Polkovnik Həsənov: “Qoşqar Hacıyev yaralandığı gündən məhz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə üstünlük verib”
"N" saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu (1986-cı ildə doğulub, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb) bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinin yazdıqları kimi aprel döyüşlərində deyil, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb.
Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov hazırda koma vəziyyətində olan Qoşqar Hacıyevlə bağlı Azvision.az-a eksklüziv açıqlama verib.
“İlk olaraq onu bildirim ki, Qoşqar Hacıyev yaralandığı gündən onun səhhəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılıb. Hərbi həkimlərimiz onun müalicə olunması üçün zəruri tədbirlər həyata keçirib. Özünün və ailə üzvlərinin təkidli istəyi ilə o həmişə məhz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə üstünlük verib".
Tibb xidməti polkovnikinin sözlərinə görə, Qoşqar Hacıyevə ilkin olaraq Ağdam hospitalında cərrahi yardım göstərildikdən sonra, 2015-ci ilin sentyabr ayının 3-də beyinə nüfuz edən kor güllə yarası ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib.
Polkovnik M.Həsənov qeyd edib ki, Q.Hacıyevi respublikanın və Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri konsultasiya ediblər. Müalicə başa çatdıqdan sonra 28 dekabr 2015-ci ildə hərbi həkim komissiyasına təqdim edilib və barəsində Nazirlər Kabinetinin 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” qərarı verilib.
Q.Hacıyev 25 yanvar 2016-cı ildə hospitaldan evə göndərilib. Elə həmin ilin may ayının 16-dan iyul ayının 20-dək Qoşqar yenidən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunub. Müalicəsini davam etdirmək üçün Türkiyə Respublikasının Gülhanə Elmi-Tədqiqat Xəstəxanasına göndərilib. Türkiyədə ona ventrikulo-peritoneal şunt cərrahi əməliyyatı aparılıb, sonrakı reabilitasiya üçün 2016-cı il sentyabr ayının 14-də Bakıya göndərilib və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına qəbul olunub. Q.Hacıyev həmin ilin oktyabr ayının 13-dək hərbi hospitalda müalicə-reabilitasiya kursu keçib.
Kəllə sümüklərində olan defektin titan protezlə bağlanması üçün Qoşqar Hacıyev növbəti dəfə Türkiyə Respublikasına göndərilib. 2018-ci il aprel ayının 18-də Türkiyədən qayıdan Qoşqar yenə də Silahlı Qüvvələrin Baş Klinik Hospitalına qəbul edilərək bu günədək, yəni 6 ay ərzində, nevrologiya bölməsində müalicəsini davam etdirib.
Lakin cari ilin oktyabr ayının 2-də xəstənin vəziyyəti ağırlaşdığından o, hərbi hospitalın reanimasiya bölməsinə köçürülüb. Q.Hacıyevin həyatının qorunub saxlanılması üçün hərbi həkimlər tərəfindən bütün mümkün tədbirlər görülür”.
Azvision.az-ın əldə etdiyi son məlumata görə, dövlət tərəfindən Qoşqar Hacıyevin müalicəsinin Türkiyədə davam etdirilməsi üçün müvafiq işlərə başlanılıb. Oxu24.com
ŞƏRHLƏR