Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
21 İyun 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
640
24.06.2026, 13:35
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu prosesi hər zaman milli mövcudluğun, suverenliyin və ərazi bütövlüyünün ən mühüm təminatçısı qismində çıxış etmişdir. Hər il iyunun 26-da böyük qürur və coşqu ilə qeyd olunan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yaradılması Günü sadəcə təqvim bayramı deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin hərbi-strateji qüdrətinin və rəşadətli tariximizin hesabat günüdür. Bu şanlı tarix müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və ordu quruculuğu sahəsində atdığı fundamental addımlarla birbaşa bağlıdır. Ulu öndərin əsasını qoyduğu və milli maraqlara söykənən hərbi strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ən uca zirvəyə çatdırılmışdır. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ardıcıl, məqsədyönlü və modern islahatlar nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü və mütəşəkkil orduları sırasında öz layiqli yerini möhkəmləndirmişdir.
Son illər ərzində əldə olunmuş misilsiz nailiyyətlər, xüsusilə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi, habelə 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində uğurla tamamlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi potensialının real qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi zəfərlər nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edilmiş, respublikamızın ərazi bütövlüyü tam şəkildə bərpa olunmuş və dövlət suverenliyimiz ölkənin bütün coğrafiyasında qətiyyətlə təmin edilmişdir. Füzulidən Şuşaya, Xocalıdan Xankəndiyə qədər ucalan üçrəngli müqəddəs bayrağımız bu gün hər birimizə qalib xalqın nümayəndəsi olmaq xoşbəxtliyini və rəşadətini yaşatmaqdadır. 21-ci əsrin müharibə strategiyasını və taktikasını diktə edən Azərbaycan Silahlı Qüvvələri hərbi elmdə yeni bir səhifə açaraq, beynəlxalq analitik mərkəzlərin və qabaqcıl dövlətlərin ordularının tədqiqat obyektinə çevrilmişdir. Müasir mərhələdə ordumuzun qarşısında duran fundamental vəzifələr təkcə əldə olunmuş nailiyyətlərin qorunmasından ibarət deyil, həm də qlobal geosiyasi çağırışlara uyğun olaraq müdafiə sisteminin daimi modernləşdirilməsini nəzərdə tutur. Hazırda regionda və dünyada cərəyan edən mürəkkəb siyasi-hərbi proseslər, təhdidlərin xarakterinin dəyişməsi Azərbaycanın müdafiə sənayesini və hərbi doktrinasını ən son elmi-texnoloji nailiyyətlər üzərində qurmasını şərtləndirir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir rəqəmsal sistemlər və süni intellekt texnologiyaları ilə zənginləşdirilməsi ölkəmizin hərbi üstünlüyünü uzunmüddətli perspektivdə sığortalayır. Eyni zamanda, qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrinin mütərəqqi modelinə keçid prosesinin uğurla tamamlanması ordumuzun taktiki və operativ imkanlarını keyfiyyətcə yeni müstəviyə qaldırmışdır. Birgə keçirilən genişmiqyaslı hərbi təlimlər, hərbi təhsil sistemində tətbiq olunan yeniliklər və Milli Müdafiə Universitetinin fəaliyyəti peşəkar kadr potensialının formalaşmasında müstəsna rol oynayır. Bu kontekstdə, hərbi-vətənpərvərlik ruhunun gənc nəsil arasında ardıcıl şəkildə aşılanması dövlətin milli təhlükəsizlik strategiyasının ən fundamental dayaqlarından birini təşkil edir. Azərbaycan gəncliyinin istər döyüş meydanında, istərsə də mülki platformalarda nümayiş etdirdiyi yüksək vətənpərvərlik əzmi gələcəyimizin etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir.
Bu gün qalib Azərbaycan Respublikası həm regional təhlükəsizliyin əsas təminatçısı, həm də beynəlxalq sülhməramlı missiyaların fəal iştirakçısı kimi qlobal miqyasda yüksək etimad qazanmış bir aktordur. Çəkindirici faktor rolunu oynayan hərbi gücümüz rəsmi Bakının müstəqil xarici siyasət yürütməsini təmin edir və milli maraqlarımızın diplomatiya müstəvisində diktə edilməsinə birbaşa rəvac verir.
