Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21013
az

NASA-da işləyən, “MARS”da olan azərbaycanlı: “Yadplanetlilər yerə enib” (EKSKLÜZİV MÜSAHİBƏ)

13:5618 Dekabr, 2019
1300
MÜSAHİBƏ
  • A

“Azərbaycan mənim Vətənimdir”

“Süni intellekt heç vaxt insan amilini üstələməyəcək”

“Əks təqdirdə, 50 il sonra doğma planetimizin qorxunc mənzərəsini görəcəyik”

“Bakıda böyümək bir xoşbəxtlik idi”.

 “Öz doğma Azərbaycan dilimi eşidəndə zövq alıram”

 

Allen Mirqədirov – Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti. 2010-cu ildən bəri ABŞ-ın Milli Kosmik Agentliyində (NASA) çalışır. Hazırda NASA-nın Merilanddakı Goddard Kosmik Uçuş Mərkəzində (Space Flight Center) aerokosmik mühəndis və nəzarətçidir. O, Amerika Milli Aerokosmik Agentliyinin (NASA)“Hİ-SEAS” (Hawaii Space Exploration Analog and Simulation) proqramı çərçivəsində Marsa uçmaq üçün seçilən 6 astronavtdan biri olub. Havayda başlayan Marsa şərti 8 aylıq uçuş zamanı ekipaj üzvləri planetlərarası kosmik gəmini imitasiya edən xüsusi kapsulda qalıblar. Bir neçə ay öncə isə Allen Moskvada dörd aylıq “SIRIUS-19” eksperimentində iştirak edib. Əsas məqsədi uzun müddət təcrid vəziyyətində qalmanın kosmonavtın psixoloji və fizioloji vəziyyətinə təsirini müəyyən edən eksperment zamanı əldə olunmuş məlumatlar Beynəlxalq Kosmik Stansiyada və kosmosda istifadə ediləcək. A. Mirqədirov həmçinin NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Telekommunikasiya Şəbəkələri və Texnologiyaları şöbəsində müdir vəzifəsində çalışır. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 40 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Mirqədirov Bakıda dünyaya gəlib. 10 yaşında ikən ailəsi birlikdə ABŞ-a köçüb.

 

Allen Mirqədirov HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məsələlərdən söhbət açıb, Azərbaycana olan sevgisini ifadə edib.

 –Bakı şəhərindəki 145 saylı orta məktəbdə təhsil almışam.(8-ci kilometr qəsəbəsi) Uşaqlıq illərim Bakıda keçib. O illəri yaxşı xatırlayıram. Həqiqətən də düşünürəm ki, dünyada ən yaxşı uşaqlıq illəri keçirmişəm. Uşaqlıq dostlarım, möhtəşəm qonşularım, Bakıda yetişən dadlı meyvələr, ləziz yeməklər hər zaman ən yaxşı dövr kimi yaddaşımda yaşayacaq. Bakıda böyümək bir xoşbəxtlik idi. Belə bir təcrübəyə sahib olduğum üçün çox şanslıyam. Bəzi qonşularımızla bu günə qədər də dostluq edirəm. Mənim üçün böyümək hər gün futbol oynamaq və hərdən dəcəllik etmək idi. Ancaq Bakıda böyüməyin ən yaxşı tərəfi dostlarımız və qonşularımızla qurduğumuz möhkəm bağlardır.Bu əlaqələrimiz ömrümüz boyu davam edəcək.  5-7 yaşında iki övladım var. Valideynlərim, bacım və iki gənc qardaşım var. Hamısı Bakıda doğulub böyüyüblər. Hazırda valideynlərim və qardaşlarım Avropada yaşayır. Bacım və bir ABŞ-da yaşayırıq.

 

 

-Bəs Azərbaycan sizin ailə üçün nə məna ifadə edir?

 

-Azərbaycan mənim ailə üzvlərimin dünyaya gəldiyi bir yerdir. Bizim Vətənimizdir! İnanıram ki, biz dünyanın ən yaxşı şəhərindən – Bakıdan gəlmişik. Ora kimi başqa bir yer mövcud deyil. Həmişə köklərimizi xatırlayacağıq.

