Qaynar xətt:

(+99450) 247 90 86

Rövşən Muradov: Qubadlının inkişafı dayanıqlı iqtisadiyyat üzərində qurulmalıdır

Rövşən Muradov: Qubadlının inkişafı dayanıqlı iqtisadiyyat üzərində qurulmalıdır

SİYASƏT

76

24.10.2026, 14:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubadlının inkişaf perspektivlərini qiymətləndirərkən bu bölgənin gələcəyini geniş iqtisadi və coğrafi imkanlar kontekstində nəzərdən keçirmək xüsusi əhəmiyyət daşıyır. Həkəri və Bərgüşad çayları hövzəsində yerləşən rayon təbii sərvətləri, kənd təsərrüfatı ənənələri və nəqliyyat əlaqələri baxımından Şərqi Zəngəzurun sosial-iqtisadi sistemində mühüm mövqeyə malikdir. Qubadlı Şəhəri Günü münasibətilə diqqət yetirilməli əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarda həyatın uzunmüddətli, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə təşkili prosesidir.

Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a saytına açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci ildə təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm strateji sənəddir. Şəhərin gələcək məkan quruluşunun müəyyənləşdirilməsi yaşayış məhəllələrinin, ictimai xidmətlərin, mühəndis-kommunikasiya xətlərinin və nəqliyyat şəbəkəsinin əlaqəli planlaşdırılmasını tələb edir. Müasir şəhərçilikdə əsas göstərici tikilən obyektlərin sayı ilə yanaşı, həmin obyektlərin insanların gündəlik həyatını nə dərəcədə rahatlaşdırması, iqtisadi fəaliyyəti nə qədər stimullaşdırması və gələcək nəsillərin tələbatına hansı səviyyədə cavab verməsidir.

R. Muradov qeyd edib ki , Qubadlı şəhərində nəzərdə tutulan ilk yaşayış məhəlləsi bu yanaşmanın əməli ifadələrindəndir. Layihədə 21 yaşayış binasında 176 mənzilin yerləşdirilməsi planlaşdırılır. Mahruzlu kəndində birinci mərhələdə 190 evin inşası və 836 sakinin, Zilanlı kəndində isə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Bu göstəricilər Böyük Qayıdışın yaşayış mühitinin formalaşdırılması ilə paralel aparıldığını göstərir. Məskunlaşma prosesinin davamlı nəticə verməsi üçün məktəb, səhiyyə xidməti, iş yerləri və yerli sahibkarlıq imkanları vahid inkişaf məntiqi daxilində genişlənməlidir. Şəhərdə 600 şagird yerlik məktəb və 91 çarpayılıq Mərkəzi Xəstəxana üçün təməlqoyma mərasimlərinin keçirilməsi sosial infrastrukturun da planlaşdırmanın tərkib hissəsi olduğunu göstərir. İctimai xidmətlərin vaxtında və əlçatan təşkili ailələrin doğma yurdda daimi məskunlaşmasına birbaşa təsir göstərir.Rayonun iqtisadi gələcəyi onun tarixi təsərrüfat təcrübəsi ilə də bağlıdır. Qubadlıda işğaldan əvvəl taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş yayılmışdı. Məhsuldar əkin sahələri, örüş-otlaq ehtiyatları və çay vadilərinin potensialı kənd təsərrüfatının yenidən təşkilinə əsas verir. Bununla yanaşı, təbii ehtiyatlardan istifadə ekoloji tarazlığın qorunması, suyun səmərəli idarə edilməsi və yerli istehsalın emal imkanları ilə tamamlanmalıdır. Belə əlaqələndirmə kəndlərin iqtisadi dayanıqlığını artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Millət vəkili əlavə edib ki , infrastrukturun qurulması bu inkişaf modelinin dayaq sütunudur. 2021-ci ildə istifadəyə verilmiş “Qubadlı” yarımstansiyası və yeni elektrik ötürücü xətləri bölgənin enerji təminatının möhkəmləndirilməsinə xidmət edir. Rayon üzrə 2040-cı ildə elektrik enerjisinə tələbatın 38 meqavatı ötəcəyi proqnozu təsərrüfat və məskunlaşma miqyasının gələcəkdə genişlənəcəyini göstərir. Bu, kommunal şəbəkələrin əvvəlcədən ehtiyat gücləri nəzərə alınmaqla layihələndirilməsinin vacibliyini artırır. Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi isə yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsi və iqtisadi hərəkətliliyin artması üçün əlavə imkan yaradır. Enerji, yol və rəqəmsal rabitə şəbəkələrinin birlikdə inkişafı investisiya və məşğulluq baxımından əhəmiyyətli şərtlərdəndir.

Rövşən Muradov vurğulayıb ki, Qubadlı Şəhəri Günü tarixə ehtiramı gələcək qarşısında məsuliyyətlə birləşdirən mühüm ictimai məna daşıyır. Bu gün azad edilmiş ərazilərdə dövlətin uzunmüddətli inkişaf iradəsini, insanların doğma yurdlarında ləyaqətli yaşayış imkanlarının yaradılmasını və regionun iqtisadi potensialının ölkənin ümumi tərəqqisinə inteqrasiyasını əks etdirir. Qubadlının gələcəyi bərpa ilə məskunlaşmanın, məskunlaşma ilə məşğulluğun, iqtisadi inkişafla sosial rifahın bir-birini tamamladığı yanaşma üzərində qurulur.