Oxu24.com 26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində ordumuzun keçdiyi inkişaf yolunu, qazanılan tarixi qələbələri və gələcək hərbi-strateji hədəfləri daha dərindən təhlil etmək məqsədilə hərbi, siyasi və ictimai sahənin tanınmış ekspertlərinin geniş rəylərini təqdim edir:
Hərbi ekspert Şair Ramaldanov: "Azərbaycan ordusu Türkiyə modelinə keçid prosesinin yekun mərhələsindədir"
Azərbaycan Silahlı Qüvvələrinin hazırkı inkişaf dinamikası və qarşıda duran strateji vəzifələr barədə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir ki, başda Respublikanın Silahlı Qüvvələri, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişafını davam edir. Ekspert vurğulayır ki, ordunun əsas məqsədi dövlətin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını xarici və daxili təhlükələrdən qorumaqdır:
“Bu vəzifəni yerinə yetirmək üçün Silahlı Qüvvələrin qarşısında duran tapşırıqlar ölkənin müdafiəsidir, xarici qüvvələrdən dövlət sərhədlərini qorumaq da daxil olmaqla təhlükəsizliyi təmin etməkdir”.
Onun sözlərinə görə, bu tapşırıqlara əhalinin və dövlətin xarici təcavüzə qarşı müdafiəsini təşkil etmək, təcavüzdən və fövqəladə hallar olduqda döyüş qabiliyyətini, döyüşə hazırlıq vəziyyətini daimi saxlamaq daxildir.
Hərbi ekspert diqqətə çatdırır ki, digər mühüm vəzifə xarici ola biləcək qüvvələri və riskləri daimi nəzarətdə saxlayaraq lazım olan addımların atılması, habelə beynəlxalq əməliyyatlarda sülhməramlı missiyasını daşımaqdır:
“Fövqəladə hallar, təbii fəlakətlər yarandıqda Silahlı Qüvvələr bu proseslərə də cəlb edilə bilər. Bunlardan irəli gələrək Azərbaycan Silahlı Qüvvələri qanunvericilikdə nəzərdə tutulmuş rəhbər edici sənədlərdə əks olunan tələblərə uyğun olaraq öz fəaliyyətini tənzimləyir.
Azərbaycan Silahlı Qüvvələri İkinci Vətən Müharibəsində qələbə qazandıqdan sonra yeni bir müasir mərhələ dövründə öz inkişafını davam edir. İndiyə qədər Azərbaycan Silahlı Qüvvələri torpaqlar işğal altında olduqda torpaqların azad edilməsi ilə bağlı və bu istiqamətdə öz hazırlığını və inkişafını əsas məqsədlərdən biri kimi hazırlıq və inkişaf dövrü keçirdi”.
Ekspert vurğulayır ki, Vətən Müharibəsində qazanan qələbə göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, fəaliyyəti və hazırlığı düzgün istiqamətdə aparılırdı. Onun sözlərinə görə, nəticə də Azərbaycan Silahlı Qüvvələrinin qarşısında qoyulan vəzifəyə, yəni ərazi bütövlüyümüzü bərpa etməsi ilə bağlı qələbə ilə nəticələnən döyüşlərlə yekunlaşdı.
Şair Ramaldanov fəxrlə bildirir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin apardığı, qazandığı qələbə nəticəsində biz ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa edilmiş bir ölkədə yaşayırıq.
O vurğulayır ki, burada artıq digər tapşırıqlar və vəzifələr Azərbaycan Ordusunun qarşısında olduğu kimi qalır, sadəcə, Azərbaycan artıq işğaldan azad etmə tapşırığı və vəzifəsini ki, Vətən Müharibəsi zamanı yerinə yetirmiş hesab olunur.