 

 

-Bakını necə xatırlayırsınız?

 

-Yaxşı xatırlayıram ki, yayda Bakıda hava çox isti olurdu.  Amma siz həmişə Xəzər dənizinin sahilindəki gözəl çimərliklərdən birinə gedə bilərsiniz. Ailə olaraq getdiyimiz bəzi çimərlikləri – Şıxovo və Bilgəhi yaxşı xatırlayıram. Bakıda dörd fəsil vardı: qış, yaz, yay və payız. Qışda qar yağardı, yazda çiçəklər açardı, yayda hava həddindən çox isti keçərdi, payızda bol miqdarda yağış və xəzan olardı. Bakıda ilin hansı fəslini yaşamağımızdan aslı olmayaraq hər şey çox gözəl idi. Mən yayda Bakıda yetişən meyvələrin əhatəsində böyüdüm.

 

 

-NASA məcaranız necə başladı?

 

– San Diego Dövlət Universitetini (SDSU) Aerokosmik mühəndislik ixtisası üzrə magistr dərəcəsi ilə bitirdim.  Bundan sonra başa düşdüm ki,  mənim məqsədim NASA tərəfindən işə götürülməkdir. Buna görə də, NASA-da işləmək istəyərkən bir neçə yüksək maaşlı iş təkliflərini də rədd etdim. Müraciətimdən on ay sonra NASA-dan iş təklifi ilə bağlı bir zəng gəldi. Mən də dərhal iş təklifini qəbul etdim. O vaxtdan bəri burada çalışıram.

 

-Bütün bu uğurlarınızı nəyə borclusunuz?

 

-Həyatda indiyə qədər qazandığım əksər uğurlarıma görə həm yüksək təhsili, həm də övladlarının bütün cəhdlərini dəstəkləyən valideynlərimə borcluyam. İkincisi isə Bakıdakı 145 nömrəli məktəbdə oxumaqla başlayan və ömrüm boyu davam edən yüksək keyfiyyətli təhsilə borcluyam.  İnanıram ki, 1980-ci illərdə Bakıda böyüyərkən aldığım şəxsi təcrübələr, savadlı müəllimlərim, onların keyfiyyətli təlim metodları və ailəmin dəstəyi mənim gələcəyimin formalaşmasında əvəzsiz rol oyanyıb.

 

 

-NASA-dakı adi iş gününüzü necə təsvir edərsiniz?

 

 

-Mən NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Telekommunikasiya Şəbəkələri və Texnologiyaları şöbəsində də işləyirəm. Dünyadakı peyklər və yer stansiyaları arasındakı müxtəlif telekommunikasiya əlaqələrinin yaradılması, saxlanması, yenilənməsi, izlənməsi və problemlərinin aradan qaldırılmasına görə məsuliyyət daşıyırıq. Sadəcə olaraq, vaxtımın böyük hissəsini işçilərimi həvəsləndirməyə, tapşırıqları yerinə yetirmələrinə sərf edirəm. Mənim vəzifələrimdən digəri isə şöbəmizin də daxil olduğu Yerin monitorinqi, radio tezliyi və optik rabitə və gələcək rabitə texnologiyasının inkişafı ilə bağlı çoxsaylı layihələrə nəzarət etməkdir.

 

– NASA-da çalışmağın ən çətin tərəfi nədir?

 

-Düşünürəm ki, NASA-da çalışmağın ən çətin tərəfi işin inzibati və bürokratik yanlarıdır. NASA Amerika Federal Hökumət Agentliyi olduğuna görə, fəaliyyət göstərməsi üçün Prezidentdən və Konqresdən maliyyə almalıdır. Prezident və ya Konqres NASA-nın maliyyəsini azaltmaq qərarına gəlsə, NASA-nın çox sayda işçisi iş yerlərini itirmək təhlükəsi ilə üzləşə bilər. Bundan başqa, keçmişdə olduğu kimi bəzi proqramların maliyyələşdirilməməsi və ya ləğv edilməsi ilə bağlı hər zaman narahatlıq mövcuddur.

