Prezidentin Fərmanı bu şəxslərə də ŞAMİL OLUNACAQMI? — AÇIQLAMA
07 May 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
42
07.05.2026, 15:10
Fransa Prezidenti Emmanuel Makronun İrəvanda verdiyi mesajlar regionda geosiyasi balans, Ermənistanın xarici siyasətdəki mövqeyi və Qərbin Cənubi Qafqaza yanaşması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Makronun xüsusilə Ermənistanın keçmişdə Rusiyanın təsiri altında olması ilə bağlı səsləndirdiyi fikirlər və 2020-ci il müharibəsi dövrünə dair açıqlamaları həm region dövlətlərinin münasibətləri, həm də böyük güclərin bölgədəki rəqabəti baxımından diqqət çəkir. Bu çıxış Ermənistanın uzun illər müxtəlif güc mərkəzlərinin təsiri altında siyasət yürütməsi ilə bağlı formalaşmış yanaşmaları bir daha gündəmə gətirib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Mətin Məmmədlinin qənaətinə görə Makronun İrəvanda səsləndirdiyi fikirlər, Azərbaycanın uzun illərdir dediyi reallığı dolayısı ilə təsdiq edir.
O, APA-ya açıqlamasında vurğulayıb ki, Azərbaycan uzun illərdir həm rəsmi səviyyədə, həm də qeyri-rəsmi səviyyədə bildirir ki, Ermənistan müstəqil dövlət kimi, müstəqil aktor kimi davranmır, daha çox xarici ölkələrin, xarici güc mərkəzlərinin təsiri altında öz siyasətini müəyyənləşdirir, digər ölkələrlə münasibətlər yaradır: “Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın müstəqil dövlət deyil, forpost olduğunu bildirib. Əslində, Ermənistanın öz maraqlarından deyil, daha çox digər dövlətlərin və bəzilərinin maraqlarından çıxış etməsi bölgənin təhlükəsizlik mühitinə ciddi mənfi təsir göstərib. Makronun “8 il əvvəl bu ölkə danışıqlar masasında de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu” sözləri Azərbaycanın, onun rəhbərinin uzun illərdir səsləndirdiyi həqiqətin artıq beynəlxalq səviyyədə etiraf olunduğunun göstəricisidir”.
44 günlük müharibə dövründə Fransanın “vasitəçiliyi”
Makronun “Rusiya 2020-ci ildə sizə kömək etmədi. Fransa isə burada idi və indi də yanınızdadır” açıqlaması isə Fransanın 44 günlük müharibə dövründə Ermənistana dəstək verdiyini bir daha ortaya qoydu. Bu bəyanat Parisin həmin dövrdə neytral vasitəçi kimi davranmadığın, Ermənistanın yanında durduğunu göstərir. Halbuki Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi balanslı mövqe nümayiş etdirməli idi. Bu cür açıqlamalar isə Fransanın vasitəçilik iddialarının obyektivliyinə ciddi suallar yaradır.
BMTM Şöbə müdirinin sözlərinə, Makronun 44 günlük müharibə dövründə Ermənistana dəstək verilməsi ilə bağlı verdiyi açıqlama bir daha onu göstərir ki, Fransa heç bir zaman klassik mənada neytral vasitəçi olmayıb.
“Fransanın uzun illər ərzində münaqişə dövründə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olmasına baxmayaraq tərəfsiz mövqe sərgiləməyib. Həmsədrlik və ümumiyyətlə, vasitəçilik institutunun bəlli kriteriyaları və meyarları var. Yəni vasitəçi, ilk növbədə, ən azı formal da olsa, tərəflər arasında balansı qorumalıdır. Ancaq Fransa birtərəfli şəkildə Ermənistanı dəstəkləmək siyasəti həyata keçirib, bu isə artıq Makron tərəfindən açıq şəkildə etiraf olunur,” - deyə o, əlavə edib.
Fransanın Azərbaycana qarşı siyasi təzyiq cəhdləri
Son illər Fransa Avropa strukturlarında və beynəlxalq platformalarda Azərbaycana qarşı siyasi təzyiq mexanizmlərinin formalaşdırılmasına çalışan əsas ölkələrdən biri kimi çıxış edir. Parisin Azərbaycana qarşı sanksiyalar təşəbbüsləri, məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması istiqamətində addımları və anti-Azərbaycan qətnamələrinin təşviqi bunu açıq şəkildə göstərir. Bu siyasət Fransanın regionda balanslı yanaşmadan uzaqlaşdığını və erməni tərəfinin maraqları çərçivəsində hərəkət etdiyini ortaya qoyur.
