Zelenski ABŞ-də keçiriləcək görüşün əsas mövzularını AÇIQLADI
20 Mart 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
141
20.03.2026, 23:06
Zahid ORUC, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Prezident İlham Əliyevin 19 mart tarixli, böyük maliyyə tutumlu və fundamental iqtisadi-sosial mahiyyətli və siyasi dəyişiklikləri özündə ehtiva edən qərarları ilk növbədə, qalib Liderin Vətən müharibəsində Qələbədən sonra güclü idarəçilik sistemi formalaşdırmaq, xalqımızın qarşısında dayanan yeni vəzifələrin həllində çevik, qanuni təminatları yaratmaq, proqnozlaşdırıla bilən, sahəvi rəhbərlərdən asılı olmayan və nəticə etibarilə, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsinə xidmət edən yeni hakimiyyət quruculuğudur.
Məlumdur ki, nəinki müstəqillik, o cümlədən, sovetlər dövründə totalitar ideologiyanın təsiri altında “prestijli”, sadə insanların nəzərində qeyri-rəsmi gəlirlərlə cəlbedicilik qazanan, mahiyyətcə qanunsuzluğa şərait yaratdığı üçün haqsız ağır çəki əldə edən qulluq-məmuriyyət sistemi formalaşmışdı. Yalnız Ulu öndər Heydər Əliyevin 1970-80-ci illərdə yüksək vəzifəli şəxslərin övladlarına qəyyumluq və himayədarlıq əsasında hüquq-mühafizə orqanlarına güclü axın etməsinin qarşısını kəsmək üçün sərt məhdudiyyətlər tətbiq etməsi, zəhmətkeş və sadə insanların mənafelərini qoruması, onları yüksək vəzifələrə irəli çəkməsi sosial ədalət tədbiri kimi hələ də əfsanətək xatirələrdə, əsərlərdə və bədii obrazlarda yaşayır.
Müstəqillik dövründə dövlət idarəçiliyi sistemi yeni dövrün tələblərinə uyğun qurula bilmədi, çünki ölkəmizin məruz qaldığı işğal və xarici təhlükələrə cavab verəcək hökumətin formalaşması üçün təməl şərtlər çox az idi. Hakimiyyətə gələn Ayaz Mütəllibovun yarımsiyasi partnomenklaturası, yaxud Xalq Cəbhəsinin meydanlardan iqtidara daşıdığı aşağı əyarlı kadrlar korpusu güclü idarəçilik sistemi formalaşdıra bilməzdilər.
Sovetlərin sərt ideoloji çərçivələrinə baxmayaraq, güclü milli kadrlar yetişdirən Heydər Əliyev 1993-cü ildən sonra siyasi konsensus yaratmaq üçün bütün qüvvələrlə birgə işləməyə çalışsa da, hakimiyyətin nəinki iqtisadi-sosial, təhsil-səhiyyə bloku, o cümlədən, Konstitusiya üzrə siyasi mənsubiyyət daşımayan məhkəmə sistemi rəhbərliyi belə Yeni Azərbaycan Partiyasına yaxın şəxslərdən formalaşmışdı. “Qalib siyasi qüvvə hakimiyyəti formalaşdırır” prinsipi on illər boyu üstün bir xətti təşkil etdi, müsbət nəticələr versə də, bir sıra şəxslərin etimadı doğrultmaması da gerçək faktdır, beləliklə, tədricən vəzifə kreslolarının məhz peşəkarlıq və Qərb menecmenti keyfiyyətlərinə uyğun bölünməsinə səbəb oldu. İndi 15 nazirdən hamısı Prezidentin yürütdüyü kursun tam tərəfdarı və hakim partiyaya yaxınlığı ilə seçilsələr də, sərt siyasi mənsubiyyət tələblərinin qoyulmaması da yeni dövrün reallığıdır. Silahlı və hüquq-mühafizə blokunu təmsil edən rəhbər şəxslərin konstitusion çərçivələrə baxmayaraq, eyni prinsipial siyasi baxışları Birinci şəxsin kursunun reallaşmasında mühüm çəkiyə malikdir.
