Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28436
az

Bu rayon niyə hökumətin yadından çıxıb? – Deputat Neftçalanın ağır durumundan yazdı

23:2009 Aprel, 2020
916
ŞİKAYƏTLƏR
  • A

Azərbaycan Respublikası Milli Məclisinə 61 saylı Neftçala seçki dairəsindən deputat seçilən Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatına yazılı münasibət bildirib.

Oxu24.com həmin yazını təqdim edir:

“Aprel ayının 9-da Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Hesabat müzakirə edilir. Bu barədə bəzi fikirlərimi hörmətli həmkarlarımla bölüşmək və Nazirlər Kabinetinin nəzərinə çatdırmaq istəyirəm.

Öncədən onu deyim ki, Hesabat səliqəylə və peşkarlıqla hazırlanıb. Görülən işi təqdim etmək də bacarıq və məsuliyyət tələb edir. Bu baxımdan Hesabat lazımi tələblərə cavab verir; ölkənin 2019-cu ildə keçdiyi yolu, makroiqtisadi vəziyyəti, real iqtisadi artımı və onun mənbələrini təfərrüatı ilə əks etdirir. Bu mənbələr sırasında qeyri-neft sahəsinin inkişafı və bu məqsədlə sənayeyə, kənd təsərrüfatına, sahibkarlığa diqqətin artırılması, vaxtı keçmiş kreditlərin dövlət tərəfindən ödənilməsi, özəl sektora təzyiqlərin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ayrıca vurğulanır. Hesabatda il ərzində ölkədə aparılmış iqtisadi tənzimlənmələrdən, bölgələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi siyasətindən başlamış xidmət sektoru, elm, mədəniyyət, beynəlxalq əlaqələr və s. sahələrdə görülən işlərə qədər, həyatımızın bütün geniş spektri əksini tapıb.

Müasir dünyanı bürüyən pandemiya vahiməsi bu deyilən sahələri etkiləyərək həm iqtisadiyyatı, həm də insanların sağlamlığını, psixologiyasını çətin sınağa çəksə də, ölkənin gələcəyi ilə bağlı bütün müzakirələrə ciddi yanaşmalı, insanların əlinin-qolunun işdən soyumasına yol vermədən çalışmalıyıq.

Mən Milli Məclisə 61 saylı Neftçala seçki dairəsindən seçildiyimə görə, bu hesabata həm də Neftçalanın gözü ilə baxdım. Baxdım və düzünü deyim pərt oldum. Çünki 420 səhifəlik bu sənəddə əksini tapmış irili-xırdalı heç bir görülən işdə, başlanan layihələrdə, nəzərdə tutulan proqramlarda Neftçalanın adı keçmir.

 

Sanki il boyu onun nə sənayesi, nə kənd təsərrüfatı, nə ekologiyası, nə əhalinin məşğulluq səviyyəsi, nə inkişaf perspektivləri və çətinlikləri bizim hörmətli hökumətimizin yadına düşməyib. Heç 2019-cu ilin büdcə müzakirələrində verilən təkliflərdə və bildirilən arzularda da Neftçala ilə bağlı bir şey yoxdur. Belə çıxır ki, bu rayonda hər şey gözəldir, işlər tam qaydasında gedir və daha deyilməli söz qalmamışdır. Şübhəsiz rayonun durumunu hamıdan çox yerli icra hakimiyyəti bilir və bu təkliflər ondan gəlməli, Neftçalanın ölkənin ümumi inkişafından kənarda qalmamasına ilk növbədə o çalışmalı idi.

Kür çayının Xəzərə töküldüyü yerdə, respublikamızın ortasında yerləşən rayon bu gün əsas yollardan və diqqətdən kənarda qalmışdır. Halbuki vaxtilə Neftçala təkcə pambıqçılığı və taxılçılığı ilə deyil, həm də neft mədənləri və sənayesi, Yod-brom zavodu, balıqçılıq müəssisələri ilə ölkənin inkişaf eləmiş rayonlarından biri sayılıb, əhalinin də elə bir ciddi dolanışıq qayğısı olmayıb. İndi vəziyyət başqadır. Balıqçılıq və sənaye müəssisələrinin çoxu sıradan çıxıb, işsizlik artıb, rayon baxımsız vəziyyətə düşüb. Hətta Neftçala şəhərinin özündə bəzi məhəllələrdə qaz, su yoxdur, şəhərarası yollar bərbaddır, işıq xətləri köhnəlib…

