Türkiyənin raket sahəsindəki lider şirkəti olan ROKETSAN son dövrlərdəki hərbi əməliyyatlarda tez-tez istifadə olunan partlayıcı yüklü uçuş aparatları və kustar üsulla hazırlanan bombaları zərərsizləşdirmək üçün istifadə olunan Alka İstiqamətləndirilmiş Enerji Silah Sistemi istehsal edib.
Oxu24.com Publika.az -a istinadən xəbər verir ki, yeni sistem 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim olunub.
İlk dəfə paylaşılan test görüntülərində sistemin kustar üsulla hazırlanan bomba, sursat daşıyan, casusluq edən və sürü hücumu edən dronları uğurla zərərsizləşdirdiyi əks olunub.
ROKETSAN İrəli Lazer və İdarəetmə Texnologiyaları müdiri Uğur Kayasal jurnalistlərə açıqlamasında sistemi tamamilə milli imkanlar əsasında qurduqlarını deyib:
“Alka”da həm lazer kəşfiyyat, həm də elektromaqnit qarışığı sistemləri var. Bunun sayəsində dron, sabit qanadlı model təyyarələr kimi terror əməliyyatlarında istifadə olunan aparatlara qarşı olduqca təsirli sistemdir. Eyni zamanda, kustar üsulla hazırlanan bombaların uzaqdan zərərsizləşdirilməsini də bacarır. Hədəfləri həssas şəkildə izləyir, üzərindəki radar və elektro-optik sistemlərlə birdən çox hədəfi eyni anda təqib edə bilir. Hazırda ROKETSAN-ın bir binasını bu sistem qoruyur”.
Kayasal qeyd edib ki, şirkət bu sistem üzərində 4-5 ildir ki, işləyir: “Silah, ya da bomba ilə dronları məhv etmək çox çətindir. Yeni təhdidlərə yenilikçi silahlarla cavab vermək lazımdır. Buna görə də istiqamətləndirilmiş enerji sistemi ilə bu təhdidləri uzaqlaşdırmağa çalışırıq. Çünki dünyada bu istiqamətdə trend yaranıb. Amma məhsul yoxdur. İlk məhsulu ortaya qoyaraq ilk olmağı hədəfləyirik. Sistem modulyar olduğu üçün yerləri dəyişdirilə bilir. Bu məkan zirehli bir avtomobil və ya binanın qülləsi də ola bilər”.
Qeyd edək ki, sistem 4 km məsafədəki hədəfin alqorifmini qarışdıra, 500 metr məsafədəki hədəfi məhv edə bilir. İşıq sürətilə cavab reaksiyası verən, gecə və gündüz şərtlərindən istifadə oluna bilən sistemin büdcəsi isə digər silah-sursatlarla müqayisədə daha aşağıdır.
Oxu24.com
ŞƏRHLƏR