməyə çalışır. Əksər hallarda isə bu istiqamətdə uğurlu nəticələr əldə olunur”.
Milli Məclisin deputatı dövlət-vətəndaş münasibətlərində yeni bir mərhələnin formalaşmasına diqqət çəkib:
“Rəqəmsal inkişaf, elektron hökumət və müasir texnologiyaların dövlət idarəçiliyinə inteqrasiyası yeni islahatların həyata keçirilməsini zəruri edir. Son illərdə Azərbaycanda da həm hüquqi, həm də idarəetmə baxımından yeni institutlar yaradılır, mövcud mexanizmlər təkmilləşdirilir, idarəetmə sistemi optimallaşdırılır və onun səmərəliliyi artırılır. Bütün bunlar yeni dövrün tələblərinə uyğun şəkildə vətəndaşlara daha keyfiyyətli və operativ xidmət göstərilməsinə xidmət edir.
Təbii ki, belə bir şəraitdə gənclərin dövlət qulluğuna marağı da artır. Birincisi, dövlət qulluqçusu olmaq və dövləti təmsil edən status qazanmaq gənclər üçün cəlbedicidir. İkincisi, dövlət qulluqçusuna verilən səlahiyyətlərdən istifadə edərək xalqa xidmət etmək imkanı özü də mühüm motivasiya mənbəyidir.
Ona görə də hesab edirəm ki, Azərbaycan gəncləri dövlət qulluğuna maraq göstərməyə davam edəcəklər. Bu, böyük qürur mənbəyidir. Xalqın yaratdığı dövlətin adından yenə xalqa xidmət etmək dövlət qulluğunun əsas fəlsəfi mahiyyətini təşkil edir. Azərbaycan xalqı və Azərbaycan gəncləri zəngin dövlətçilik ənənələrinə malik olduqları üçün bunun nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayırlar və dövlət qulluğuna maraq göstərirlər. Bu isə çox müsbət haldır”.
Müsahibimiz vurğulayıb ki, belə mühüm funksiyanı yerinə yetirən dövlət qulluqçularının sosial təminatı, əməkhaqlarının artırılması və xüsusi statusa malik olması da böyük əhəmiyyət daşıyır:
“Çünki dövlət-vətəndaş münasibətlərində mühüm rol oynayan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi onların fəaliyyətinin səmərəliliyinə də müsbət təsir göstərir. Hesab edirəm ki, qarşıdakı illərdə də dövlət qulluğu sahəsində islahatlar davam etdiriləcək. Artıq bunun müəyyən istiqamətlərini müşahidə edirik. Həm institusional baxımdan yeni dövlət qurumları yaradılır, bəzi qurumlar birləşdirilir, bəziləri isə publik hüquqi şəxs statusuna keçirilir. Məqsəd hansı sahədə daha səmərəli fəaliyyət göstərmək mümkündürsə, həmin sahələrdə yeni idarəetmə modellərinin və mexanizmlərinin tətbiq edilməsidir. Eyni zamanda, idarəetmə sisteminin özündə də yeni institutlar formalaşdırılır. Məsələn, Prezidentin səlahiyyətli nümayəndəlik institutu bunun ən bariz nümunələrindən biridir. Bu baxımdan düşünürəm ki, qarşıdakı mərhələdə də yeni islahatların həyata keçirilməsi aktuallığını qoruyacaq. Nəticə etibarilə isə bütün bunlar dövlət-vətəndaş münasibətlərinin daha da dərinləşməsinə, dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və vətəndaş məmnunluğunun artmasına xidmət edəcək”.
Oxu24.com-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlət qulluqçusu olmaq böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir:
“Azərbaycanda dövlət qulluğu sahəsində ardıcıl islahatlar həyata keçirilir. Bu gün dövlətimizin bu sahədə bir sıra mühüm islahatlar həyata keçirdiyinin şahidiyik. Dövlət strukturlarının fəaliyyəti daha da təkmilləşdirilir, yeni qurumlar yaradılır, bəzi strukturlar birləşdirilir, optimallaşdırma işləri aparılır. Bütün bunlar dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət edir.
Eyni zamanda, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində də böyük işlər görülür. Elektron xidmətlərin əhatə dairəsi genişləndirilir, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artırılır.
Gənclərin dövlət qulluğuna marağına gəldikdə isə, bu gün onların bu sahəyə böyük maraq göstərdiyini müşahidə edirik. Dövlət qulluğuna qəbul imtahanlarında çoxsaylı gənclərin iştirakı bunu bir daha təsdiqləyir. Azərbaycan gəncləri dövlət qulluqçusu olmaq üçün fəallıq göstərir və bu istiqamətdə çalışırlar.
