Qaynar xətt:

(+99450) 247 90 86

Ana Dilimiz – Milli Kimliyimiz: 21 Fevral Beynəlxalq Ana Dili Günü  

Ana Dilimiz – Milli Kimliyimiz: 21 Fevral Beynəlxalq Ana Dili Günü  

MÜSAHİBƏ

88

21.02.2026, 13:58

Ana Dilimiz – Milli Kimliyimiz: 21 Fevral Beynəlxalq Ana Dili Günü

Bu gün dünyada milyonlarla insan öz ana dilinin saflığını, gözəlliyini və yaşamaq haqqını qeyd edir. Amma biz azərbaycanlılar üçün 21 Fevral sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün bizim üçün minilliklərin süzgəcindən keçib gələn, yad nəfəslərdən qorunan, qanımızla, canımızla yoğrulan Azərbaycan dilinin zəfər günüdür. 

Oxu24.com  bu müqəddəs gündə dilimizin keçdiyi çətin, lakin şərəfli yola nəzər salır.

Dilimiz – Tarixin fırtınalarından keçən gəmi

Azərbaycan dili sadəcə sözlər toplusu deyil; o, Dədə Qorqudun nəsihəti, Şah İsmayıl Xətainin qılıncı, Füzulinin qəlbinin döyüntüsüdür. Bu dil əsrlər boyu müxtəlif imperiyaların, siyasi basqıların təzyiqinə məruz qalsa da, öz saflığını, ahəngini və qürurunu itirmədi. Çünki bu dildə analarımızın laylası, şəhidlərimizin son sözü, körpələrimizin ilk kəlməsi gizlənib.

"Dilini itirən xalq hər şeyini itirər" deyiblər. Biz dilimizi itirmədik, əksinə, onu dövlət rəmzinə çevirdik.

Heydər Əliyev və Ana Dilinin İntibah Dövrü

Azərbaycan dilinin dövlət dili kimi bərqərar olması, onun nüfuzunun yüksəldilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ sovetlər dönəmində, ideoloji qadağaların hökm sürdüyü bir vaxtda böyük cəsarət nümayiş etdirərək Azərbaycan dilini Konstitusiyaya dövlət dili kimi daxil etdirmişdi.

Müstəqillik illərində isə bu siyasət daha qətiyyətli xarakter aldı:

* 18 iyun 2001-ci il: Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" tarixi fərman imzaladı. Bu fərman dilimizin inkişafında yeni bir eranın başlanğıcı oldu.

* Latın Qrafikasına Tam Keçid: 2001-ci ilin avqust ayından etibarən ölkədə tamamilə latın qrafikalı əlifbaya keçilməsi Azərbaycanın türk dünyası ilə inteqrasiyasını təmin etdi və milli kimliyimizi möhkəmləndirdi.

* 1 Avqust Bayramı: Məhz Ulu Öndərin sərəncamı ilə hər il avqustun 1-i ölkəmizdə "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi qeyd edilir.

Heydər Əliyevin məşhur kəlamı hər birimizin qəlbinə həkk olunub: "Mən fəxr edirəm ki, Azərbaycan dilində danışıram”!

Prezident İlham Əliyev: Dilimizin Qlobal Nüfuzu və Modernləşməsi

Ulu Öndərin dil siyasətini bu gün Prezident İlham Əliyev ən yüksək səviyyədə davam etdirir. Müasir dövrün çağırışlarına uyğun olaraq, dilimizin saflığının qorunması dövlət siyasətinin mərkəzində dayanır.

Cənab Prezidentin bu sahədəki misilsiz xidmətləri dilimizi daha da qüdrətli edib. 

Prezidentin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının inciləri latın qrafikası ilə kütləvi şəkildə çap edilərək kitabxanalara paylanılıb. Bu, gənc nəslin öz ana dilində mütaliə etməsinə böyük təkan verib. Küçə reklamlarından tutmuş media məkanına qədər dilimizin yad təsirlərdən təmizlənməsi üçün mühüm addımlar atılıb. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyəti ana dilinin bütün səviyyələrdə düzgün işlədilməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dili bu gün beynəlxalq konfranslarda, BMT kürsüsündə və rəqəmsal platformalarda layiq olduğu yeri tutur.