 

 

-Süni intellektin gücü insanları ötüb keçəndə və məntiqlə irəliləyəndə bu bizim üçün tamamilə faydalı olacaq, yoxsa fəlakət…?

 

-Çox yaxşı bir sualdır. Şəxsən mən inanıram ki, süni intellekt bütün incəliklərindən asılı olmayaraq heç vaxt insan amilini üstələməyəcək. Xüsusilə, süni intellekt  yaşamaq üçün əsas olan əmz-səbr, inam, ümid, birlik-bütövlük və digər vacib insani keyfiyyətlərə sahib ola bilməyəcək. Bu səbəbdən də bəşər övladı bu münaqişədə (əgər baş verərsə) həmişə üstün bir pilləyə (bir az da olsa) sahib olacaq. Səmimi qəlbdən ümid edirəm ki, biz heç vaxt insanlar və robotlar arasındakı qarşıdurma mövqeyinə çatmamalıyıq.

 

– Uzaq bir yerdə insanların yaşadığı bir qalaktikanın mövcudluğuna inanırsınız?

 

-İnanıram ki, digər planetlərdə və qalaktikalarda da insanlardan fərqli bir formada olsa da həyat var.

 

-Sizin yad planetlilər nəzəriyyəniz və buna olan inancınız necədir?

 

-İnanıram ki, yadplanetlilər mövcuddur və keçmişdə onların bir neçə qrupu yerə baş çəkiblər. Bu cür fikirləri nəzərə almamaq üçün sadəcə olaraq hər qitədə çoxlu tarixi sübutlar mövcuddur.

 

 

-Yad planetlilərin mövcudluğu barədə konkret olaraq nə düşünürsünüz? Biz yadplanetlilər tərəfindən izlənilirik?

 

-Mən mütləq şəkildə düşünürəm ki, onlar mövcuddur. Çox ehtimal ki, izlənilirik də! İnsanların müxtəlif elmi tədqiqatlar apararkən Yerdə daha az ağıllı və zəif inkişaf etmiş həyat formalarını müşahidə etdikləri kimi, bəzi inkişaf etmiş müəyyən varlıqlar tərəfindən bizim də səssizcə müşahidə olunmağımız ehtimalı az deyil…Biz sadəcə olaraq bu həqiqətdən xəbərdar deyilik.

 

-Mars Elon Musk, yoxsa NASA tərəfindən kəşf olunacaq, tədqiq olunacaq?

 

 

-Marsa yol NASA və ya Elon Musk mövcud olmamışdan əvvəl kəşf edilib. Marsın müstəmləkə edilməsinə gəlincə isə inanıram ki, NASA və özəl sənayenin (SpaceX və Elon Musk kimi) birliyi baş tutacaq və nəticədə Qırmızı Planetə insanların yerləşdirilməsi prossesi başlanacaq.

 

 

– Elon Muskun Mars planları ilə bağlı nə düşürsünüz?

 

-Məncə Elon Musk çox iddialı bir iş adamı və xəyalpərəstdir. O, dünyada uğurlu bir izaçma keyfiyyətlərinə sahibdir. Səmimi qəlbdən ümid edirəm ki, o, insanlara Marsa uçmaq və məskunlaşmaqla bağlı kömək edir. Bəzi planları nəticəsiz qala bilər, amma onun ideaları davam edəcəkdir.

 

-O, Marsda nüvə bombası partlatmaq istəyir…

 

-Qeyd etdiyim kimi, o çox iddialı bir insandır. Amma bəzi planları yəqin ki, nəticə verməyəcək. Nüvə bombaları həmişə yer üzündəki insanları qorxuya salır. Buna görə də Elon Muskun belə bir risk etməsinə icazə verilməsi çox yüksək bir sifariş ola bilər.

 

-Sizcə necə, insanlar robortlardan qorxmalıdır?

 

-Xeyr. Robotlar insanların həyatını asanlaşdırmaq üçün yaradılmışdır. Həyatımızda olan robotların mürəkkəbliyini təqdir etməliyik və texnologiya sivilizasiyası kimi inkişafa davam etməliyik.

 

-Gələcəkdə Marsa uçuş və yaşamaq üçün faydalı ola biləcək məlumatlar nələrdir? Siz təcrübənizi bizimlə bölüşərsiniz.