Eyni zamanda, polkovnik bildirir ki, bu gün geosiyasi arenada gedən proseslər bir daha göstərdi ki, müdafiə və təhlükəsizlik məsələləri hər bir ölkənin, o cümlədən Azərbaycanın ön planında olan bir tapşırıqdır. Çünki, Azərbaycanın bu gün reallıqda üç bir tərəfi müharibə şəraitində olan ölkələr kimi qiymətləndirilir:
“Rusiya Ukrayna ilə müharibədədir; şimalda Rusiya, cənubda İran İslam Respublikası, ABŞ, İsrail müharibədədir. Ermənistanla isə hal-hazırda sülh münasibətləri istiqamətində çox böyük irəliləyiş olsa da, de-yure hələ də Azərbaycan-Ermənistan arasında diplomatik əlaqələr qurulmayıb. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi də, demək olar ki, gözlənilməkdədir.
Quru sərhədlərlə qonşu ölkələrin hamısı müharibə şəraitindədir”.
Lakin polkovnik düşünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sülhə doğru biz bu yolu gedirik .
Şair Ramaldanov ifadə edir ki, hər bir müharibə Silahlı Qüvvələr üçün çox böyük sınaqdır və Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsindən sonra artıq öz inkişafını daha da məqsədyönlü şəkildə aparır. Çünki, Azərbaycanın qazandığı qələbəli müharibə Azərbaycan Silahlı Qüvvələrinin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu gün həmin müharibədən irəli gələn çoxsaylı dərin təhlillərin aparılması, onların nəticələri, Azərbaycanın xüsusi təyinatlı hərbi məktəblərdə, proqramlarda və hərbi məktəblərdə, institutlarda öz proqramlarında əksini tapması, gələcəkdə Azərbaycanın bu sahədəki inkişafından xəbər verir.
Ordudakı struktur islahatlarına toxunan ekspert bildirir ki, Azərbaycan Ordusunun qarşısında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə modelinə keçidi ilə bağlı tapşırıq qoyulmuş və hal-hazırda biz o tapşırığı uğurla yerinə yetirərək, yekun mərhələsindəyik. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Ordusunda çox böyük islahatlar aparılıb və o islahatlar bütün Silahlı Qüvvələrdə də öz əksini tapmışdır:
“Bu gün Azərbaycan Ordusu Türkiyə modelinə keçmiş hesab olunur və bu prosesdə çox böyük irəliləyişlərə nail olub. Bu irəliləyişlər həm gündəlik döyüş və döyüşə hazırlıq prosesində özünü göstərir, həm də Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təlimlərdə və yarışlarda öz peşəkarlığını bir daha sınaqdan keçirərək öz imkanlarını məhz beynəlxalq təlimlərdə göstərir”.
Şair Ramaldanov dövlət başçısının rəqəmlərinə istinad edərək qeyd edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Sammitində səsləndirdiyi rəqəmə görə, 2025-ci ildə Azərbaycan Ordusu Türkiyə Ordusu ilə birgə 25 birgə təlim keçirmişdir. Bu il o təlimlərin sayı həm planda daha çox sayda nəzərdə tutulub, həm də Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili Türkiyə, Türkdilli Dövlətlərin birgə təlimlər ili kimi təklifi sayəsində artıq Türkdilli Dövlətlərin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulmuş münasibətlər və müqavilələrdə birgə təlimlərin keçirilməsi planlaşdırılıb. Bu, həm iki ölkə arasında fərdi təlimlərdir, həm bir neçə Türkdilli Dövlətlərin birgə iştirak etdiyi təlimlərdir.
Polkovnik əlavə edir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün hər tarixində 21-ci əsrin tələblərinə cavab verən müharibənin aparılması, aparan və qələbə ilə nəticələnən ölkə kimi tarixə öz adını yazıb. Silah və texnikanın Azərbaycana silahlanması ilə bağlı konkret yanaşmaların mövcud olduğunu deyən ekspert bildirir ki, Azərbaycan Silahlı Qüvvələri müasir Silahlı Qüvvələr prinsipi ilə inkişaf edir:
“Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında rəqəmsal, süni intellektə malik olan silah və texnikaya üstünlük verilir və artıq bununla bağlı konkret nəticələr də var. Həmin nəticələr özlərini həm beynəlxalq təlimlərdə, həm də daxildə keçən təlimlərdə təlim formasında sınaqdan keçirərək daimi təkmilləşdirilməkdədir”.
