Qaynar xətt:

(+99450) 247 90 86

Davosdan verilən aydın mesajlar: Azərbaycanın qlobal nüfuzu və prinsipial xarici siyasəti  

news/2026_01_21/7afadae508eef03fe1ee_1769000123.webp

SİYASƏT

115

21.01.2026, 16:54

Beynəlxalq münasibətlər sistemində mürəkkəb və ziddiyyətli proseslərin dərinləşdiyi bir dövrdə Azərbaycanın mövqeyini ardıcıl şəkildə gücləndirməsi, eyni zamanda mühüm geosiyasi mərkəzə çevrilməsi ölkəmizin qlobal siyasi güc kimi nüfuzunu daha da artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əməkdaşlıq qurmaqda maraqlı olmaları məhz bu reallığın bariz göstəricisidir. Bu gün Azərbaycan çoxsaylı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla fəal və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq həyata keçirir. Ölkəmizin aktiv iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos İqtisadi Forumu xüsusi yer tutur və bu mötəbər forum Azərbaycanla bağlı obyektiv reallıqların beynəlxalq miqyasda təsdiqi kimi çıxış edir. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzlu xarici media qurumlarına verdiyi müsahibələrin artıq bir ənənəyə çevrilməsi təsadüfi deyil. Dövlət başçısı bu müsahibələr vasitəsilə Azərbaycanın artan beynəlxalq nüfuzunu, gücünü və strateji potensialını qlobal auditoriyaya yüksək peşəkarlıqla, aydın və dəqiq mesajlarla çatdırır. Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində yanvar ayının 20-də “Euronews” telekanalına verdiyi müsahibə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sözügedən müsahibə Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini, regional və qlobal təşəbbüslərini, eləcə də formalaşan yeni geosiyasi reallıqlarda tutduğu mövqeyi beynəlxalq ictimaiyyətə dolğun şəkildə təqdim etməklə yadda qalmışdır. Bu müsahibə göstərdi ki, Azərbaycan qlobal sistemin fundamental sarsıntılar keçirdiyi bir dövrdə öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Bu nailiyyətin arxasında isə Prezident İlham Əliyevin səbir və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçib.

Bu fikirləri Oxu24.com-a  Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda və aparıcı xarici media orqanlarına verdiyi müsahibələr Azərbaycanın qlobal enerji siyasətinin mahiyyətini və ölkəmizin strateji rolunu aydın şəkildə nümayiş etdirir. Dövlət başçısının enerji təhlükəsizliyi, ixrac imkanları və tərəfdaşlıq modeli ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın Cənubi Qafqazda və Avropa enerji xəritəsində tutduğu aparıcı mövqeni bir daha təsdiqləyir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib:“Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına malik olan və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığımız artmaqdadır. Hazırda 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan müasir nəqliyyat infrastrukturu, etibarlı boru kəmərləri və zəngin təbii resurslara malikdir. Bir çox Avropa ölkəsi ilə qurulan tərəfdaşlıq həmin ölkələrin enerji təhlükəsizliyini gücləndirir. Azərbaycan üçün isə bu, öz enerji ehtiyatlarını premium bazarda reallaşdırmaq imkanı yaradır. Qaz ixracı yalnız Avropa ilə məhdudlaşmır – artıq Suriyaya da ixrac başlamışdır. Bununla belə, qiymət baxımından ən əlverişli bazar Avropa bazarıdır.”

Dövlət başçısının səsləndirdiyi bu fikirlər Azərbaycanın yalnız enerji istehsalçısı deyil, eyni zamanda qlobal miqyasda etibarlı və məsuliyyətli enerji tərəfdaşı olduğunu aydın şəkildə ortaya qoyur. Geniş coğrafiyanı əhatə edən boru kəmərləri vasitəsilə həyata keçirilən qaz ixracı ölkəmizin uzunmüddətli, düşünülmüş və strateji enerji siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, regional sabitliyə, qarşılıqlı etimada və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibədə toxunduğu mühüm məqamlardan biri də Avropa Parlamentinin uzun illərdir Azərbaycana qarşı sərgilədiyi qərəzli və ikili standartlara əsaslanan mövqeyə münasibət idi. Dövlət başçısı bu məsələ ilə bağlı açıq və qətiyyətli mövqe nümayiş etdirərək bildirmişdir ki, Azərbaycan artıq Avropa Parlamentinin əsassız və siyasi sifarişli tənqidlərinə reaksiya vermir: “Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik.”

Bu yanaşma Azərbaycanın xarici siyasətində formalaşmış prinsipial və müstəqil xəttin bariz ifadəsidir. Dövlət başçısının vurğuladığı kimi:“Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.” Azərbaycanın uzun illərdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırdığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.  Xüsusi diqqət çəkən məqamlardan biri də Avropa Parlamentinin Ermənistan–Azərbaycan münasibətləri fonunda tutduğu ziddiyyətli mövqedir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın belə Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi “təcavüzkar mövqedə” ittiham etməsi tamamilə məntiqsiz və siyasi etikasız yanaşmadır. 

Prezident İlham Əliyev sülh gündəliyinə də toxunaraq xatırlatmışdır ki, ötən ilin avqust ayında Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır. Bu fakt bir daha sübut edir ki, regionda sülhün və sabitliyin əsas təşəbbüskarı məhz Azərbaycandır. Dövlət başçısı Avropa Parlamentinə açıq mesaj verərək bildirib: “Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.”

Bütün bu fikirlər bir daha göstərir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasətindən heç vaxt geri çəkilmir, təzyiq və qərəz dili ilə danışan dairələrlə deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan tərəfdaşlarla işləməyə üstünlük verir. Prezident İlham Əliyevin prinsipial mövqeyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəinamlı, güclü və söz sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Millət vəkili Tamam Cəfərova belə deyib.

Turan Etibaroğlu