İslahatların bir neçə fazadan keçməsi, bir sıra hallarda subyektiv qərarların verilməsi ilk növbədə, Qarabağ amili ilə birbaşa bağlı idi. Məsələn, o dövrdə gömrük-vergi orqanlarında çalışmaq ictimai populyarlıq qazanmışdı, lakin zamanla obrazlı deyilsə, tələb-təklif nisbəti dəyişdi, ikili mühasibatlıq sistemi tədricən aradan qalxdı.
Nəhayət, 30 ildən artıq təcavüzə məruz qalan ərazilərin bütün inzibati-icra hakimiyyəti orqanlarının dövlətimiz tərəfindən qorunub saxlanılması, onların ləğv edilməməsi böyük maliyyə yükünə və sosial ağırlığına baxmayaraq, nəinki bir milyona qədər məcburi köçkünə, o cümlədən, bütün xalqımıza inam aşılayırdı ki, torpaqlarımıza qayıdılacaq və müvafiq təsisatlar dövlət hakimiyyətini yenidən həyata keçirəcəklər.
Son 5 ildə bütün idarəçilik sistemi ərazi bütövlüyümüzün və siyasi suverenliyimizin atributları kimi, müqəddəs Şuşa başda olmaqla, bütün azad torpaqlarda funskiyalarını bərpa etdilər. İndi xüsusi nümayəndəlik institutu Qələbəmizdən sonra meydana gələn yeni, lakin uğurlu idarəçilik təsisatlarından biridir və perspektivdə bütün ölkə miqyasında tətbiq potensialına malikdir. Ona görə də idarəçilik sistemində yeni mərhələyə keçidin məhz qlobal təhlükələr dövründə dayanıqlı və çevik dövlətin qurulmasına xidmət edən ideoloji-siyasi və iqtisadi qərarlar olduğunu bəyan etməliyik.
Prezident İlham Əliyevin məqsədi qanunvericilik dəyişiklikləri vasitəsilə dövlət idarəçiliyində sistemli və dərin institusional transformasiya aparmaqdır.
İslahatları yalnız əməkhaqlarının vahid bazasının yaradılması və konkret nisbətdə artırılması kimi qiymətləndirmək düzgün deyil. Bir çoxları yaxşı xatırlayır ki, Milli Məclis, Məhkəmə və Hökumət orqanları arasında 2000-ci illərin əvvələrində vahid, bir-birilə əlaqəli ödəniş sistemi mövcud idi. Lakin sonralar hər bir hakimiyyət qolu fərqli ödəniş, maliyyələşmə, imtiyaz yolunu tutdu və hazırkı qarışıq, mürəkkəb, əksər hallarda rabitəsiz əmək haqları, ona edilən çoxnövlü əlavələr matrisası və 30-40 ildən sonrakı pensiya kapitalının formalaşması mexanizmi meydana çıxdı. Parlamentdə son 10 ildə müxtəlif hakimiyyət orqanları işçilərinin gələcək pensiya təminatının 80-50 faiz şkalasında dəyişdirilməsinə dair aparılan müzakirələrin necə ağrılı keçdiyini yaxşı xatırlayırıq. İndi aparılan tədbirlərin əsas məqsədi dövlət qulluğu sistemində vahid, şəffaf və ədalətli ödəniş mexanizminin formalaşdırılması, müxtəlif hakimiyyət qolları və dövlət institutları arasında mütənasibliyin təmin edilməsidir.
İlk dəfə, qanunvericilik zərfində konkret ödəniş cədvəlləri və maliyyə göstəriciləri əks olunur. Uzun illər ərzində “statistikanın qapalı olması” problemi aradan qalxır və ictimaiyyətə real müqayisə aparmaq imkanı verilir. Ödənişlər təsadüfi deyil və vahid yanaşmanın formalaşdığını aydın göstərir. Belə ki, müxtəlif hakimiyyət qollarında və dövlət institutlarında oxşar məsuliyyət səviyyəsinə malik vəzifələr üçün yaxın maaş diapazonları müəyyən edilir və mühüm nəticələr çıxarmağa imkan verir.
Birincisi, dövlət idarəçiliyində funksional mütənasiblik gücləndirilir. Qanunverici, icraedici və nəzarətedici orqanlar arasında əməkhaqqı baxımından kəskin fərqlərin aradan qaldırılması onların institusional çəkisini daha obyektiv qiymətləndirməyə xidmət edir.
