Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 10,9 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən oxu24.com-a verilən məlumata görə, ticarət dövriyyəsinin 5,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,1% üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 13,5%-i ticarət müəssisələri, 52,4%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 21%, fərdi sahibkarlar üzrə 0,3% artıb, bazar və yarmarkalarda isə 0,2% azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 278,0 manat və ya 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən nominal ifadədə 14,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb. Oxu24.com
ŞƏRHLƏR