Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6575
az

“Səfər Əbiyev mənim kimi ən vətənpərvər zabitləri Ordudan didərgin saldı, məhv etdi” - MÜSAHİBƏ

12:0630 Oktyabr, 2018
1137
MÜSAHİBƏ
  • A
Peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub.

Orta məktəbi Malıbəylidə bitirən Azay Kərimov Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1986-cı ilin dekabrında Alma-Atı hadisələrinə, 1986-1988-ci illərdə Əfqanıstan müharibəsinə, 1989-cu ildə Fərqanədə ermənilər tərəfindən süni şəkildə qızışdırılmış özbək və məhsəti türklərinin qarşıdurmasına şahidlik edən Azay Kərimov 1990-cı ilin “20 Yanvar” faciəsindən sonra Qazaxıstanda sovet ordusu sıralarında xidmətdən imtina edərək, öz istəyilə Azərbaycana qayıdıb. Heç kimə xəbər vermədən, hətta şəxsi işlərini belə götürmədən sübh tezdən təyyarə ilə Şuşaya uçub.1990-cı ilin iyulundan doğma Şuşasının, ata yurdu Malıbəyli kəndinin erməni quldurlarından müdafiəsinə qoşulub, Malıbəylidə insan qırğının qarşısının alınmasında şücaət göstərərək, 6500 nəfərin həyatını xilas edib.

Modern.az saytı Qarabağ qazisinin 26 illik Şuşa həsrətli müsahibəsini təqdim edir:

 
- Azay bəy, sosial şəbəkədə şəxsi avtomobilinizi satışa çıxarmanızla bağlı elan diqqətimizi çəkdi. O avtomobil ki, onunla illərdir həsrətilə yaşadığınız Şuşaya, Laçına gedəcəyinizi arzulayırdınız. Maşını Şuşadan əlinizi üzdünüz deyə satırsınız,  yoxsa hansısa ehtiyacdan dolayı?

- Hər bir kişinin qəlbində arzusu olur. O vaxt çox adam mənə deyirdi ki, neynirsən bu maşını saxlayırsan? Düzü o vaxt mən niyyət eləmişdim ki, o maşınla Şuşaya, Laçına gedəcəm. Amma indi o sözümü tuta bilmirəm. Çünki ağır xəstəm var, onun əməliyyatı üçün pul lazımdır. Mən zabit adamam, heç vaxt ümidsiz yaşaya bilmərəm. Mən ölsəm, ümidlərim də ölər. Ümidim var, vuruşub Şuşanı, Ağdamı alacağıq. Sadəcə çarəsizəm. Əlimdə qalan sonuncu dəyərli olan şey maşınımdır.

 
- Sirr deyilsə, kimin müalicəsi üçün satırsınız? Yəni o maşının dəyəri sizə lazım olan əməliyyat məbləğini ödəyəcəkmi?

 
- Bəli, əməliyyat üçün 5 min manat istəyirlər. Mən də maşını o qiymətə satıram, nə bir qəpik yuxarı, nə bir qəpik aşağı. Yetər ki, xəstəm sağalsın.


- Qarabağda döyüşmüş, canını torpaq yolunda fəda etmiş qazinin dövlət tərəfindən təminatı yoxdurmu ki, öz avtomobilini satmağa məcbur olur?


- 28 il 9 ay orduda xidmət eləmişəm. Ümumilikdə 7 il Rusiyada olmuşam, qalan illəri Azərbaycan ordusunda xidmət etmişəm. Dünyanın düz vaxtı, hətta müharibə vaxtı da ordudan nəsə ummamışam, götürməmişəm. Məsələn, paltar, köynək, papaq pulsuzdur, amma mən indiyədək bir dəfə də olsun bundan istifadə etməmişəm. İndiyədək də bir nəfərə ağız açmamışam. Çətinliyə baxmayaraq, mən zövqlü geyinməyi xoşlayan, bacaran adamam. Hər şeyimi özüm öz pulumla, maaşımla almışam. Bircə dəfə şinel götürmüşəm, vəssalam.

- Bu gün döyüşə kənardan tamaşa etmiş, bəlkə də ömründə əlinə silah almayan şəxslər saxta veteran vəsiqəsindən, qondarma “Qarabağ əlili” adından istifadə edib öz problemlərini həll etməyə çalışırlar. Baxın, belələri hər zaman dövlətdən, hökumətdən nəsə umur. Bu cür insanlara münasibətinizi bilmək istərdik.


