Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119262
az

"Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir" - Prezident

12:1302 Oktyabr, 2024
84
SİYASƏT
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Oxu24.com həmin müraciəti təqdim edir:

"Hörmətli Forum iştirakçıları,

Sizi “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun açılışı münasibətilə səmimiyyətlə salamlayıram.

Siz xalqımız üçün olduqca əlamətdar tarixi dövrdə Azərbaycana gəlmisiniz. Artıq bir ildir ki, Azərbaycanın suverenliyi və konstitusiya quruluşu tam bərpa olunmuş, ərazilərimizdə mövcud olan “boz” zona aradan qaldırılmış və separatizmə son qoyulmuşdur.

Bildiyiniz kimi Ermənistan otuz ilə yaxın dövr ərzində beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə və qəbul etdiyi qərarlara məhəl qoymayaraq Azərbaycanın torpaqlarını işğal altında saxlamış, burada etnik təmizləmə həyata keçirərək bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır.

Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir.

Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir.

Otuz ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Siz işğaldan azad edilmiş ərazilərimizə səfər edərək burada vandalizmə məruz qalmış yerlər və hazırda burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olacaqsınız.

Hörmətli Forum iştirakçıları,

Beynəlxalq Bakı Forumunun mövzusu bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. İqlim dəyişmələri bütün ölkələrin davamlı inkişafına və təhlükəsizliyinə təhdid törədən qlobal problemlərdən biridir. Ancaq iqlim dəyişmələri yalnız dövlətlərin sosial-iqtisadi rifahına deyil, sadə insanların gündəlik həyatlarına və yaşam tərzlərinə də birbaşa və ya dolayı yolla təsir göstərir, əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaradır.

İqlim dəyişmələri və onların fəsadları insanları yaşamaq, sağlamlıq, qida, təmiz su, mənzil və digər hüquqların layiqincə həyata keçirilməsindən məhrum edir, habelə bərabərsizliyi dərinləşdirərək həssas əhali qruplarının hüquqlarının təminatını olduqca mürəkkəbləşdirir.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

Azərbaycan eyni zamanda qlobal iqlim fəaliyyətinə də töhfə verən ölkədir. Əlamətdar haldır ki, bu Forum bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən və cari il noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ərəfəsində keçirilir. Bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan böyük hörmət və etimadın, eləcə də ölkəmizin bütün səviyyələrdə iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfəsinin göstəricisidir. İnanıram ki, COP29 yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə iqlim həmrəyliyinin gücləndirilməsinə mühüm təkan verəcəkdir.

Bugünkü tədbirin Azərbaycanda təşkili həm iqlim dəyişmələrinin qarşısının alınması, həm də insan hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizin qətiyyətini nümayiş etdirir. Forum iqlim dəyişmələrinin yaratdığı problemlər və onların həlli yollarının insan hüquqları perspektivindən müzakirə edilməsi, bu sahədə mövcud müsbət təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətə malikdir. Mən burada iştirak edən xarici ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirir, Forumda müzakirə ediləcək və ümumi maraq kəsb edən məsələlərlə bağlı gələcək birgə fəaliyyətin sistematik, əlaqəli və daha effektiv qurulması üçün təmasların intensivləşdirilməsini vacib hesab edirəm.

İnanıram ki, Forum iqlim dəyişmələri kontekstində insan hüquqlarının müdafiəsi sahəsində yeni təşəbbüslərin və yanaşmaların irəli sürülməsinə, bu hüquqların təminatına ciddi maneə yaradan hallarla mübarizə istiqamətində ümumi səylərin birləşdirilməsinə töhfə verəcək, ombudsmanlar və milli insan hüquqları təsisatları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılmasına geniş imkanlar açacaqdır.

Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlar diləyirəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edildi- Video
Prezidentə təbriklər gəlməkdə       davam      edir
Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi