Ötən gün Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzov cinayət məcəlləsinin bir neçə maddəsi ilə 8 il 6 ay iş alan narkobaronu Məmmədov Elşən Ağalar oğlunu azadlığa buraxıb.
“Ölkə.Az”ın məlumatına görə, 2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilərkən onun evindən və “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından küllü miqdarda narkotik maddə götürülüb. Əməliyyatın davamı olaraq Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana da çıxıb.
Araşdırmalarımız zamanı məlum olub ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əmələ görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilib və rayonda yenidən narkotika satışı ilə məşğul olub. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Salyan rayonu Qaraçala qəsəbə sakini Elşən Məmmədovun cinayət işi baxılması üçün Sirvan Apelliyasiya məhkəməsində hakim Ələsgər Novruzovun icraatına verilib. Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan Rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik etmiş kənd sakinlərinə, hal şahidlərinə təziq göstərib. Belə ki, onlara "siz hal şahidi olmaq üçün nə qədər pul almısınız?" deyərək, hal şahidlərinə psixoloji təzyiq göstərib. Redaksiyamıza daxil olan məlumata görə hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə də şikayət məktubu yazıb.
Aldığımız məlumata görə, Salyan rayonunda narkotika satışı ilə məşğul olan və 5 kq narkotika ilə həbs olunan Elşən Məmmədov artıq azadlıqdadır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi 8 il 6 ay azadlıqdan məhrum edilən şəxsin hökmünü dəyişərək azadlığa buraxıb. Oxu24.com
ŞƏRHLƏR