Hesab edirəm ki, son illərdə dövlət qulluqçularının əməkhaqlarının artırılması da bu prosesə müsbət təsir göstərib. Xüsusilə əməkhaqqı və sosial təminat sisteminin təkmilləşdirilməsi dövlət qulluğuna marağın artmasında mühüm rol oynayır.
Həyata keçirilən islahatlara gəldikdə isə, dövlət tərəfindən ardıcıl və sistemli addımlar atılır. Optimallaşdırma tədbirləri və idarəetmədə aparılan yeniliklər bunun bariz nümunəsidir. Gələcəkdə isə peşəkar kadrların hazırlanması, dövlət qurumlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və optimallaşdırma prosesinin davam etdirilməsi bu sahənin inkişafına əlavə töhfə verə bilər”.
Oxu24.com-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, dövlət qulluğu hər bir dövlətin idarəetmə sisteminin əsas dayaqlarından biridir:
“Azərbaycanda da son illər bu sahədə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha şəffaf və effektiv qurulmasına xidmət edir. Xüsusilə rəqəmsallaşma prosesinin sürətlənməsi, elektron xidmətlərin genişləndirilməsi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi dövlət qulluğunun keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verib. Bu gün vətəndaşların dövlət orqanları ilə münasibətlərində rəqəmsal xidmətlər mühüm yer tutur. Elektron platformaların inkişafı həm xidmətlərin əlçatanlığını artırıb, həm də dövlət qulluqçularının iş yükünün daha səmərəli təşkilinə imkan yaradıb. Vaxt itkisi azalıb, operativlik yüksəlib, şəffaflıq və hesabatlılıq güclənib. Müasir dövlət idarəçiliyi artıq rəqəmsal texnologiyalarsız təsəvvür edilmir. Dövlət qulluğu gənclər üçün də öz əhəmiyyətini qoruyub saxlayır. Dövlətə və cəmiyyətə xidmət etmək, peşəkar inkişaf imkanları əldə etmək və sabit karyera qurmaq istəyən gənclər üçün bu sahə mühüm perspektivlər vəd edir. Bununla yanaşı, gənclərin dövlət qulluğuna marağının daha da artırılması məqsədilə ali təhsil müəssisələri ilə dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə proqramlarının artırılması və karyera imkanları barədə məlumatlandırma işinin gücləndirilməsi vacibdir. Dövlət qulluqçularının sosial təminatı və əməkhaqqı sistemi də xüsusi əhəmiyyət daşıyır. Layiqli əməkhaqqı, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və peşəkar fəaliyyətin stimullaşdırılması dövlət qulluqçularının motivasiyasına və işinin səmərəliliyinə birbaşa təsir göstərir. Güclü dövlət qulluğu sistemi ilk növbədə peşəkar və sosial cəhətdən təmin olunmuş kadrlar üzərində qurulur”.
Deputat hesab edir ki, qarşıdakı illərdə dövlət qulluğunda rəqəmsal transformasiya daha da sürətlənəcək, süni intellekt əsaslı həllərin tətbiqi genişlənəcək, insan resurslarının idarə olunması sahəsində yeni mexanizmlər formalaşacaq:
“Bütün bunlar dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasına və vətəndaş məmnunluğunun daha da artırılmasına xidmət edəcək. 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.
14:44 / 20 İyun 2026
43
14:32 / 20 İyun 2026
63
14:18 / 20 İyun 2026
47
13:42 / 20 İyun 2026
60
13:38 / 20 İyun 2026
177
13:34 / 20 İyun 2026
51
13:07 / 20 İyun 2026
124
13:02 / 20 İyun 2026
55
12:39 / 20 İyun 2026
595
12:29 / 20 İyun 2026
157
12:26 / 20 İyun 2026
79
12:22 / 20 İyun 2026
225
12:14 / 20 İyun 2026
99
11:48 / 20 İyun 2026
491
11:34 / 20 İyun 2026
1705
10:40 / 20 İyun 2026
86
09:49 / 20 İyun 2026
113
09:46 / 20 İyun 2026
100
09:44 / 20 İyun 2026
105
00:22 / 20 İyun 2026
1621
00:13 / 20 İyun 2026
2449
00:10 / 20 İyun 2026
157
23:56 / 19 İyun 2026
7131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.