Mətin Məmmədli qeyd edir ki, Fransanın Azərbaycana qarşı sanksiya təşəbbüsləri, məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdləri və “erməni əsirləri” mövzusunda açıq şəkildə İrəvanın yanında dayanmasının əsas geosiyasi məqsədi” ilk növbədə” Fransanın Ermənistan vasitəsilə regionda öz təsir dairəsini formalaşdırmaq və mövqeyini gücləndirmək cəhdidir: “90-cı illərdən üzü bəri Fransa daha çox Ermənistan mərkəzli siyasət həyata keçirib və regionda Ermənistanı özünün dayaq nöqtəsi kimi qəbul edib. İkinci Qarabağ müharibəsindən sonra isə bu siyasət yeni fazaya daxil olub və daha fəal şəkildə rəsmi Paris tərəfindən həyata keçirilir. Burada əsas məqsəd, ilk növbədə, Ermənistan vasitəsilə regionda öz mövqeyini gücləndirməkdir. Yəni bu, birtərəfli, təktərəfli və Ermənistan mərkəzli siyasətdir. Bu siyasət də haqlı olaraq Azərbaycan tərəfindən qəbul edilmir və dəfələrlə qeyd olunub ki, belə siyasət nəinki Fransanın regionda mövqeyini gücləndirir, əksinə, Fransanın geosiyasi təsirini zəiflədir,” - o, deyib.
Politoloqun qənaətinə görə, bir ölkənin regionda birtərəfli qaydada siyasət həyata keçirməsi, regionda maraqları olan güc mərkəzi üçün qəbuledilməzdir: “Nəzərə alsaq ki, Cənubi Qafqazın əsas aparıcı dövləti məhz Azərbaycandır, belə bir dövlətlə münasibətləri korlamaq heç bir halda Fransanın geosiyasi maraqlarına cavab verməməlidir. Təbii ki, Fransanın belə siyasət həyata keçirməsinin arxasında müəyyən geosiyasi maraqlar dayanır. Eyni zamanda, Fransa daxilindəki güclü erməni lobbi və diaspor qruplarının Fransa xarici siyasətinə təsirini də unutmamalıyıq.”
Fransa-Ermənistan hərbi əməkdaşlığı
Həmçinin oxuyun
Makron və Paşinyan arasında imzalanan hərbi texnologiyalar, müdafiə sistemlərinin araşdırılması və hərbi ləvazimatların tədarükü ilə bağlı sazişlər Fransa Ermənistan münasibətlərinin həm də təhlükəsizlik və hərbi müstəviyə keçdiyini göstərir. Parisin Ermənistana silah və hərbi texnika dəstəyi bölgədə yeni gərginlik riskləri yaradır. Azərbaycan tərəfi hesab edir ki, regionda davamlı sülhə nail olmaq üçün hərbi yarışın deyil, siyasi dialoqun təşviq olunmasına ehtiyac var.
Mətin Məmmədlinin fikrinə görə, bu razılaşmalar və imzalanan sənədlər regionda yeni hərbi-siyasi mərhələnin əlaməti kimi qəbul edilə bilər.
O vurğulayıb ki, istər Fransa-Ermənistan strateji tərəfdaşlıq sazişi, istərsə də Ermənistanla Fransa arasında hərbi sahədə əməkdaşlıq sazişləri olsun, bu imzalanan sənədlərin əsas məqsədi Ermənistanı tədricən Rusiya hərbi-siyasi platformasından çıxararaq Qərbin hərbi-siyasi platformasına daxil etməkdir: “Son illərdə Fransa ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq xeyli artıb və tərəflər arasında hərbi əməkdaşlığı özündə ehtiva edən bir çox sənədlər imzalanıb. Onu da əlavə etmək istərdim ki, Ermənistanın silahlanması və bu sahədə Fransa kimi dövlətlərin ciddi dəstək verməsi heç də Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə və sülh gündəliyinə uyğun deyil. Yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq sülh əldə olunub. Ancaq normallaşma prosesi hələ də davam edir və bu proses məntiqi yekununa çatmayıb. Belə bir mərhələdə Ermənistan kimi, uzun illər ərzində Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirmiş bir dövlətin yenidən silahlandırılması, qeyd etdiyim kimi, bölgədə dayanıqlı sülhün formalaşmasına xidmət etmir”.
Hər bir ölkənin beynəlxalq hüquq normalarına uyğun olaraq digər dövlətlərlə hərbi sahədə əməkdaşlıq edə və silahlana biləcəyi faktını vurğulayan Mətin Məmmədli Ermənistanın vəziyyətinin bir qədər fərqli olduğunu deyib: “Çünki Ermənistan uzun illər ərzində qonşusuna qarşı təcavüzkar siyasət yürüdüb və onun ərazilərini işğal edib. Belə bir ölkəni silahlandırmaq, təbii ki, bölgədə yeni hərbi-siyasi eskalasiya riskini yaradır. Fransa bu məsələdə bir qədər ehtiyatlı olmalıdır. Yəni Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin yekununu gözləməlidir”.
Fransanın vasitəçilik iddiası dəstəklənmir
Makronun Fransanın regionda “vasitəçilik rolunu oynamağa davam edəcəyi” ilə bağlı bəyanatı da mübahisəli qarşılanır. Çünki vasitəçi statusu üçün əsas şərt neytrallıq və tərəflərə bərabər məsafədə dayanmaqdır. Fransa isə son illərdə açıq şəkildə Ermənistanı müdafiə edən tərəf kimi çıxış edib. Bu baxımdan Parisin vasitəçilik missiyasına etimad ciddi şəkildə zəifləyib. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında artıq birbaşa danışıqlar mexanizmi formalaşıb və xarici müdaxilə olmadan nəticə əldə etməyin mümkün olduğu görünür.