Beynəlxalq Ana Dili Günündə dilimizin sadəcə keçmişini deyil, bu gününü və sabahını da düşünmək hər birimizin vətəndaşlıq borcudur. Xüsusilə cəmiyyətin güzgüsü hesab olunan medianın, televiziyanın dili bu məsələdə həlledici rol oynayır. Bəs bu gün ekranlarımızdan, xəbər lentlərimizdən süzülən dil bizi qane edirmi?

Oxu24.com olaraq bu suallara aydınlıq gətirmək üçün ölkəmizin tanınmış jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru və BDU-nun professoru Qulu Məhərrəmli ilə həmsöhbət olduq. Dilimizin saflığı keşiyində duran, illərini bu sahənin elmi və praktik inkişafına həsr edən Qulu müəllimlə medianın dil qüsurlarından, şoulaşan informasiya üslubundan və gələcəyə dair qayğılarımızdan danışdıq.

-Qulu müəllim, xoş gördük. Beynəlxalq Ana Dili Günündə ilk sualımızı elə ən ağrılı yerdən başlayaq: Sizcə, hazırda Azərbaycan mediasında dil normaları nə dərəcədə qorunur?

-Ana dilinin ən çox işləndiyi sahələrdən biri mediadır. Yəni, onun müxtəlif qollarında Azərbaycan ədəbi dili geniş şəkildə işlənir. Saytlarda, qəzetlərdə, televiziyada, radioda, internetin media profillərində ana dili yüksək, intensiv şəkildə işlənir. Əlbəttə ki, bu müsbət tendensiyadır.

Qorunur, bəli, bir çox media platformalarında ana dili normaları uyğun şəkildə istifadə olunur. Burada hər şey peşəkarlıqdan asılıdır. Əgər, sayt redaktoru Azərbaycan dilinin orfoqrafiya qaydalarını qoruyursa, televiziyada orfoepiya normaları gözlənilirsə, demək ki, dil bu sahədə yaxşı qorunur. Təkcə qorunmur, həm də təbliğ olunur. Çünki biz düzgün yazmaqla, düzgün danışmaqla həm də bir ədəbi norma nümayiş etdiririk.

-Uzun illərdir televiziya məkanındasınız. Bu günün televiziya aparıcılarının və jurnalistlərin nitq mədəniyyəti, tələffüz tərzi sizi peşəkar kimi qane edirmi?

-Əvvəlki illərlə müqayisədə, məsələn,beş il, on il ilə müqayisədə indi televiziya aparıcılarının nitqində müsbət meyllər daha çoxdur. Yəni hiss olunur ki, efirə buraxılan insanlar, yəni efirə buraxılan aparıcıların dili ilə müəyyən şəkildə məşğul olunur, tələblər qoyulur və bu yaxşı haldır. 

Aparıcılar əlbəttə ki, özləri məsuliyyətlə yanaşmalıdırlar, çünki onun əsas silahı, ifadə vasitəsi dildir. Aparıcı — televiziya, radio aparıcısı ana dilinin ifadə imkanlarını göstərir, dilin funksionallığını göstərir, dilin gözəlliyini, onun ədəbi normalara uyğunluğunu bir növ göstərir. Bu baxımdan, əlbəttə ki, ümumiliklə götürəndə bu aparıcılar adamı qane edir.

-Maraqlı bir məqama toxunmaq istərdik: Bəzi kanallarda şou üslubunun, küçə leksikonunun hətta informasiya dilinə, xəbər proqramlarına təsiri barədə nə düşünürsünüz? Bu, dili sadələşdirir, yoxsa korlayır?

-Veriliş dramaturgiyası, tamaşaçı zövqünü təmin etməklə bağlı problemlər təkcə veriliş iştirakçılarının seçilməsi, mövzuların qoyulması, onların çatdırılması, verilişin ümumi səviyyəsi yalnız bununla bağlı olmur, həm də dil materialı ilə bağlı olur. Bizdə ana dilinin əzab çəkdiyi veriliş formaları daha çox şoularda özünü göstərir. Çünki, şou proqramlarında müəyyən sərbəstlik var, müəyyən bir üslub var və o üslub bir çox hallarda dilin qayda və normalarının pozulmasına gətirib çıxarır. Məsələn; xəbər üslubunda yazılır, oxunur, redaktə olunur. Amma çox təəssüf ki, şou-proqramlarda, bəzən də canlı olan proqramlarda dilə xüsusi tələb müşahidə olunmur. Bəzi verilişə dəvət olunan adamlar sırf məişət üslubunda danışır. Çox az sözlərdən istifadə edir, yəni, leksik layı çox kasıb görünür.

Mən hələ burada verilişin ümumi səviyyəsi, peşəkarlığı, bəzi aparıcıların dar düşüncəsi, onların müraciət formaları, insanlarla davranışının etik faktorlardan kənara çıxmasını demirəm. Amma bütövlükdə həm də dil materialı çox zəif və təhrif olunmuş şəkildə özünü göstərir.

Yəni bu proqramlara dəvət olunan insanların mütaliəsinin olmaması, ümumi dünya görüşünün aşağı olması, danışılan mövzuların tamaşaçı üçün heç bir ictimai faydası olmaması, bunlarla bir yerdə bəzi şou-proqramlarda Azərbaycan dilinin qaydalarının tapdalanmasını da müşahidə eləyirik. Əlbəttə ki, televiziya rəhbərləri, redaktorlar bunun qarşısını almalıdırlar.

-Sonda, bir elm adamı və ziyalı kimi, Azərbaycan dilinin gələcəyi ilə bağlı nikbin və ya narahat olduğunuz məqamlar hansılardır? Gənclərə və həmkarlarımıza mesajınız nədir?

-Azərbaycan dilinin gələcəyi ilə bağlı biz o halda tam nikbin və rahat ola bilərik ki, bu dilin daşıyıcıları, yəni bizlər, o dilə böyük sevgi ilə yanaşırıq, o dilin statusunu qoruyuruq, o dilin üstünlüyünü yaşadırıq. Bizdə indi müxtəlif proseslər gedir. Alınma sözlərdən, əcnəbi sözlərin dildə çox yer almasından danışıb narahatlığımızı ifadə edirik. Bunlar keçib gedəcək. Çünki, Azərbaycan dili neçə yüz illərdir ki, özünün qaydalarını, özünün gözəlliyini, özünün ifadə tərzini yaşadır və o getdikcə də bu funksionallıq, bu ifadə imkanlarının daha da genişlənməsi prosesi özünü göstərir.

Önəmli olan dilə yanaşmadır. Yəni məsələ indi bəzi insanlarla ünsiyyətdə olanda, onların Azərbaycan dilinin gələcəyi ilə bağlı, bu dilin insanı sanki karyeraya doğru apara bilməməsi ilə bağlı ümidsizlik ifadə olunur. Bunları qəbul eləmək çətindir.

İkinci bir tendensiya, deməli, türk dili arealında Azərbaycan dilinin mövqeyinin zəifləməsi haqqında düşünənlər var ki, Azərbaycan dili ilə müqayisədə türk dili daha geniş areala malikdir, ona görə biz o dilə daha çox meyllənməliyik. Belə bir yanlış təsəvvür də var ki, ortaq türk dili şəraitində Azərbaycan dilinin işləklik, tətbiq dairəsi azala bilər və s. Yəni bu cür proqnozlar var. Mən isə bilirəm ki, bu tendensiyalar olduqca təhlükəlidir və biz, əlbəttə ki, böyük Türk Dünyasının bir parçasıyıq, gələcəkdə ortaq türk dili olduğu şəraitdə belə biz Azərbaycan dilini qorumalı, inkişaf etdirməli və onu gələcək nəsillərə salamat bir şəkildə çatdırmalıyıq.

-Qulu müəllim, bu dəyərli vaxtınızı bizə ayırdığınız, dilimizin ağrılı məqamlarına peşəkar güzgü tutduğunuz və hər birimiz üçün örnək olan bu səmimi söhbətiniz üçün oxu24.com kollektivi və oxucularımız adından Sizə dərindən təşəkkür edirik. Sizin kimi ziyalıların narahatlığı və tövsiyələri dilimizin gələcək saflığı üçün ən böyük təminatdır. Çox sağ olun!

-Təşəkkür edirəm!

Beynəlxalq Ana Dili Günündə gəlin bir daha söz verək: Dilimizi sevək, sevdirək və onu gələcək nəsillərə daha saf, daha qüdrətli şəkildə ötürək. Çünki dilimiz qədər varıq, dilimiz qədər güclüyük!

Hazırladı: Çimnaz Telmanqızı