Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qarabağ bölgəsinə, Şuşaya qanunsuz səfəri onun xarici siyasətində heç nəyin dəyişmədiyini göstərir.
Gözləmək olardı ki, keçmiş prezident Sarqsyanın siyasətinə etiraz edən xalqın dəstəyi ilə hakimiyyətə gələn bu az tanınan siyasətçi Ermənistanın xarici siyasətində müəyyən dəyişikliklər edəcək. Amma zaman keçdikcə məlum olur ki, bu dəyişikliklər yoxdur və məhz bunun nəticəsidir ki, Ermənistanın özündə Paşinyanın reytinqi günü-gündən azalmaqdadır.
Bunu
Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Ermənistanın mövcud problemlərinin kökündə ilk növbədə onun Azərbaycana qarşı işğalçılıq siyasətinin dayanması hələ də yeni hakimiyyətin düşüncəsinə hakim ola bilmir.
“Paşinyanın yenə də işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycana qarşı təxribatçılıq hərəkətləri törətməsi Sarqsyanın fəaliyyətindən heç nə ilə fərqlənmir.
Amma bir məsələ var: eyni siyasət eyni nəticə ilə sonuclanır, bitir və bu baxımdan, tamamilə gözləniləndir ki, müəyyən dövrdən sonra cəbhə xəttində Ermənistanın təxribatlarına cavab olaraq, yenidən Aprel hadisələri sayağı hadisələr baş versin.
Tamamilə gözləniləndir ki, Ermənistanın özündə Paşinyan siyasətinə qarşı daha güclü etiraz dalğası başlasın. Tamamilə gözləniləndir ki, Ermənistan Sarqsyan-Paşinyan siyasəti nəticəsində tamam pis, dözülməz vəziyyətə düşsün.
Eyni zamanda, əgər Paşinyan hesab edirsə ki, onun ritorikası Azərbaycanı yanlış yola döndərəcək, yaxud da Azərbaycan onun provakasiyalı hərəkətlərinə göz yumacaq, çox yanılır.
Azərbaycan öz mənafeyini, öz qürurunu qorumaq qüdrətindədir və bu cür hərəkətlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşəcək”, - deyə A.Mirzəzadə əlavə edib.
Məlumat üçün bildirək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimə qatılıb. Daha sonra o, Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, “Yallı” gedib.
Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünə dair bəyanat yayıb.
Oxu24.com
ŞƏRHLƏR