-Hazırda “SIRIUS” kimi müxtəlif kosmik analoq missiyalarda toplanmış bir çox məlumat Marsa və digər planetlərə  uzun müddətli kosmik uçuşu planlaşdırmağa kömək edəcək. İnanıram ki, ekipajımın Moskvadakı “SIRIUS” missiyasında iştirak etməsi və bu ekspedisiyadan əldə edilən məlumatlar gələcək kosmik missiyalar üçün çox faydalı olacaq.

 

– Gələcəkdə Marsa real uçuşunuz mümkündür?

 

-Əlbəttə inanıram ki, texnologiya və resuslarımız belə bir səfərə hazır olan kimi bir gün Marsa uçacağam. Əgər bu gün Marsa uçmağa çağrılsam, getməyə hazıram!

 

 -“Mars” ilə  bağlı ən çox sevdiyiniz təcrübəniz nə olub?

 

– 2014-2015-ci illərdə Mars üzərində yaşamağı və işləməyi öyrədən bir analoji kosmik missiyada iştirak etdim (SIRIUS-a oxşar). Bu, yəqin ki, mənim Marsla bağlı ən sevdiyim və təltif edildiyim təcrübəm idi. Bu, Havay Kosmik Tədqiqat Analog və Simulyasiya (HI-SEAS) adlanırdı.

 

-Kosmosdakı peykləri necə daha çox faydalı edə bilərik?

 

-Kosmosdakı peyklər Yerin monitorinqindən tutmuş komunikasiya, dərin kosmik tədqiqatlara və s. kimi mühüm sahələr üzrə çox faydalıdır. Məncə, peykləri indikindən daha faydalı etmək üçün yeni bir nəsil peykini inkişaf etdirməliyik. Bununla da həmin peyklər kosmosda yenidən asanlıqla istifadə olunar və orbitdə daha uzun müddət qala bilərlər.

 

 

– Azərbaycan artıq 3-cü peykini Kosmosa göndərib…

 

-Bu çox sevindicidir! Ümid edirəm ki, kosmik tədqiqatlardakı texnoloji irəliləyiş həm Azərbaycan, həm də kosmik missiyalarda iştirak edən digər ölkələr üçün də davam edəcəkdir.

 

 

-50 ildən sonrakı dünyanı necə təsvir edərsiniz?

 

-50 ildən sonra dünyanın necə olacağını proqnozlaşdırmaq çətindir. Amma düşünürəm ki, Mars kimi başqa bir planeti müstəmləkə etmək prossesinin mütləq yarısında olacağıq.  Ən azından, Günəş sistemindəki digər cisimlərə peyklər göndərə biləcəyimiz daimi ay mənbələri üzərində çalışmalıyıq. Yerə gəldikdə isə mütləq şəkildə ümid edirəm ki, hazırkı dünya liderlərimiz ətraf mühitimizi qorumaq və qlobal istiləşmənin qarşısını almaq üçün ciddi qərarlar qəbul edəcəklər; Əks təqdirdə, 50 il sonra doğma planetimizin daha qorxunc bir mənzərəsini görəcəyik.

 

-Siz Allahın mövcudluğuna inanırsınız?

 

–Mən özümü dindar şəxs hesab etmirəm, amma Tanrı da daxil olmaqla bir çox formada adlandırıla biləcək daha yüksək bir gücün varlığına inanıram.

 

-Sizcə dünyanın əsl sahibi nədir?

 

– Əgər planetimiz Yer haqqında danışırıqsa, o zaman insanlar qida zəncirinin lap zirvəsində dayanırlar. Ancaq Yerdəki digər canlılar üzərində bu qədər böyük bir gücə sahib olduğumuz görə gələcəkdə də həyatın davam etməsi üçün planetimizi və sakinlərini qorumaqla bağlı məsuliyyət daşıyırıq.

 

-Siz yenidən Azərbaycana qayıtmaq istərsiniz?

 

-Əlbəttə! Hər iki ildən bir ora getməyə çalışıram. Bakıda hələ də ziyarət etdiyim dostlarım və ailəm yaşayır. Sonuncu dəfə  2018-ci ilin ən isti iyul günlərində Bakıda olmuşam.