- Gec-tez o saxtakarlıqlar üzə çıxacaq. Nə deyim, hərənin öz əqidəsi var. Mən də görmüşəm belə insanları. Elə bizim kəndimizdə biri vardı, KaMAZ sürücüsü idi. Təkər partladı, başı yarıldı - xəsarət aldı. İndi qapı-qapı düşüb hər yerdə deyir ki, “Qarabağda döyüşəndə bomba düşüb, yaralanmışam, birinci qrup əliləm”. Belələri çoxdur Azərbaycanda. Onlarla belə adam misal çəkə bilərəm. Amma mən həyatım boyu heç kimin qapısına getməmişəm. Bu həyatda mənim üçün ən vacib olan şey zabit şərəfidir. Mən heç vaxt onu itirmərəm. Elə buna görədir ki, heç kimə ağız açmıram, əlimdə olan sonuncu dəyərli şeyi də satıram. Azərbaycanda bəlkə də barmaqla göstəriləcək zabitəm ki, həyatım boyu Bakı və Bakıətrafında xidmət etməmişəm. Naxçıvan da daxil olmaqla Sədərəkdə “kombat” olmuşam. Xidmətimin əsas hissəsini Beyləqandan Ağdama qədər döyüş bölgələrində keçirmişəm.

O vaxt ikiqat maaş alırdıq. Uşaqlarımın boğazından kəsə-kəsə 4 ilə aldım bu maşını. Arzum da vardı. Amma satmaq məcburiyyətindəyəm. Anam xəstədir, övlad kimi borcumdur. Maşından başqa bir şeyim yoxdur. Bir evimdir, onu da satsam uşaqlarım evsiz qalacaq. Amma son məqamda lazım olsa,onu da anam üçün satacam.

- Azay bəy, ailəniz barəsində qısa məlumat verərdiniz. Övladlarınız yəqin böyük olarlar...

- Yox, övladlarım böyük deyillər. Müharibəyə görə çox gec ailə qurdum. Mən Əfqanıstanda, Rusiyada xidmət etmişəm. Deyirdilər “evlən, evlən”, amma mən qorxurdum. Çünki elə bir peşənin sahibi idim ki, hər an ölüm təhlükəsilə üz-üzə idim. Bu ölüm təhlükəsinə görə də kiminsə qızını gözüyaşlı, başsız qoymaq istəmirdim. Yalnız atəşkəs elan olunandan sonra nə az, nə çox, düz 37 yaşımda ailə qurdum. Ona görə də övladlarımın yaşı azdır. Xoşbəxtliyin dərəcəsinə bax ki, övladlarım əkiz oldu, biri qız, o biri oğlan. Bu da Allahın bir qismətidir.


- İllərlə döyüş bölgəsində olmusunuz. Keçmiş döyüşçülərlə görüşürsünüzmü, yaxud rəsmilərdən halınızı, xatirinizi soruşanlar olurmu?


- Olur, niyə olmur. Sonuncu dəfə dostlarla “Qarabağ mitinqi”ndə görüşdük. Danışırıq, görüşürük. Mən özüm də tez-tez onlarla əlaqə saxlayıram, ən çox da zabitlərlə. Biz siyasətə qarışmırıq. Söhbət təkcə Qarabağdan getmir. Qarabağ sabah Qusarda da ola bilər, Naxçıvanda da ola bilər. Bizim üçün önəmli olan Azərbaycanın ərazi bütövlüyüdür. Kim nə siyasi dava edir etsin. Biz mitinqə də o maraqdan çıxmışdıq ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Siyasət bizlik deyil. Ehtiyata göndərilən generallar var ki, onlarla tez-tez həmsöhbət oluram. Hərdən peşman da oluruq ki, niyə ordudan tez çıxdıq.

- İndi sizin peşmanlıqla öz-özünüzə verdiyiniz sualı mən sizə ünvanlamaq istəyirəm. Niyə ordudan tərxis edildiniz, öz istəyiniz idi, yoxsa məcbur olundunuz?


- Hamısını o vaxtkı müdafiə naziri Səfər Əbiyev elədi. O qədər iyrəncliklər etdi ki, ordudan çıxmağa vadar olduq. Mən və mənim kimi vətənpərvər zabitlər ordudan çıxmağa məcbur olduq. Səfər Əbiyev Azərbaycanın ən vətənpərvər insanlarını ordudan iyrəndirdi, didərgin saldı. İndi özümüz həvəsindəyik ki, kimsə bizi çağıra, qaça-qaça gedək döyüşə.


- Nə idi Səfər Əbiyevin etdiyi iyrəncliklər?

- Hər şey. Səfər Əbiyev təkcə bir briqadada 50-60 ton kağız işlədirdi bizə. Hər şey kağız üzərində idi. Bir əsgər poliqona çıxmırdı, bir əsgər bir güllə atmırdı. Snayper hazırlığı da kağız üzərində aparılırdı. Real snayper hazırlığından söhbət belə getmirdi. Amma əmr veriləndə hamı gedirdi. Heç nəyə vaxtında qiymət verilmədi. Mən niyə maaşımın bir hissəsini verib şebel, yastı aqlay daşları almalıydım?! Almalıydım ki, o yol düzəldilsin yuxarıdan gələnlərin, Səfər Əbiyevin ayağı palçıq olmasın. Niyə?! Axı mən gecə-gündüz sinəmi sipər etmişdim düşmən qabağında. Mən niyə kirayə pulunu cibimdən verməli idim? Bundan başqa, Səfər Əbiyevin bir general müavini, qərargah rəisilə intriqası vardı. Mən də o qərargah rəisilə Kiyevdə oxumuşdum. Mən onunla oxumuşdum deyə, onun kadrı idim?! Onun müavinləri, qərargah rəislərilə intriqasına görə bizə ikili münasibət göstərirdi. Hamımızı da buna görə məhv elədi.


- Bütün bunlardan sonra ordudan könüllü tərxisolundunuz?

- Mən 3 dəfə yaralanmışam. Onun ikisi ağır, biri yüngül olub. Mənim 13-cü maaşımı niyə vermədi?! Axı mənim başqa qazanc yerim yox idi! Ona görə də ərizə yazdım ki, məni tərxis edin. Ərizəmi qəbul eləmədilər. 2010-cu ildə məcbur olub hospitala rüşvət verdim ki, xəstəliyimə görə tərxis eləsinlər.


- Orduda vaxtilə baş verənlərdən narazılığınızı dilə gətirdiniz. Amma indi də ordudan tərxis edildiyiniz üçün peşman olduğunuzu deyirsiz...

- Elədir. Çünki səbrsizlik etdim. O qədər dözmüşdüm. Bilsəydim ki, Səfər Əbiyev tez bir zamanda vəzifədən gedəcək, yerinə Zakir Həsəov gələcək, heç vaxt ordudan getməzdim. Mən Kiyevin kəşfiyyatını bitirmişəm, elə-belə yox professional. Azərbaycanda Dağlıq Qarabağı məndən yaxşı tanıyan yoxdur.
1991-ci ildə erməınilər Dağlıq Qarabağ vilayətinin prokuror köməkçisi, sonradan Bakı şəhərinin prokuroru olan Şükür Rzayevi girov götürdülər. Mən həmin vaxt polisdə işləyirdim. Biz də düşmənə cavab olaraq 8 nəfər ermənini gorov götürdük. Onda Azərbaycan KP MK-nın II katibi Voktor Polyaniçko bizi çağırdı, dedi ki, “8 nəfəri tərəzinin bir gözünə, Şükür Rzayevi də o biri  gözünə qoyun. Görün hansı ağır gələcək?”. 8 ermənin arasında “zampolit” də vardı, idarə rəhbəri də vardı, “qastronom” müdiri də. Dedik “əlbəttə, Şükür Rzayev ağır gələcək”. Polyaniçko bizə söylədi ki, “onda gedin elə bir adam gətirin ki, tərəzidə tam olmasa da, qismən Şükür Rzayevin ağırlığına yaxın olsun”. Biz də getdik Dağlıq Qarbağda milyonçu Manuçarovu girov götürdük. Manuçarov “Krunk” təşkilatını maliyyələşdirən varlı bir erməni idi. Əvvəl bağda qarovulçusunu vurdum, sonra da özünü götürüb apardıq “Karyer Qasım”ın Şahbulaqdakı bağ evinə. Biz belə günlərdən keçən adamlarıq.


- İndi nə işlə məşğulsunuz?