Kadr hazırlığı məsələsinə toxunan Şair Ramaldanov bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün hərbi kadrların hazırlanması ilə bağlı əsas vəzifələrdə islahatları məhz bu istiqamətdə görür. Bunun üçün Azərbaycan Müdafiə Nazirliyinin tərkibində Milli Müdafiə Universiteti yaranıb və o Milli Müdafiə Universitetinin nəzdində həm bizim özümüzün təcrübəmizdən irəli gələn, həm Türkiyə Ordusunda kadr hazırlığı ilə bağlı qazanılmış təcrübə, həm də beynəlxalq ordularda kadr potensialının hazırlanması ilə bağlı qabaqcıl təcrübələr məhz Milli Müdafiə Universitetinin nəzdində olan xüsusi təyinatlı hərbi məktəblərdə və institutlarda tətbiq olunur”.
Ekspert əlavə edir ki, bu gün Milli Müdafiə Universitetinin nəzdində olan müəllim heyətinin əksəriyyəti müharibə təcrübəsi olan zabit heyətidir və mütəxəssislərdir. O vurğulayır ki, bu da Azərbaycanın kadr hazırlığında xüsusi bir müsbət nəticələrə istiqamətləndirilən bir faktordur, çünki müharibəni keçmiş və müharibə bacarığı, təcrübəsi olan müəllimlərin bu gün hərbi kadrların hazırlanmasında iştirakı xüsusi qeyd olunmalı bir faktordur:
“Azərbaycan Milli Müdafiə Universitetinin nəzdində çox böyük elmi-tədqiqat işləri aparılır və bu elmi-tədqiqat işləri Azərbaycanın apardığı qələbə ilə nəticələnən müharibədən və dünyada olan təcrübələrdən irəli gələn məlumatlar əsasında reallaşdırılır. Bu gün Vətən Müharibəsindən sonra qaynar nöqtələrdə gedən müharibələr və münaqişələr də Azərbaycan Silahlı Qüvvələrinin inkişafında öz təsirini göstərir və Azərbaycan Silahlı Qüvvələrində müvafiq qurumlar tərəfindən həmən o müasir müharibə ocaqlarında aparılan döyüşlər və təcrübələr daimi izlənilir, təhlil olunur və Azərbaycan Ordusunun inkişafında istifadə olunmaqdadır. Bu gün Azərbaycan Ordusu daimi inkişaf edən bir qurum olaraq qarşısında duran bütün vəzifələri yerinə yetirməyə qadirdir və hazırdır”.
Sonda ekspert xüsusilə qeyd edir ki, Azərbaycan Ordusunun və Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi sədaqətlə seçilən bir qurumdur və Azərbaycan Silahlı Qüvvələri bu gün Azərbaycan xalqının qürur yeri olaraq daimi öz qarşısında olan tapşırıqları yerinə yetirməkdədir!
Politoloq Rəşad Bayramov: "Hərbi güc Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını genişləndirir"
Hərbi uğurların Azərbaycanın xarici siyasətinə və regional statusuna təsirlərini qiymətləndirən politoloq Rəşad Bayramov bildirir ki, Azərbaycanın hərbi potensialının güclənməsi ölkənin regional və beynəlxalq siyasətində mühüm amillərdən biridir:
“2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın hərbi imkanları və təhlükəsizlik strategiyası xarici siyasət gündəliyində daha görünən mövqe tutmağa başlayıb. Hərbi güc bu mərhələdə həm müdafiə vasitəsi, həm də diplomatik mövqelərin formalaşmasına təsir edən strateji faktor kimi çıxış edir”.
