Tehranla İrəvan arasında hərbi-diplomatik əlaqələr son vaxtlar intensivləşib. Ermənistanın müdafiə naziri Suren Papikyan martın 6-da İrana səfər edib, iki gün sonra isə xarici işlər nazirinin müavini Vaan Kostanyan Tehranda olub. Onu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian qəbul edib.
İranlı diplomat Ermənistanla əlaqələri genişləndirməyə çağıraraq deyib ki, iki qonşu arasında sıx əməkdaşlıq regional sülh, sabitlik və təhlükəsizliyə fayda verəcək. Onlar tərəflər arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi planlarını müzakirə ediblər.
Bu görüşdən iki gün öncə İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Karai Aştiani isə Suren Papikyanla görüşdə ikitərəfli əməkdaşlığa dair məsələlərdən danışıblar. General qeyd edib ki, xarici dövlətlərin silahlı qüvvələrinin bölgəyə cəlb olunması əks-effekt verər: “Tərəflər təhlükəsizlik məsələlərini müzakirə edib yekun qərara gələ bilərlər”.
Aştianinin fikrincə, bölgənin xarici dövlətlərin geosiyasi rəqabət meydanına çevrilməsi regiondakı bütün ölkələrin maraqlarına ziddir. Nazir onu da vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmas qüvvələrin siyasi üstünlük əldə etmək məqsədilə bölgəyə müdaxiləsinin qarşısını alacaq.
İki ölkə arasında hərbi-diplomatik səfərlər haqqında məlumatların dövlət maraqları baxımından gizli saxlanılması təbiidir. Bununla belə müdafiə nazirinin ardınca XİN başçısının müavinin səfəri Tehranla İrəvan arasında anlaşılmazlığın olduğunu ehtimal etməyə əsas verir. Belə nəticəyə gəlmək olar ki, tərəflərin hərbi sahədə əməkdaşlıq etməsinə Ermənistanın, yaxud İranın xarici siyasi kursu mane olur. Bu maneəni aradan qaldırmaq üçün Vaan Kostanyan əlüstü İrana gedib.
Belə görünür ki, Aştianinin “xarici dövlətlərin silahlı qüvvələrinin bölgəyə cəlb olunması əks-effekt verər” açıqlaması rəsmi İrəvanı narahat edib. Ermənistanlı diplomatın Tehranı Ermənistan ərazisindəki Fransa hərbi qüvvələrinin indiki və gələcəkdə mövcudluğunun İrana problem yaratmayacağına əmin etmək üçün səfər etdiyini ehtimal etmək olar. Çünki müzakirə edilən məsələlərdən biri təhlükəsizliklə bağlı olub.
Qeyd edək ki, Ermənistan son zamanlar Fransadan hərbi texnika və başqa döyüş sursat avadanlığı almağa başlayıb. Rəsmi İrəvan başqa dövlətlərlə də bu istiqamətdə əməkdaşlıq edə bilər. Hələ bu ilin yanvarında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan orduda islahatın aparıldığını və müxtəlif ölkələrdən müasir silahlar aldıqlarını açıqlamışdı: “Biz ordumuzda islahatlar aparırıq, ərazi bütövlüyümüzü, suverenliyimizi, demokratiyamızı müdafiə etmək üçün dünya standartlarına malik olmaq, müasir silahlar əldə etmək istəyirik. Bu mənada biz müxtəlif ölkələrlə əməkdaşlığı davam etdiririk”.
Odur ki, Ermənistan perspektivdə ABŞ-la da bu sahədə əlaqələr qura biləcək.
Əslində Tehran Parisin İrəvanla əməkdaşlığından elə də narahat deyil. Çünki ötən ilin fevralında Azərbaycan-Ermənistan sərhədyanı bölgəyə Fransanın təşəbbüsü və himayədarlığı ilə Avropa İttifaqının Mülki Müşahidə Missiyası gələndə İran hakimiyyəti narahatlığını bildirmədi. Bundan bir müddət əvvəl isə iki ölkə arasında dövlət sərhədləri müəyyənləşmədiyi şəraitdə Tehran Qafan şəhərində konsulluğunu açdı.
Bununla da Avropa İttifaqı ilə regionda Azərbaycana qarşı elan etmədən sərhədyanı əraziyə ortaq müşahidə missiyasını həyata keçirməyə başladı. Fransanın Ermənistandakı səfiri Olivye Dekontini “Armenpress”ə müsahibəsində İranla bir sıra məsələlərlə bağlı razı olmadıqlarını deyərək, ancaq Ermənistanın suverenliyi və ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış etdiklərini bildirib.
Bundan başqa Hindistan strateji ixracat üçün Ermənistana hava dəhlizi açır. İddia edilir ki, bu, iki ölkə arasında logistik əlaqələri də gücləndirəcək.
Bu həm də Hindistan-İran-Ermənistanın yaratmaq istədiyi “Şimal-Cənub” yol- nəqliyyat dəhlizinin fəaliyyətinə də zərbə vura bilər.
İrəvan rəsmilərinin Tehrana səfəri Ermənistanın dostları Fransa, İran və Hindistanın öz aralarında yüngül rəqabət apardıqları qənaətinə gəlməyə əsas verir.
Aştiani Papikyanla görüşdə İranı Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin patronu kimi göstərməyə çalışıb. O, bununla region dövlətlərini, o cümlədən Azərbaycanı da hədəfə alıb. Çünki Ermənistanla Fransa arasında əlaqələr yeni deyil. İkinci Qarabağ müharibəsi zamanı İranla Fransa bir mövqedən çıxış edib. Hətta, onların təbliğat maşınları da Azərbaycana qarşı oxşar mətnləri yayıb.
Ona görə də İran müdafiə nazirinin görüşdə vurğuladığı məsələni ünvansız söyləməsi də bunu təsdiqləyir. Rəsmi İrəvan bu məsələdə dəqiqləşdirmə aparmaq məqsədi ilə Vaan Kostanyanı Tehrana göndərib. Bu isə İranın Ermənistana, İrəvanın da Tehrana belinin bağlı olmadığını deməyə əsas verir. Rusiyanın indiyədək bu ölkəyə etdiklərini İslam Respublikasında da bilməmiş deyillər. Qonşu dövlətlər Ermənistanın belə bir ölkədən uzaqlaşdığını görürlər.
O da məlumdur ki, ABŞ, Avropa İttifaqı və başqaları Ermənistanın İranla hərbi, neft-qaz və başqa sahələr üzrə ticarətinə, əməkdaşlığına açıq-aşkar göz yumur. Bu əlaqələrlə bağlı limiti başa çatandan sonra İrəvanın Tehrana da "ata biləcəyi" gözləniləndir. Ona görə də ehtimal etmək olar ki, Aştiani Papikyana, Əmir Abdullahian isə Kostanyana bunu da çatdıra bilər.
Oxu24.com
ŞƏRHLƏR