- Heç bir işlə. İşsizəm. İş üçün müraciət etdiyim yerlərdə də müraciətimə baxan olmur. Mənimki şikayət deyil, düzgün başa düşün. Heç kimdən pul dilənmirəm, iş üçün müraciət edirəm. Amma səs-soraq çıxmır. Mənim oğlumun onurğa sümüyü “S” şəklindədir, həkim 4-cü dərəcəli skalioz diaqnozu qoyub. Onun müalicəsi üçün 10 min manat pul istəyirlər. Əsgərliyə də aparmadılar. Mənə deyirlər ki, “get filankəslərin qapısında yat-dur, kömək edəcəklər”. Axı mən bunu zabit şərəfimə sığışdıra bilmərəm ki, kiminsə qapısında yatım. İndi də anamın ürəyi belə oldu. Onu təcili olaraq əməliyyat etdirməliyəm. Adamın üstündə Allah var. Hara gedirəm, tanıyan-bilən kim varsa, boynumu qucaqlayıb öpür. Bilirsiniz, bütün bu problemləri sadalamaq çox çətindir. Mən Malıbəyli kimi bir kəndin mühafizəsini təşkil etmiş adamam. O Malıbəyli ki, Xocalıda soyqırımı törədənlər 15 gün əvvəl həmin heyətlə kəndə hücum elədilər. Fevralın 9-dan 12-nə kimi dözdüm, axırda gördüm camaatı qıracaqlar. Gizli bir yolla 6500 nəfərlik əhalini mühasirədən qurtardım, 49 kilometr yol qət edib Ağdama gəldik. Bir qadın, bir qız, bir uşaq, bir namus girov düşmədi. Ölənlər də əmimoğlu, digər qohumlarım oldu. Heç meyitlərin də dəfn edə bilmədim. Amma buna baxmayaraq, Malıbəyli camaatını xilas edə bildik.

 

- Çətin günlərdə əlinizi uzatdığınız, xilas etdiyiniz insanlardan kiminləsə əlaqəniz varmı? Arayıb-axtarırlarmı sizi?

- Var. Şuşada idim. Təsadüfən keçəndə “podval”dan inilti eşitdim. Bir nəfəri ölü bilib atıb getmişdilər. Onu min bir əziyyətlə belimdə Laçına daşıdım. Evləndi, oğlu oldu adını Azay qoydu, qızı oldu anamın adını verdi.

- Bayaq Səfər Əbiyevin dövründə baş verənlərdən danışdınız. İndi orduda olmasanız da yəqin ki, xidmət edən yoldaşlarınız var. Peşəkar hərbçi kimi Səfər Əbiyev və Zakir Həsənov dövrlərini müqayisə etmənizi istərdik.


- Bayaq peşman olduğumu vurğuladım. 5 dəqiqəlik, 5 günlük səbrsizlik etdim. Zakir müəllim o vaxt nazir gəlsəydi, bəlkə də mən indi general idim. Çünki adam xidmətə qiymət verəndir, şəxsi heyət onu sevir, qurur, yaradır, yeniliklər edir. Mən zabit adam dağdan-düzdən, üzümlüyün içindən odun qırıb gətirirdim ki, uşaqlar isinsin. Bunu yuxarı rəhbərlik təçkil etməliydi. Mən briqadada olmuşam. Ordan bir manat xeyir görmüşəmsə, Allah mənə lənət eləsin. Mən nə vaxtadək öz hesbıma nələrsə etməliydim? Məsələn, Səfər Əbiyevin dövründə yeməkxana ön cəbhədən 4-5 kilometr aralıda idi. Əsgəri göndərirdin, ya minaya düşüb ölürdü, ya da qayıdıb gələnə kimi gün-günorta olurdu. Ona görə çox peşmanam ki, səbr edib dözmədim. İndiki orduda qulluq etməyə nə var ki...

- Azay bəy, bu qədər əziyyət çəkmiş döyüşçü orduyla bağlı keçirilən tədbirlərdə, özəl günlərdə xatırlanırmı, hansısa təltiflər, mükafatlar verilirmi, ümumiyyətlə yada salırlarmı sizi?


- Xeyr. Mənim medallarım oxuduğum məktəblərdən, xidmət etdiyim Əfqanıstandan, Rusiyadan gəlir.


- Dediniz işləmirsiniz. Pensiya alırsınızmı? Heç olmasa qaneedicidirmi, dolanışığınızı təmin edə bilirsinizmi?


- Alıram, həm xəstəliyə görə, həm də əlilliyə görə. Amma o da çoxlarınınkı kimi kreditə, ev xərclərinə gedir. Min şükür, heç kimin qapısına getmirəm. Dolanmışam, indi də bir təhər dolanacam. Amma getdikcə tükənirəm. Bütün bunlar bir insan olaraq yorur məni.

- Sirr deyilsə, həyat yoldaşınız nə işlə məşğuldur?