Rəşad Bayramov qeyd edir ki, güclü hərbi potensial Azərbaycanın danışıqlardakı mövqeyini möhkəmləndirir. Uzun illər davam edən Qarabağ münaqişəsi dövründə diplomatik proseslər əsas alət olsa da, tərəflər arasında güc balansı mühüm rol oynayırdı. Azərbaycanın hərbi imkanlarını artırması və ərazi bütövlüyünü bərpa etməsi ölkənin beynəlxalq platformalarda daha inamlı mövqe nümayiş etdirməsinə şərait yaradıb. Xüsusilə regional təhlükəsizlik məsələlərində ölkəmizin söz çəkisini artıran amillərdən biridir.
İkinci mühüm məqama toxunan politoloq bildirir ki, hərbi potensialın inkişafı Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını genişləndirir:
“Müdafiə qabiliyyəti yüksək olan dövlətlər adətən, xarici siyasətdə daha sərbəst manevr edə bilirlər. Məlumdur ki, Azərbaycan müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlərə üstünlük verir. Hərbi imkanların artması isə bu balans siyasətində əlavə dayaq rolunu oynayır”.
Digər tərəfdən, Rəşad Bayramov diqqətə çatdırır ki, Azərbaycanın müdafiə sənayesinə, ordunun modernləşdirilməsinə və yeni texnologiyalara investisiya yatırması ölkənin regional təhlükəsizlik arxitekturasında da rolunu artırır.
Politoloq həmçinin vurğulayır ki, hərbi gücün artması diplomatik məsuliyyəti də artırır, çünki regional liderlik yalnız hərbi imkanlarla deyil, iqtisadi sabitlik, siyasi əlaqələr və beynəlxalq etimadla da formalaşır. Bu baxımdan, Azərbaycanın əsas çağırışı hərbi üstünlüyü uzunmüddətli sülh və əməkdaşlıq mexanizmlərinə çevirməkdən ibarətdir:
“Hazırki mərhələdə Azərbaycanın hərbi potensialı xarici siyasətdə daha çox çəkindirici faktor kimi çıxış edir. Məqsəd yalnız güc nümayiş etdirmək deyil, mümkün risklərin qarşısını almaq və milli maraqları daha effektiv qorumaqdır”.
Ümumilikdə politoloq yekunlaşdırır ki, Azərbaycanın güclənən hərbi imkanlarının ölkənin regional və beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə dəyişdiyini deyə bilərik və bu amil rəsmi Bakının təhlükəsizlik siyasətini daha müstəqil qurmasına və regionda əsas aktorlardan biri kimi rolunu möhkəmləndirməsinə təsir göstərir.
XTQ Qazisi Əhliyət Mehdiyev: "Mənəvi baxımdan sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi zəfərlərimizin arxasında dayanır"
Ordunun mənəvi-psixoloji hazırlığı, gənclərin vətənpərvərlik tərbiyəsi və keçirilən hərbi layihələr barədə danışan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan baş leytenantı, 3-cü qrup Qarabağ qazisi Əhliyət Mehdiyev qeyd edir ki, bu tarix hər il ordumuzun bütün qoşun növlərində böyük coşqu ilə qeyd olunur.
Qazi vurğulayır ki, son altı ildə bu bayram bizlər üçün tamamilə fərqli, daha qürurlu bir məna kəsb edir. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən cəmi 23 saatlıq antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü, şücaətini və ədalətini bütün dünyaya sübut etdi:
“Füzulidən Şuşaya, Xocalıdan Xankəndiyə qədər ucalan üçrəngli bayrağımız bu gün hər birimizə qalib xalqın nümayəndəsi olmaq xoşbəxtliyini yaşadır. Bu büyük zəfərlərin arxasında mənəvi baxımdan sağlam, vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi dayanır”.
O, dövlətimizin bu istiqamətdə gənclər üçün təşkil etdiyi tədbirlərin əhəmiyyətini və şəxsən fəal iştirakçısı olduğu layihələri bu şəkildə qruplaşdırır:
“Gənclərin nizam-intizam və komanda ruhunu gücləndirən "Poliqon" və "Komando" düşərgələri bu sahədə müstəsna rol oynayır. 1996-cı ildən bəri hər il ənənəvi olaraq keçirilən bu oyunlar gənclərdə hərbi vərdişlərin və vətənpərvərlik hissinin formalaşmasında əvəzsizdir. Vaxtilə bu oyunlarda iştirak etmiş gənclərin bir çoxu bu gün ordumuzda komandir heyətində təmsil olunur, Vətən Müharibəsinin qəhrəmanlarına, qazilərinə və şəhidlərinə çevrilirlər”.