İkincisi, dövlət qulluğunda “prestij fərqləri” minimuma endirilir. Yəni, artıq müəyyən qurumlarda işləmək yalnız yüksək əməkhaqqına görə deyil, daha çox peşəkarlıq və xidmət motivasiyasına əsaslanacaq.
Üçüncüsü, rəqəmlər dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətini artırır. Məsələn, 5000–12000 manat aralığında müəyyən edilən maaşlar artıq özəl sektorun bir çox sahələri ilə müqayisə edilə bilən səviyyədir və peşəkar kadrların dövlət sektoruna qayıtmasına-cəlb olunmasına real zəmin yaradır. Ulu öndər 1993-cü ildə Prezident Aparatında ödəniş məğləğinin aşağı olması səbəbilə komanda üzvlərinə ikinci iş yerində çalışmaq tapşırığı vermişdi. Bəli, belə bir çətin mərhələdən keçən idarəçilik tariximiz indiki səviyyəyə gəlib çatmaqla dövlətimizin təminat sisteminin nə qədər yüksəldiyini göstərir.
Göründüyü kimi, son inqilabi institusional qərarlar özəl sferadan dövlət qulluğuna geri dönüşü stimullaşdıracaq və peşəkarlığın güclənməsinə səbəb olacaq. Dövlət İmtahan Mərkəzinin son 20 ildə kadrların əsas təsnifatlar üzrə davamlılığı, əmək haqları və karyera quruculuğuna dair datası əsasında tədqiqatlar apararaq, tam mənzərəni aydın görmək olar. Hər halda 29 min 300-dən artıq dövlət qulluqçusunu qorumaq üçün yeni dəyişikliklərin üstünlükləri geniş şəkildə hər bir dövlət-hökumət qurumunda geniş izah olunmalıdır. Son qəbul edilən qanun dövlət qulluğunun vahid sistemə salınmasına, ödəniş və status fərqlərinin azaldılmasına müsbət təsirini göstərəcək. Dövlət artıq sabit rəqəmlərdən dinamik iqtisadi göstəricilərə keçid edir və uzunmüddətli perspektivdə daha dayanıqlı sistemin qurulmasına təminat yaradır.
İslahatların mühüm istiqamətlərindən biri də müxtəlif dövlət qurumlarında əlavə təminatların yenidən tənzimlənməsidir. Xüsusilə, əlavə ödənişlər və sosial təminatlar yüksək vəzifəli şəxslər üçün məhdudlaşdırılır və əsas diqqət sistemin balanslaşdırılmasına yönəldilir, dövlət vəsaitlərinin daha səmərəli bölüşdürülməsi təmin edilir.
Eyni zamanda, dövlətin əsas yükünü daşıyan qurumların – daxili işlər, dövlət təhlükəsizliyi və digər xüsusi xidmət sahələrinin fasiləsiz rejimdə çalışmaları nəzərə alınır, onların imtiyazları və üstün hüquqları qorunur, nəticədə, hüquq-mühafizə və təhlükəsizlik sektorunda peşəkar kadr korpusu qorunur, müvafiq sahələrdə çalışanların gələcək sosial haqlarına təminatlar yaradılır.
Həmçinin oxuyun
Regionlarla bağlı məsələ də xüsusi əhəmiyyət daşıyır. Prezidentin qərarı ilə bölgələr və paytaxt arasında əməkhaqqı fərqlərinin aradan qaldırılması vahid dövlət siyasətinin bütün ölkə üzrə tətbiqinə imkan verir. Bu isə yalnız sosial ədalət deyil, həm də regional inkişaf baxımından mühüm addımdır.
Dəyişikliklərin mühüm uzunmüddətli nəticələrindən biri də pensiya sistemində özünü göstərəcəkdir. Əməkhaqqının vahid və şəffaf qaydalarla müəyyən edilməsi gələcəkdə pensiyaların daha ədalətli və proqnozlaşdırıla bilən şəkildə hesablanmasına imkan verəcək. Artıq pensiya təminatı ayrı-ayrı qurumların daxili qərarlarından deyil, vahid dövlət mexanizmindən asılı olacaq.
Sovetlərdən sonra aparılan pensiya islahatları tam ədalətli vahid sistem yarada bilməmişdi. Mövcud dəyişikliklərin fərqi ondadır ki, burada həm hüquqi, həm iqtisadi, həm də institusional komponentlər bir arada tətbiq olunur.
