Lukaşenko: “Əliyevə 7 rayonu qaytar, ilk mərhələdə sizə 5 milyard verəcək”.
Serj Sarkisyan: “Mən ona 6 milyard verəcəm, 7 rayondan imtina etsin”.
Bununla bağlı “Bagramyan” teleqram kanalı səs yazısı yayıb. İddia olunur ki, Bakı 7 rayonu pul qarşılığında almaq istəyirmiş.
İnformasiyanın hədəfi Ermənistanın daxili siyasi seqmentidir.
1. Paşinyan Qarabağdakı məğlubiyyətə görə keçmiş hakimiyyəti ittiham edir. Əsas tezis belədir ki, münaqişənin daha sərfəli yolla həll variantı var idi, amma sələfləri imtina edərək, vəziyyəti bu həddə çatdırdılar. Serj Sarkisyan da bu səs yazısını ortaya atmaqla “mən pul qarşılığında belə heç nə vermədim” demək istəyir;
2. Səs yazısını yayan “Bagramyan” kanalının Paşinyana yaxın olduğunu (sahibi Ermənistan parlamentini sədrinin müavini Alen Simonyandır) nəzərə alsaq, bu informasiyanın yayılmasında məqsəd Paşinyanın əsas tezisinin qüvvətləndirilməsi olduğunu düşünmək olar. Kanalın “Serj Sarkisyanın ofisindən cavab gözləyirik” qeydi də bu versiyanı gücləndirir;
Şübhəsiz, informasiyanın ortaya çıxması Ermənistanın siyasi sferasındakı qarşıdurmanın nəticəsidir və bunun 8 dekabrdan – müxalifətin Paşinyana istefa üçün vaxt verməsindən bir gün öncə ortaya çıxması təsadüfi deyil.
Əslində nə olmuşdu, Bakı həqiqətən pul təklif edibmi?
“Baqramyan”ın səs yazısının əksinə olan iki fakt var:
Birincisi, Sarkisyan hakimiyyəti “aprel müharibəsi”ndən sonra münaqişənin həll edilməsi qarşılığında Minsk qrupuna 5 milyard dollarlıq sənəd-təklif təqdim etmişdi.
Bu informasiyanı “lragir” saytı bu ilin sentyabrında – II Qarabağ müharibəsindən bir neçə həftə öncə yazmışdı. Həmin vaxt Paşinyanın “laçın vaxtları” idi, hər iki mənada... Və informasiya keçmiş hakimiyyətə qarşı hesablanmışdı.
Sənəd-təklif 2016-cı ilin “aprel müharibəsi”ndən sonra – 16 iyun tarixində Minsk qrupuna təqdim olunub. İrəvan istəyirdi ki, Laçın dəhlizi istisna olmaqla, Qarabağ ətrafındakı rayonları qaytarır, əvəzində Ermənistana 5 milyard dollar yardım ayrılmalıdır.
Həmin tarixdən – 16.06.2016 – bir ay öncə, mayın 16-da prezidentlər (İlham Əliyev və Serj Sarkisyan) Vyanada görüşmüşdü. Həmsədr ölkələrin XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüş ABŞ-ın təşəbbüsü idi. Görüş konkret sənəd ətrafında müzakirədən daha çox, tərəflərin atəşkəsə əməl etməsinə həsr olundu.
Ruslar iyunun 20-də ABŞ-ın münaqişənin həllində təşəbbüsü ələ almaq istəyinə qarşı Sankt-Peterburqda görüş təşkil etdi və görüşdən sonra həmin vaxt Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri olan Novruz Məmmədov “Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir” açıqlamasını verdi.
“Lavrov planı” dediyimiz və Rusiyanın ictimai-siyasi cameəsinin Paşinyan hakimiyyətini sələfindən miras qalmış razılaşmaya əməl etməkdən boyun qaçırmaqda ittiham etdiyi məsələ bu idi. Ermənistanın Vyana və Sankt-Peterburq görüşü arasında zamanı fürsət bilib - 16 iyunda 5 milyardlıq sənəd-təklif irəli sürməsi isə ərazilərin qaytarılması məsələsinin real olduğunu, ermənilərin də əvəzində nəsə qoparmağa cəhd etdiklərini göstərir. Həmin vaxt münaqişə ətrafında xeyrimizə olan bu vəziyyəti “aprel müharibəsi” yaratmışdı...
İkincisi, indi səs yazısı yayılan qapalı görüşlə bağlı Lukaşenkonun 2018-ci ilin dekabrında verdiyi rəsmi açıqlamadı.
Belarus prezidenti deyirdi: “Biz Putinlə eyni mövqeyi sərgilədik: Serj, 5 rayonu qaytar. Bunu etməmək üçün heç bir səbəb yoxdur. O dedi: əgər bu rayonları qaytaracağamsa, onlar (Azərbaycan) orada Qarabağın yolunu kəsəcəklər. Onda biz Putinlə birgə söz verdik ki, Azərbaycan bunu etsə, biz öz qoşunlarımızı ora daxil edəcəyik. Serj dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik...”.
Bu danışıq Qarabağ müzakirəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclaslarının birində baş tutmuşdu və puldan, yaxud iqtisadi imkandan söhbət edilmirdi.
İndi Ermənistanın istəblişmenti köhnə söhbətlər üzərindən bir-birinə hücum edir. Onlar bir-birini qırmağında olsun, biz Qələbə Paradına hazırlaşmaqda. Çünki artıq nə danışıqlar, nə münaqişə, nə İrəvana edilən təkliflər, nə də İrəvanın etdiyi təkliflər var, artıq #QarabağAzərbaycandır.
Publika.az
Oxu24.com
ŞƏRHLƏR