Əhliyət Mehdiyev bildirir ki, layihələrdə xanımların da oğlanlar qədər fəal şəkildə iştirak etməsi olduqca qürurvericidir. O əlavə edir ki, bu gün hərbi-vətənpərvərlik ruhunda yetişən qızlarımız sabahın qəhrəman əsgərlərini böyüdəcək analardır.
Öz şəxsi təcrübəsini bölüşən Qarabağ qazisi qeyd edir ki, özünün 2004-cü ildə "Şahin" hərbi-idman oyunlarının iştirakçısı olması, həmçinin 2024-cü ildə baş hakim kimi fəaliyyət göstərməsi və bu il keçirilən 29-cu "Şahin" oyunlarında yenidən hakim qismində gənclərimizin yüksək ruhuna, komanda əzminə şahidlik etməsi onun bu sahəyə verdiyi dəyərli töhfənin göstəricisidir.
Sonda XTQ-nin ehtiyatda olan baş leytenantı vurğulayır ki, bu gün qalib Azərbaycan gəncliyi həm də Qarabağda həyata keçirilən Böyük Qayıdış prosesində fəal iştirak edir, quruculuq işlərinə öz töhfəsini verir.
Əhliyət Mehdiyev əminliklə bildirir ki, vətənpərvər gənclərimizin sayəsində gələcəyimiz daha etibarlı əllərdədir!
Ulu Öndər Heydər Əliyevin banisi olduğu ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün ən parlaq, zirvə mərhələsini yaşayır. Süni intellekt texnologiyalarından tutmuş Türkiyə modelinin tam bərqərar olmasına, Milli Müdafiə Universitetinin elmi-praktiki kadr hazırlığından tutmuş vətənpərvər gəncliyimizin sarsılmaz komanda ruhuna qədər hər bir detal qalib bir dövlətin gələcəyə atdığı qətiyyətli addımlardır.
Bu gün Azərbaycan Ordusu işğala son qoymuş müzəffər bir qüvvə olmaqla yanaşı, həm də 21-ci əsrin hərb elmini yenidən yazan universal bir fenomendir. Üçrəngli müqəddəs bayrağımızın bütöv və suveren Azərbaycanın hər bir qarışında əbədi dalğalanması Silahlı Qüvvələrimizin öz xalqına və dövlətinə bəxş etdiyi ən böyük zəfər töhfəsidir. Oxu24.com kollektivi olaraq xalqımızın iftixar mənbəyi olan rəşadətli ordumuzu, bütün hərbçilərimizi və qazilərimizi Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, bu müqəddəs yolda canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik! Bayramınız mübarək, ey Azərbaycanın qəhrəman əsgəri!
Hazırladı: Çimnaz Telmanqızı
16:44 / 24 İyun 2026
44
16:40 / 24 İyun 2026
21
16:35 / 24 İyun 2026
19
16:29 / 24 İyun 2026
40
16:25 / 24 İyun 2026
72
16:22 / 24 İyun 2026
59
16:18 / 24 İyun 2026
68
15:51 / 24 İyun 2026
77
15:46 / 24 İyun 2026
76
15:38 / 24 İyun 2026
86
15:32 / 24 İyun 2026
83
15:25 / 24 İyun 2026
65
15:07 / 24 İyun 2026
78
15:04 / 24 İyun 2026
75
14:59 / 24 İyun 2026
76
14:57 / 24 İyun 2026
69
14:42 / 24 İyun 2026
98
14:39 / 24 İyun 2026
88
14:26 / 24 İyun 2026
83
14:06 / 24 İyun 2026
101
14:04 / 24 İyun 2026
113
13:57 / 24 İyun 2026
115
13:52 / 24 İyun 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.