Nəhayət, islahatların əmək bazarına təsiri də xüsusi vurğulanmalıdır. Yeni əməkhaqqı və motivasiya sistemi dövlət qulluğunu uzunmüddətli və cəlbedici karyera yoluna çevirəcək, peşəkar, sabit və yüksək ixtisaslı kadr bazasının formalaşmasına gətirib çıxaracaq.
Beləliklə, təqdim olunan dəyişikliklər sadəcə maaş artımı deyil, dövlət idarəçiliyində yeni fəlsəfədir - şəffaflıq, ədalət, balans və davamlılıq üzərində qurulan yeni sistemdir.
Gəlin unutmayaq ki, “Dövlət qulluğu” haqqında mövcud qanunvericilik uzun illər əvvəl qonşu ölkələrin uyğunlaşmış modelindən götürlümüşdü və unitar quruluşumuzun idarəçlik sistemi ilə sonadək uzlaşmırdı. Nəticədə, ölkədə vəzifələrin təsnifatı vahid olsa da, eyni funksiyaları yerinə yetirən, lakin müxtəlif dövlət orqanlarında çalışan dövlət qulluqçularının əməkhaqları və sosial təminatları arasında kəskin fərqlər yaranmışdı.
Belə vəziyyət praktikada bir sıra çətinliklərə səbəb olurdu - eyni vəzifəni yerinə yetirən şəxslər arasında ədalətsiz fərqlərin formalaşması, dövlət orqanları arasında əməkhaqqı balansının pozulması və nəticə etibarilə, motivasiya və kadr axını problemlərinin yaranması qaçılmaz olurdu.
Yeni qəbul edilən qərarlar sistemli ədalətsizliyi aradan qaldırmağa yönəlib. Artıq dövlət qulluğunda vəzifələrin təsnifatı daha dəqiq və vahid prinsiplər əsasında müəyyən edilir, eyni vəzifə və məsuliyyət daşıyan şəxslər üçün ödənişlər yaxınlaşdırılır və ya unifikasiya olunur, əməkhaqqı sistemi daha şəffaf və müqayisə edilə bilən səviyyəyə gətirilir.
Prezident dövlət qulluğunda ədalət prinsipini möhkəmləndirir, hakimiyyət qolları arasında mövcud fərqlərin aradan qaldırılması ilə idarəetmədə vahid siyasətin həyata keçirilməsinə imkan yaradır.
Bizə görə, suverenliyin gətirdiyi ən mühüm dəyişikliyi xalqa və öz ailə büdcəsində hiss edəcək hər bir insana düzgün izah etmək ideoloji-siyasi institutların üzərinə düşür. Təminatlı, qanuni və şəffaf idarəçilik sisteminin yaradılması xalqın sosial rifahını təmin etməyə yönələn siyasət kimi təqdim və təbliğ olunmalıdır.
Qərarları gözdən salmağa, ona qarşı aztəminatlı insanlarla yüksək gəlirli dövlət qulluqçularını qarşı qoyub ictimai ədalətsizlik görüntüsü yaratmağa çalışanlara meydan verməmək hər birimiz üçün ən böyük çağırışdır.
00:39 / 21 Mart 2026
33
00:38 / 21 Mart 2026
459
00:30 / 21 Mart 2026
32
00:18 / 21 Mart 2026
43
00:10 / 21 Mart 2026
44
23:57 / 20 Mart 2026
82
23:51 / 20 Mart 2026
142
23:32 / 20 Mart 2026
149
23:21 / 20 Mart 2026
48
23:14 / 20 Mart 2026
56
23:05 / 20 Mart 2026
48
22:58 / 20 Mart 2026
463
22:52 / 20 Mart 2026
61
22:42 / 20 Mart 2026
166
22:20 / 20 Mart 2026
6233
21:59 / 20 Mart 2026
478
21:47 / 20 Mart 2026
93
21:39 / 20 Mart 2026
265
21:29 / 20 Mart 2026
682
21:22 / 20 Mart 2026
173
21:20 / 20 Mart 2026
1341
21:09 / 20 Mart 2026
207
20:56 / 20 Mart 2026
1354
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.