BMTM Şöbə müdiri bildirir ki, bütün bu baş verənlər fonunda Makronun vasitəçilik missiyasından danışması o qədər də ciddi səslənmir: “Çünki vasitəçilik üçün qarşı duran tərəflərin hər ikisinin vasitəçiyə etimadı olmalıdır. Azərbaycanın isə Fransaya etimadı yoxdur. İlk növbədə, əvvəllər də qeyd etdiyimiz kimi, təktərəfli və tərəfkeş mövqeyinə görə Fransa artıq bu etimadı itirib. O səbəbdən də Fransa prezidentinin vasitəçilikdən danışması, qeyd etdiyimiz kimi, ciddi və inandırıcı səslənmir. Eyni zamanda, Fransanın belə mövqeyi əlbəttə ki, Azərbaycanla münasibətlərə də ciddi surətdə təsir göstərir”.
Makron İrəvanda qeyri-adi davranışları siyasi mesaj kimi
Makronun İrəvanda küçələrdə qaçması, rəqs etməsi, mahnı oxuması və nümayişkaranə emosional davranışları diplomatik protokol baxımından qeyri-adi görüntü yaratdı. Bu davranışlar bir çox müşahidəçilər tərəfindən Ermənistan cəmiyyətinə, xüsusilə Paşinyan hakimiyyətinə açıq siyasi dəstək mesajı kimi qiymətləndirildi. Qarşıdan gələn seçkilər fonunda Makronun bu davranışları Fransanın Paşinyan hakimiyyətinə beynəlxalq legitimlik qazandırmağa çalışdığı barədə fikirləri gücləndirir.
Politoloq Mətin Məmmədlinin sözlərinə görə, Makronun İrəvandakı emosional davranışları, mahnı oxuması, rəqs etməsi və Paşinyanla nümayişkaranə yaxınlıq görüntüsü yaratması diplomatik protokoldan kənar, siyasi mesaj xarakteri daşıyan davranışlardır.
O qeyd edib ki, bununla Emmanuel Makron Nikol Paşinyan hakimiyyətinə öz dəstəyini açıq şəkildə nümayiş etdirdi: “Görünən odur ki, bu dəstək həm də Nikol Paşinyan üçün böyük əhəmiyyət daşıyır. Qarşıdan gələn kritik seçkilər ərəfəsində Paşinyan və komandası düşünürəm ki, məhz Fransanın timsalında Avropa ölkələrinin dəstəyindən maksimum şəkildə yararlanmağa çalışacaq. Makron son İrəvan səfərində özünü neytral Avropa dövlətinin lideri kimi deyil, daha çox Ermənistanın Qərbə inteqrasiyasının himayədarı obrazında təqdim etdi. Hətta ümumilikdə Ermənistanın yeni hamisi kimi çıxış etdiyini də demək mümkündür. O, həm davranışları, həm də çıxışları ilə bu görüntünü formalaşdırmağa çalışdı”.
Beləliklə, Emmanuel Makronun İrəvanda səsləndirdiyi mesajlar və nümayiş etdirdiyi siyasi davranışlar Fransanın Cənubi Qafqaz siyasətində Ermənistan mərkəzli yanaşmasını bir daha açıq şəkildə ortaya qoymuş oldu. Səsləndirilən fikirlər həm Ermənistanın uzun illər böyük güclərin təsiri altında siyasət yürütməsi ilə bağlı mövqeləri təsdiqlədi, həm də Fransanın regionda neytral vasitəçi kimi çıxış etmək niyyətinin üzərindən xətt çəkdi. Eyni zamanda, Parisin Ermənistanla hərbi və siyasi əməkdaşlığı dərinləşdirməsi regionda yeni geosiyasi və təhlükəsizlik riskləri ilə bağlı narahatlıqları artırır.
Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün xarici güclərin rəqabətindən daha çox, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və qarşılıqlı etimadın gücləndirilməsi əsas şərt olaraq qalır.
15:59 / 07 May 2026
1
15:45 / 07 May 2026
26
15:30 / 07 May 2026
242
15:24 / 07 May 2026
34
15:07 / 07 May 2026
43
15:04 / 07 May 2026
45
15:01 / 07 May 2026
53
14:57 / 07 May 2026
63
14:49 / 07 May 2026
112
14:40 / 07 May 2026
57
14:35 / 07 May 2026
59
14:28 / 07 May 2026
222
14:15 / 07 May 2026
56
14:12 / 07 May 2026
55
14:04 / 07 May 2026
65
13:56 / 07 May 2026
201
13:48 / 07 May 2026
142
13:45 / 07 May 2026
3762
13:42 / 07 May 2026
62
13:18 / 07 May 2026
61
13:08 / 07 May 2026
65
13:01 / 07 May 2026
58
12:57 / 07 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.