 

-Azərbaycanla bağlı hansı xatirənizi bizimlə bölüşə bilərsiniz?

 

-Bakıdakı hökumət binasının yaxınlığındakı dənizkənarı parkda gəzməyimi və bulvar boyunca oynamağımı yaxşı xatırlayıram. Suyun yanında yaşamağın necə də gözəl olduğunu xatırlayıram. Doğulduğum və böyüdüyüm gözəl şəhərlə bağlı xatirələrim hər zaman mənimlə birlikdə olacaq.

 

 -Bu günkü Azərbaycan barədə nə düşünürsünüz?

 

-Düşünürəm ki, Azərbaycan hər kəs üçün çox mehriban, dost ölkədir. Bunu Bakının ev sahibliyi etdiyi məşhur “Eurovision”, Formula 1 yarışları, konsertlər, idman tədbirləri və s. sübut edir.

 

-Azərbaycan dilini bilirsiniz?

 

-Çox təəssüf ki, ABŞ-a köçdükdən sonra məktəbdə öyrəndiyim dili biz az unutmuşam. Bir neçə kəlmə və ifadəni bilirəm. Amma mütləq daha çox şey öyrənməliyəm. Ümid edirəm ki, Azərbaycanda bir müddət vaxt keçirsəm, öz ana dilimi öyrənə bilərəm. Bu məqamda Azərbaycan dilini yalnız Azərbaycan telekanallarına baxarkən eşidirəm. Doğma dilimi eşitməkdən böyük zövq alıram.

 

 – Sizin kimi olmaq istəyənlərə hansı məsləhətləri verərsiniz?

 

-Əsas odur ki, təhsilinizi davam etdirin və daim ətrafınızdakı dünya ilə bağlı suallar verin. Astronavt, mühəndis, pilot, elm adamı və ya digər texniki karyera sahibi olmaq istəyən insanlar mütləq riyaziyyat, elm, fizika və digər oxşar fənlərə diqqət yetirməlidirlər. Ancaq  xəyal qurmağı da heç vaxt unutmamalısınız – bu isə hədəflərinə və xəyallarına doğru irəliləyənləri, imtina edənləri və daha asan bir yol seçənləri ayıran bir şeydir. Nəhayət, gələcək illərdə daha uğurlu olmaq üçün sağlam həyat tərzi sürməli və özünüzə qayğı göstərməlisiniz.

 

– Azərbaycanda sizi sevən, müsahibənizi diqqətlə oxuyan oxucularımıza nə demək istərsiniz?

 

-Oxuculara demək istəyirəm ki, bu günə qədər onlardan aldığım isti və mehriban münasibətə görə qürur duyuram və təşəkkür edirəm. Ailəm və qohumlarım mənim “SIRIUS” missiyamla bağlı Azərbaycanda yayımlanmış bir neçə xəbər və video paylaşdılar. Bunu görmək və oxumaq çox xoş oldu. Həqiqətən də bunu gözləmirdim. Nə qədər çətin olsa da, ən yüksək hədəflərə çatmaq üçün çalışmağa davam edəcəm.Ancaq haradan gəldiyimi və köklərimin harada yerləşdiyini heç vaxt unutmayacağam. Başqa bir ölkədə və ya başqa bir planetdə yaşasam da Bakı həmişə Vətənim olacaq!

 

 -NASA, yoxsa Elon Musk?

-NASA (Mən burada işləyirəm, siz bilirsiniz axı (gülür)

-Mars, yoxsa Ay?

-Mars

-Elm, yoxsa din?

-Birləşməsi

-Ən sevdiyiniz kitab?

“Resurrection” (by Lev Tolstoy)

-Ən böyük mentorunuz?

-Valideynlərim

-Etdiyin ən möhtəşəm şey?

F-15E Strike Eagle hərbi qırıcı təyyarəsində uçdum və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında Hava Qüvvələri Akademiyası kursantı olduğum müddətdə Mach 1.6 sürətinə çatdım.

Hafiz Əhmədov

HafizTimes.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi