Qaynar xətt:

(+99450) 247 90 86

Hərbi ekspert: “Tramp Putinə “hə” desə, Avropa ölkələri ABŞ -yə qarşı çıxacaq...”  

news/2026_01_22/puyin_tr_1769099048.jpg

DÜNYA

256

22.01.2026, 20:16

Rusiya ABŞ Prezidenti Donald Trampdan Sülh Şurası təşəbbüsünə qoşulmağa dəvət alıb. Putin Rusiyanın əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş aktivlərindən 1 milyard dolları Sülh Şurasına göndərməyə hazır olduğunu  açıqlayıb.

 Bu dəvət ABŞ və Rusiya arasındakı yaxınlaşma addımı kimi   dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı Oxu24.com-a danışan hərbi ekspert, polkovnik Rövşən  Məhərrəmov  bildirib ki, prosesə qlobal tərəfdən baxanda bunu müsbət addım kimi  qiymətləndirə bilərik. 

"ABŞ-ın dəvəti və Putinin bu dəvətin  dondurulmuş aktivlərdən verə biləcəyini deməsi əslində hər iki tərəfin sülhə yönəlməsini,  problemlərin hədə ilə deyil, sakit bir formatda çözülməsinə  hesablanmış kimi göstərir.

 Bildiyiniz kimi, Rusiya  2022-ci ilin  fevralında Ukraynaya hücuma keçərkən oranı 3 günə işğal edəcəyini desə də, artıq  bu müddətin 4 ilə çatmağına  bir ay var.  Təsəvvür edin ki, sovet hökuməti  Böyük Vətən müharibəsini 4 ilə qurtardı.  Çünki üzərinə yeriyən böyük qüvvələr idi  və bir çox ölkələrin dəstəyindən sonra faşizm üzərində qələbə qazanıldı. İndi Rusiya da  anlayır ki, bu 4 il ərzində Rusiyanın iqtisadiyyatına , hərbi potensialına  böyük zərbə dəyib. Bundan əlavə Rusiya həm də sanksiyalar altındadır.  

Rusiya ABŞ-ın dəvətinə verdiyi cavabla, yəni, bu gedişi ilə ən azından sanksiyarın gücünü zəiflətmək istədiyini anlatdı. İndi qalır ABŞ administrasiyasının Rusiya hökumətinə verəcəyi cavaba. Məhz bu cavabdan sonra bu addımın yaxınlaşmada ilk mərhələ  olduğunu demək mümkündür",-deyə hərbi ekspert bildirib.

Bütün Qərb Putinin Ukrayna işğalına qarşıdır və daha sərt çıxışlar edirlər. Sizcə, ABŞ  Avropa dövlətlərinin əksinə gedərək Putinə müsbət cavab verə bilərmi?

"Bəli, ABŞ-la Avropa ölkələri arasında gərginlik var.  Tramp Fransa, Almaniya, Böyük Britaniya və   Avropa İttifaqı ölkələrini   sanksiya və rüsumlarla hədələyib. Hətta, Qrenladiyanı tutmaq üçün hərbi gücdən istifadə edəcəyini istisna etmir. Bu səbəblə Avropa dövlətləri ilə ABŞ arasında gərginlik var. Danimarka Qrenlandiyaya əlavə hərbi qüvvə yerləşdirdi, Fransa, Böyük Britaniya, Kanada, Niderland, Norveç və İsveç Almaniya,  Qrenlandiyaya hərbi qüvvələr göndərir. Yəni,ABŞ və Avropa dövlətləri arasında belə gərginlik var ikən , ABŞ-ın Rusiyanın  şərtini qəbul edəcəyi də məlum deyil. Elə öz ölkəsində də Trampa münasibət birmənalı deyil və bu münasibət  Trampın Putinin şərtinə müsbət cavab verərsə   daha  da kəskinləşəcəyi məlumdur. Görək, Tramp   hansı qərarı verəcək ki, biz də bu  “dəvət”i yaxınlaşmada atılan ilk addım hesab edək",-deyə polkovnik bildirib.

 Xatırladaq ki, Putin Trampın dəvətinə belə cavab verib:“Belə bir qərar təşəbbüsün beynəlxalq xarakteri və Moskvanın qlobal sabitliyin gücləndirilməsindəki marağı nəzərə alınmaqla verilə bilər. ABŞ-ın təşəbbüsü, ilk növbədə, Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, kəskin beynəlxalq böhranların həll yollarını tapmağa yönəlib. Rusiya ənənəvi olaraq beynəlxalq vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səyləri dəstəkləyir. Rusiyanın Sülh Şurasında iştirakı ilə bağlı yekun qərar hələ verilməyib. Müvafiq göstəriş Rusiya Xarici İşlər Nazirliyinə verilib. Yalnız Xarici İşlər Nazirliyi alınan sənədləri nəzərdən keçirdikdən və strateji tərəfdaşlarımızla məsləhətləşdikdən sonra bizə göndərilən dəvətə cavab verə biləcəyik”.

Əntiqə Rəşid