Bir neçə gün əvvəl bir xəbər ildırım surətilə saytlarda, facebook səhifələrində yayıldı. Abşeron rayonunda qəbiristanlığı zəbt edərək özünə orada məskən salmış, qeyri-qanunu tikililərdə yaşayan qonşular şəhidin məzarından şikayət edib. Məzarın görünməməsi üçün qarşısını hasarlatmaq istəyirlər.Səbəbsə onların məzardan, başdaşındakı şəhid şəklindən qorxmasıdır. Xəbəri saytlardan oxuyaraq sonra videosuna baxsam da, düzü əvvəlcə gözlərimə, qulaqlarıma inanmadım. Axı şikayət edənlər sadə insan idi, onların da övladı ya hərbi xidmətə gedib, ya da gedəcəkdi. Kim bilir bəlkə elə gələcəkdə onların da hansısa övladı şəhid olacaq, o uca məqama, o ali yüksəkliyə qalxacaqdı.
Bugünə kimi şəhidin məzarı üzərində asılan bayrağı sökdürən, şəhidin ailəsinə hörmətsizlik edən, şəhid yaxınını təhqir edən yerli məmurlar haqqında çox eşitmişik. Bir vaxtlar 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Babazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi cəmiyyət arasında, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Amma sadə insanlardan belə bir hörmətsizliyi görmək heç bir əndazəyə sığmadı.
Qeyd edim ki, şikayət edilən məzar 2017-ci ilin avqust ayında şəhid olmuş, Asim İsayevin idi. O, evin yeganə oğluymuş. Bugün şəhidin kasıb valideynləri min bir zəhmətlə boya-başa çatdırıb böyütdükləri, torpaq uğrunda qurban verdikləri övladlarının məzarını gül-çüçəklə bəzəyib təskinlik tapmağa çalışırlar. Araşdırmalar zamanı məlum olub ki, şəhidin dəfn olunduğu yer qəbiristanlığın ərazisidir. Amma yaxınlıqdakı evlərin çoxu isə qəbiristanlığın ərazisi zəbt edilərək tikilmişdir. Yəqin ki, qəbiristanlığı ərazisini satanlar, qəbiristanlıq torpağında ev tikənlərə göz yumanlar tezliklə cinayət məsuliyyətinə cəlb ediləcək və oradakı qanunsuz evlərsə söküləcək.
Cəmiyyətimiz getdikcə korlanır. Onsuz da bütün günü televiziyalarda çal-çağırla, əyləncələrlə şəhidlər, qəhrəmanlar, qazilər unutdurulur. Verilişlərin qonağı şəhid ailələri, qazilər, qəhrəmanlar, cəmiyyətin sayılıb-seçilən ziyalıları olmalı ikən falçılar, ekstrasenslər, sponsor puluyla olmayan səsiylə qulaq ağrıdanlar, stilistlər televiziyada “at oynadır”. Bugün bir jurnalist çıxıb sorğu keçirtsə, 10 şəhid və 10 müğənni adı soruşsa, əminəm ki, sorğuya cavab verən şəxslərin yaş həddindən asılı olmayaraq, çoxluq müğənniləri tanıyıb adını deyəcək. Belə olmaz. Axı biz müharibə şəraitində yaşayırıq. Sülhlə torpaqlarımızı ala bilməsək məcburi müharibə etməliyik. Bugün şəhidinin məzarından qorxanlar, şəhidin məzarını gizlətmək istəyənlər sabah müharibədə kürəkdən vurmazmı? Öz Vətəninə xəyanət etməzmi, hərbi sirri satmazmı? Bəlkə də şəhidindən qorxanlar Azərbaycanda yaşayan, kimliklərini gizlədən ermənilərdir və ya onların törəmələridir. Axı ermənilər qorxaqdır. Onlar Milli qəhrəman Mübarizin də ölüsündən qorxurdular. Onun meyidinin əllərini bərk-bərk bağlamışdılar.
Cəmiyyət olaraq silkələnməli, dəyərlərimizi unutmamalıyıq. Torpaq uğrunda ölən varsa Vətəndir. Torpaq uğrunda canından keçən, gənc yaşında şəhid olanlara, onların ailələrinə hörmət etmək hər bir vətəndaşın borcudur. Şəhidinə, qazisinə hörmətsizlik edənləri cəmiyyət ciddi qınamalıdır, lazım gəlsə qanun çərçivəsində də cəzalandırılmalıdır. Bugün bu torpağın üstündə yaşamağımızı, gecələr yatağımızda rahat yatmağımızı səngərdəki əsgərə, məzardakı şəhidə borcluyuq. Bu yerdə şair Emin Pirinin bir şeiri yadıma düşdü:
Şəhid məzarlarını
mərmərə bükdük,
qalxa bilməsinlər
üzümüzə tüpürməyə...
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını...Elyar İslam Oxu24.com
ŞƏRHLƏR