O boyda şəhərdə xırdaca bir otel tikilməyib. Yan-yana kəndlər var, birinə qaz verilir, birinə yox. Hər birinin 400-500, bəzən daha çox şagirdi olan iri məktəb binaları ya təmir edilməli, ya da yenidən tikilməlidir. Belə məktəblərin bir çoxunda siniflər odunla qızdırılır, kənddə qaz var, amma məktəbə qaz verilməyib. Bankə qəsəbəsində və başqa iri kəndlərdə vaxtilə tikilmiş möhkəm özüllü gözəl Mədəniyyət evləri baxımsız və təmirsiz vəziyyətdədir.

 

Bol suyu olan rayonun bir sıra kəndləri həm içməli, həm də suvarma su sarıdan əziyyət çəkir. Köhnə qışlaq yerlərinin, kəndlərin örüşünün və bələdiyyə torpaqlarının bir hissəsi ayrı-ayrı adamlar tərəfindən zəbt edilib. Bölgənin ilk neft quyularının qazıldığı Yeniqışlaq kəndinin yanından Rusiyaya aid bir Neft şirkətinin istismar etdiyi mədənə su gedir, amma kənd susuzdur, camaatın gözünün qabağından qaz xətti keçir, amma kənd qazlaşdırılmayıb. Rayon əhalisinin böyük bir hissəsinin yaşadığı Xol bölgəsində Şorsulu-Xəzərkənd arasındakı 30 km-lik yol keçilməz vəziyyətə düşüb; bizim təşəbbüsümüzlə burda bəzi təmir işləri görülsə də, yolun əsaslı tikintisinə ehtiyac var. Akkuşa kanalından bu bölgəyə su ayrıcları qoyulmayıb. Bəzi kəndlərdə adi tibb məntəqəsi yoxdur, kitabxanalar ləğv edilib. Bankomatlar olmadığından, adamlar xırda bir bank əməliyyatı üçün 40-50 km yol getməli olurlar. Köhnə balıqçı qəsəbələri işsiz-gücsüz, yeni balıqartırma zavodlarının tikilməsi ümidiylə gözləyirlər… Ümumi vəziyyət belədir. Rayon üçün özəl inkişaf proqramı hazırlamaq bir yana, onu bəzi ümumrespublika və ya bölgə proqramlarından da kənarda saxlayıblar.

Amma Neftçalanı qısa müddətdə ölkənin ən qabaqcıl rayonlarından birinə çevirmək olar. Bunun üçün hər cür imkan var. Rayonun inkişafı ilə bağlı real, əsaslandırılmış layihələr hazırlansa, ölkə başçısı onları diqqətdən kənarda saxlamazdı. Neftçalanın bərəkəti torpaqları, dənizi, çayı, gözəl havası və ən başlıcacı işgüzar, dinc, xeyirxah, yüksək mədəni səviyyəli insanları var. İlk növbədə suvarma sistemləri bərpa edilib yenilənməli, otlaqlar suvarılıb müasir heyvandarlıq üçün uyğun hala gətirilməlidir. Ənənəvi təsərrüfat sahələri dirçəldilməlidir. Rayonun müalicə suları və bütün ölkə əhalisinin istirahətinə şərait yaratmaq imkanı olan təmiz sahilləri var. Burda gözəl istirahət-müalicə mərkəzləri tikmək olar. Kürün deltasında və yaxındakı adada turizmi inkişaf etdirmək mümkündür. Bunlar nəzərə alınsa, bu işə sərmayədarlar cəlb edilsə, tezliklə Neftçalanı ölkənin cazibə mərkəzlərindən birinə çevirmək olar.

Mən istərdim ki, Azərbaycan hökuməti rayonlarımızın inkişafı ilə bağlı proqramlarda Neftçalaya qayğı ilə yanaşsın və deyilən çatışmazlıqların aradan qaldırılmasına şərait yaratsın”.

09 aprel 2020-ci il

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
"Kontakt Home" müştərilərini aldadır?

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib