“Buta Airways” aviaşirkətinin donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə olunmuşdur
Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə etmişdir. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilmişdir.
Yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək.
"Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”-in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”-in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.
“Buta Airways”-in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır.
Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanmışdır.
Qeyd edək ki, aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə - Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlamış, həmçinin İzmirə aviareyslərin sayını həftədə üç dəfəyədək artırmışdır.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
Oxu24.com
ŞƏRHLƏR