Qaynar xətt:

(+99450) 247 90 86

Ev bağışlayarkən həyat yoldaşının razılığı vacibdirmi?

Ev bağışlayarkən həyat yoldaşının razılığı vacibdirmi?

HÜQUQ

95

14.07.2026, 15:07

Ailə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri də daşınmaz əmlak üzərində sərəncam hüququ ilə bağlıdır. Xüsusilə nikah dövründə əldə edilmiş mənzilin və ya evin həyat yoldaşlarından biri tərəfindən digərinin xəbəri və razılığı olmadan bağışlanmasının mümkün olub-olmaması vətəndaşları ciddi maraqlandırır.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Elxan Əzizov bildirib ki, bu məsələdə əsas meyar əmlakın hansı dövrdə və hansı əsaslarla əldə edilməsidir.

Onun sözlərinə görə, əgər mənzil və ya ev ər-arvadın rəsmi nikahda olduqları müddətdə birgə vəsait hesabına əldə edilibsə, həmin əmlak birgə mülkiyyət hesab olunur və tərəflərdən biri digərinin razılığı olmadan onu nə sata, nə də bağışlaya bilər.

"Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilmiş əmlak, əksini təsdiq edən hallar olmadıqca, ər-arvadın birgə mülkiyyəti sayılır. Belə əmlak üzərində hər hansı sərəncam verilməsi, o cümlədən bağışlanması üçün digər həyat yoldaşının razılığı tələb olunur. Razılıq olmadan bağlanmış əqdlər sonradan məhkəmə qaydasında mübahisələndirilə bilər", – deyə vəkil qeyd edib.

Elxan Əzizov vurğulayıb ki, vəziyyət nikahdan əvvəl əldə olunmuş əmlaklara münasibətdə fərqlidir. Onun sözlərinə görə, əgər ev və ya mənzil nikah bağlanmazdan əvvəl şəxsin mülkiyyətində olubsa, həmin şəxs bu əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir.

"Əgər daşınmaz əmlak nikahdan əvvəl əldə edilibsə, artıq həmin əmlak şəxsi mülkiyyət hesab olunur. Belə olan halda həyat yoldaşının razılığı tələb edilmir və mülkiyyətçi evi istədiyi şəxsə bağışlaya və ya sata bilər", – deyə o bildirib.

Vəkil əlavə edib ki, bəzi hallarda əmlak nikah dövründə deyil, hədiyyə və ya miras yolu ilə əldə olunur. Bu zaman da hüquqi qiymətləndirmə fərqli aparılır.

"Şəxsin öz adına bağışlanmış və ya miras qalmış əmlak, bir qayda olaraq, onun şəxsi mülkiyyəti hesab edilir. Lakin məhkəmə təcrübəsində bəzi mübahisəli hallar da mövcuddur. Məsələn, bağışlamanın konkret olaraq yalnız bir şəxsə, yoxsa ailəyə ünvanlandığı araşdırılır. Bu kimi mübahisələr zamanı məhkəmə bağışlamanın məqsədini, tərəflərin iradəsini və digər sübutları qiymətləndirərək qərar verir", – deyə hüquqşünas izah edib.

Onun sözlərinə görə, ailə münasibətlərində sonradan uzunmüddətli mübahisələrin yaranmaması üçün əmlakla bağlı bütün hüquqi məsələlərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi və zərurət olduqda notarial sənədlərlə rəsmiləşdirilməsi tövsiyə olunur.

Elxan Əzizov sonda qeyd edib ki, vətəndaşlar daşınmaz əmlak üzərində hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl mövcud hüquqi statusu dəqiqləşdirməli, xüsusilə də əmlakın birgə və ya şəxsi mülkiyyət olub-olmadığını nəzərə almalıdırlar. Bu, sonradan yaranacaq məhkəmə çəkişmələrinin və hüquqi risklərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Nigar