Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanı hədəfə alan “görünməz müharibə” İrandan gələn BƏLA

2024/05/19/1716144042_serhed111.jpg

DÜNYA

56

21.01.2026, 17:29

Azərbaycanın hüquq-mühafizə orqanları yanvar ayının ilk günlərindən etibarən ard-arda keçirdikləri əməliyyatlarla onlarla kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı rəsmi məlumatlara diqqət yetirdikdə bir fakt dəyişmir - saxlanılan şəxslərin demək olar ki, hamısı narkotikləri İran vətəndaşları ilə qurulan əlaqələr vasitəsilə əldə etdiklərini bildirirlər.

Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb. DİN-in yaydığı məlumata görə, yanvarın 21-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 46 yaşlı İlyas İsmayılov və 41 yaşlı Vəli Əbdülov da saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 18 kiloqramdan artıq marixuana, heroin, tiryək, metamfetamin, 427 ədəd psixotrop tərkibli həb və 5 ədəd elektron tərəzi aşkarlanıb.

Saxlanılan şəxslərin narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşlarından deyiləcək ünvanlara çatdırmaq üçün əldə etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Yanvarın 20-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadəni saxlayıb. Onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. Əliağa Novruzzadə narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə foto və video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Yanvarın 16-da Nərimanov rayonunda 5 kiloqram narkotik vasitə aşkarlanıb. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb. Orxan Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yanvarın 13-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İlkin Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan zaman İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 12-də Polis Nərimanovda iki narkokuryeri 5 kiloqram marixuana və 708 ədəd həblə saxlayıb. Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər, eləcə də satış məqsədilə istifadə olunan elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Yanvarın 9-da Xətai rayonunda əməliyyat zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb. Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb.

Hüseyn Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azərbaycana qanunsuz narkotik dövriyyəsinin böyük hissəsinin İrandan gəldiyi gizli deyil. Azərbaycanın hüquq-mühafizə orqanlarının məlumatlarında İrandan gələn narkotik əlaqələrinin tez-tez önə çıxması, hər dəfə “iranlı narkotik satanla əlaqə” ifadəsi qırmızı xətlə keçir.

Rəsmi mənbələrə və ekspert rəylərinə əsasən, ölkəyə daxil olan narkotiklərin 70-80 faizi İran ərazisindən keçir. Bu göstərici həm coğrafi, həm də tranzit marşrutları ilə bağlıdır. İran Azərbaycanla uzun sərhədə malikdir və buradan Avropaya və digər regionlara narkotiklərin keçirilməsi üçün əsas marşrutlardan biridir.

Əlavə olaraq, Azərbaycana digər qonşu ölkələrdən də narkotik gəlməsi mümkündür, lakin İran əsas tranzit ölkə kimi çıxış edir. Azərbaycanın hüquq-mühafizə orqanları bu problemin qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirmək, beynəlxalq əməkdaşlığı artırmaq və narkotik ticarətini zərərsizləşdirmək istiqamətində çalışırlar.

Bəs İran tərəfi bu prosesləri niyə ciddi nəzarət altına almır? İranda oturub Azərbaycana narkotik satan şəxslərin müəyyən olunması və ifşası üçün hansı addımlar atılır? Ümumiyyətlə, İran tərəfi sərhəd zonalarında belə qrupların fəaliyyəti ilə bağlı hansısa addımlar atırmı?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a bildirib ki, sərhəd təhlükəsizliyi regional məsələdir və yalnız Azərbaycanın səyləri ilə həll oluna bilməz:

“Azərbaycan və İran qonşu ölkələrdir. Lakin narkotik ticarəti kimi qlobal təhlükə qarşısında birgə və koordinasiyalı mübarizə şərtdir. Sərhəd bölgələrində cinayətkar dəstələrin fəaliyyəti sadəcə sərhədi keçməklə bitmir, bu, regionun sabitliyi və vətəndaşların təhlükəsizliyi üçün ciddi təhlükədir. Bu səbəbdən müvafiq qurumlar arasında informasiya mübadiləsi və qarşılıqlı əməliyyatlar prioritet olmalıdır”.

Arzu Nağıyev Azərbaycan hüquq-mühafizə orqanlarının sərhəd təhlükəsizliyi üçün ciddi işlər apardığını vurğulayıb, lakin İran tərəfi ilə effektiv əməkdaşlığın vacibliyini xüsusi qeyd edib:

“İrandan olan həmrəy və konstruktiv addımları gözləyirik. Bu, hər iki ölkənin strateji maraqlarına xidmət edir. İranın sərhəd bölgələrindəki hüquq-mühafizə orqanlarının Azərbaycanla koordinasiyada narkotiklərlə mübarizə aparmasının və qarşılıqlı dəstəyin regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün həyati vacibdir.

Təhlükəsizlik məsələlərində siyasi və diplomatik əlaqələrin gücləndirilməsi, qarşılıqlı etimadın artırılması regionda davamlı sabitlik və inkişaf üçün əsasdır. Yalnız birgə səylərlə biz narkotik kimi qlobal təhlükənin qarşısını ala bilərik və sərhəd bölgələrində yaşayanlara təhlükəsiz mühit yarada bilərik”.

Deputat xatırladıb ki, son illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İranla sərhəd bölgələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bir sıra ciddi əməliyyatlar həyata keçirib:

“Modern texnologiyalar, o cümlədən mobil müşahidə vasitələri və dronlar sərhəd nəzarətində istifadə edilir. Əməkdaşlıq çərçivəsində sərhəd nəzarəti gücləndirilib, qanunsuz keçid hallarının qarşısı alınır.

Bununla yanaşı, hüquq-mühafizə orqanları kuryer şəbəkələrinin ifşası və zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyatlar aparır, ictimai yerlərdə və onlayn platformalarda narkotik ticarətinin qarşısını almağa çalışır.

Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Bürosu (UNODC) və digər beynəlxalq qurumlarla birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, hüquq-mühafizə orqanlarının təlimləri və sərhəd təhlükəsizliyinin artırılması üzrə tədbirlər təşkil edilir.

Eyni zamanda Azərbaycanın qonşu ölkələrlə, o cümlədən İranla narkotiklərlə mübarizədə qarşılıqlı razılaşmalar və protokollar mövcuddur. Lakin praktiki əməkdaşlıqda qarşılıqlı etimad və siyasi iradə önəmlidir”.

Deputat vurğulayıb ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, xüsusilə İranla sərhəddə narkotik ticarətinə qarşı mübarizə uzunmüddətli planlama və əməkdaşlıq tələb edir:

“Hüquq-mühafizə orqanlarının fəaliyyətiylə yanaşı, İran tərəfi ilə dialoqun, birgə əməliyyatların və etibarlı informasiya mübadiləsinin gücləndirilməsi regionun təhlükəsizliyinə ciddi töhfə verə bilər. Narkotiklə mübarizə yalnız Azərbaycanın deyil, bütöv regionun prioritetidir və qonşu ölkələrlə əməkdaşlıq bu yolda ən effektiv vasitədir”.Musavat.com