Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb. Məlum olub ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manata çatıb. Bu, o deməkdir ki, ilin əvvəlindən kredit portfeli 660 milyon manat artıb.
“Kommersant.az” xəbər verir ki, Azpolitika.info-nun yazdığına görə, məsələ ondadır ki, ümumilikdə kredit portfelinin həcminin artmasına paralel olaraq, problemli kreditlərin məbləği də artıb. AMB-nin göstəricilərinə əsasən, iyulun sonuna problemli kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelindəki payı təxminən 11% təşkil edir.
Xatırladaq ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 ABŞ dollarınadək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılmasını nəzərdə tuturdu.
Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi nəzərdə tutulurdu.
Ancaq bugün məlum olur ki, bütün bu tədbirlər, ayrılan vəsaitlər bank sektoruna ümumilikdə müsbət təsir göstərsə də, banklar yenə problemli kreditlər bataqlığına sürüklənməkdədirlər. Məsələ ondadır ki, 2018-ci ilin yekunlarına görə, bankların kredit portfeli 13 mlrd. manat təşkil edib və bunun 12,2 faizi problemli kreditlər olub. Yuxarıda qeyd edildiyi kimi, hazırda isə bu göstərici 11 faizdir. Deməli, büdcədən ayrılan 1 milyard manata yaxın vəsait, banklara göstərilən dəstək və güzəştlər problemli kreditlər göstəricisinə cəmi 1 faiz təsir edib.
Məlum fərmandan öncə problemli kreditlərin ümumi həcmi təqribən 1.8 milyard manat idi. Büdcədən ayrılan külli miqdarda vəsaitə və dəstəyə baxmayaraq, iyulun sonuna olan göstəriciyə görə, banklardakı problemli kreditlərin həcmi yenidən artaraq, 1.5 milyard manata yaxınlaşdığını görünür. Və göründüyü kimi, bu proses getdikcə də sürətlənir. Bu gedişlə çox yaxın gələcəkdə problemli kreditlərin həcmi yenidən 2 milyard manata yaxınlaşacaq və bu həddi də keçəcək.
Problemli kreditlərin həcminin artması bir neçə amillə bağlıdır ki, bunların da ən başlıcaları bankların ümumilikdə kredit siyasətini düzgün qurmaması, daha doğrusu acgöz siyasət aparması və Mərkəzi Bankın bu sahədəki qeyri-qənaətbəxş fəaliyyətidir. Bütün əsaslı təhlillərə, tənqidlərə, şikayətlərə və iradlara rəğmən, banklar yenə də burunlarının ucundan o tərəfi görmürlər. Əsasən məmur-oliqarxların nəzarətində olan bu bankların kredit faizlərinin hələ də regionda və dünyada analoqlarını tapmaq asan deyil. Çünki bu faizlər qətiyyən ölkədəki biznesin gəlirlilik səviyyəsilə, rentabelliyilə uzlaşmır.
Onsuz da Azərbaycanda biznes mühitinin hələ də idealdan çox-çox uzaq olması, azad rəqabət mühitinin olmaması, məmur oliqarxiyasının yaratdığı qeyri-bərabərlik və digər səbəblər ciddi dayağı olmayan sahibkarlara böyük çətinliklər törədir. Bunun üzərinə də bankların kredit faizlərinin yüksək olmasını gələndə, vəziyyət o hala çatır ki, hətta heç bir devalvasiyasız-filansız da krediti ödəmək çətinləşir və problemli kreditlərin həcmi durmadan, sürətlə artır.
Kredit faizləri məsələsi dəfələrlə iqtisadçılar, maliyyəçilər tərəfindən qaldırılıb, parlamentdə də bu məsələ gündəmə gətirilib. Hətta bir neçə il əvvəl iclasların birində YAP-çı Siyavuş Novruzov bildirmişdi ki, bu faizlə kredit götürüb, sonra onu qaytarmaq və qazanc əldə etmək üçün yalnız narkotik alverilə məşğul olmaq mümkündür.
Bu günlərdə isə deputat Vahid Əhmədov kredit faizləri məsələsinin parlamentin müvafiq komissiyasında müzakirə edilə biləcəyini, həmçinin deputatların banklarla görüşərək, danışıqlar aparmasının mümkünlüyünü bildirib.
Ancaq çətin ki, deputatların, yaxud müstəqil iqtisadçıların sözü ilə iri məmurların əlində olan banklar kredit faizlərini endirə. Nəzərə alsaq ki, sahibi Mərkəzi Bankın rəhbəri olan bank belə kreditləri çox yüksək faizlərlə verir, hansısa oliqarxdan bunu gözləmək sadəlövlük olardı…
Həmin bu məmur-oliqarx təbəqəsinin acgözlüyü ucbatından Azərbaycanın bank sektoru çətin ki, nə vaxtsa normal, sivil hala gələ. Və bu sektor iri məmurların nəzarətindən çıxmayınca heç bir fərman, eləcə də büdcədən ayrılan milyardlar belə, lazımi effekti verməyəcək. Oxu24.com
ŞƏRHLƏR