- Evdar xanımdır, heç yerdə işləmir. Ümumiyyətlə, Azərbaycanda zabitlərin 95 faizinin həyat yoldaşı işləmir.

- Bu qısqanclıqdan irəli gəlir, yoxsa pis baxırsınız işləyən qadınlara?


- Yox, pis baxmıram. Biri var naxçıvanlılar demiş “donqili zabitlər”, biri də var əsl zabitlər. Çar qvardiyasının dövründən gələn ənənədir ki, zabit xanımları işləməz. Rus ordusunda da belə idi.

- Kompüter, innovasiyalar əsrindəyik. İki övlad böyüdürsünüz, qız atasısınız. Belə başa düşürəm ki, anasının işləməsinə qarşı çıxan adam, qızının da oxumasına, işləməsinə qarşıdır...

- Qətiyyən pis baxmaram, niyə pis baxım, ən böyük arzumdur. Amma bir şey də var. Mən bir zabit, həm də Şuşadan olan məcburi köçkün kimi bilirəm ki, övladım universitetə daxil olsa belə, onu oxutdura bilməyəcəm. Həmkəndlilərimdən neçəsinin övladı ayrı-ayrı universitetlərə qəbul olundu, amma ehtiyac üzündən oxuda bilmədilər. Ödənişliyə düşmüşdülər. Şikayət eləmirəm, reallıq budur. Müharibə dövrü deyildi, Ələkrəm Hümmətov Lənkəranı mühasirəyə alanda 3 gün - 3 gecə onu biz orda saxladıq. Əhali xahiş edirdi ki, onu çıxmağa qoymayaq. Mən inanmazdım ki, vaxt gələcək bizə qarşı belə bir münasibət sərgilənəcək. O cümlədən, Sürət Hüseynovu da biz zərəsizləşdirdik. Qiymətimiz nə oldu?! Heç nə! Tək-tək adamlar var ki, gələcəyini düşünüb.


- İllər keçib, bir şuşalı üçün Şuşasız keçən 26 ili necə xarakterizə edərdiniz? Şuşa necə qalıb xatirinzidə?

- Mən Şuşadan çıxanda 15 yaşım vardı. “Naxçıvanski”yə qəbul olunmuşdum. O vaxt da Malıbəyli Xankəndi ilə üzbəüz idi. Sənəd üçün Şuşaya, bazarlığa Xankəndinə, pal-paltar almağa Ağdama gedirdik. Mən sonra Kiyevdə oxudum. Xidmətimlə əlaqədar bütün Rusiyanı gəzdim. İldə 4 dəfə çağırış olurdu. Həmin vaxt gedirdim Moskvadan, Kamçatkadan, Qroznıdan, Leninqraddan çağırışçılar yığırdım. Onları Almaniyaya, Macarıstana, Polşaya da yola salırdıq. 1990-cı ildə baş vermiş “20 Yanvar” hadisələrindən sonra heç kimə heç nə demədən, şəxsi işimi belə götürmədən, səhər saat 6-da təyyarəyə minim gəldim Azərbaycana, dərhal da getdim Şuşaya. Bütün bunları deməkdə məqsədim odur ki, bu qədər yerləri gəzdim, Şuşa kimi tarixi şəhər görmədim. Tək onun gözəlliyinə, təbiətinə görə yox, insanlarının mədəniyyətinə, istiqanlılığına görə. Sözlə ifadə etmək qeyri-mümkündür. İndinin özündə də şükür Allaha,  Şəkiyə də gedirəm, Qusara da gedirəm, müxtəlif yerlərdə oluram. Heç yeri bəyənmirəm, ürəyimə yatmır, rahatlıq tapmıram Şuşasız.


- Həm də Şuşaya qayıdacağınıza inanırsınız...

- Mənim başqa cür düşünməyə haqqım da yoxdur. Mən zabitəm, zabit andı içmişəm. Təbii ki, istəyirəm bütün məsələlər həll olunsun. Dodaqlarım qaysaq bağlayıb ki, müharibə tezliklə başlasın. Arxamızca gələn gənclərə qalmasın bu müharibə.


- Amma təəssüf ki, müharibəni övladlarımıza, nəvələrimizə qədər gətirib çıxardıq.


- Tamamilə haqlısınız. Bir dəfə gecə saat 2-də evə qayıdırdım, məni oğlum qarşıladı. Onunla görüşmək əvəzinə, ağlamağa başladım ki, övladlarımıza gəlib çatdı müharibə. Mən bunları düşünəndə ürəyim ağrıyır... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutuldu: 8 ölü, 21 yaralı var
Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