Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır — Açıqlama

Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır — Açıqlama

CƏMİYYƏT

67

13.10.2026, 16:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avtomobillərin istismar müddəti və texniki vəziyyəti təkcə maşının markasından və keyfiyyətindən deyil, sürücünün idarəetmə vərdişlərindən də asılıdır. Bəzi sürücülər gündəlik istifadə zamanı fərqinə varmadan avtomobilin mühərrikinə, sürət qutusuna, əyləc sisteminə və digər hissələrinə zərər vura bilirlər. Əl əyləcindən düzgün istifadə etməmək, hərəkət zamanı sürət qutusunu yanlış idarə etmək və qəfil əyləcləmək zamanla əlavə təmir xərclərinə səbəb ola bilər.

Sürücülər avtomobil idarə edərkən ən çox hansı səhvlərə yol verirlər və bu vərdişlər avtomobilin texniki vəziyyətinə necə təsir edir?

"AutoProject" şirkətinin rəhbəri, avtomobil üzrə mütəxəssis Elçin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, avtomobilin uzunömürlü olması təkcə onun markasından və istehsal keyfiyyətindən deyil, həm də sürücünün idarəetmə vərdişlərindən asılıdır:

Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır — Açıqlama

"Bir çox texniki nasazlıqlar məhz avtomobildən düzgün istifadə edilməməsi nəticəsində yaranır. Soyuq havaların yaxınlaşması ilə sürücülərin diqqət etməli olduğu əsas məsələlərdən biri mühərrikin düzgün qızdırılmasıdır. Müasir avtomobillərdə mühərriki işə saldıqdan sonra uzun müddət yerində qızdırmağa ehtiyac yoxdur. Mühərrik işə düşdükdən qısa müddət sonra hərəkətə başlamaq, lakin iş temperaturuna çatana qədər yüksək dövrlərdən və kəskin sürətlənmədən çəkinmək daha doğrudur. Beləliklə, mühərrik və digər mexanizmlər hərəkət zamanı tədricən optimal temperatura çatır. Digər vacib məsələ yanacağın düzgün seçilməsidir. Təəssüf ki, bəzi sürücülər yanacaq seçərkən avtomobil istehsalçısının tələblərindən daha çox satıcıların tövsiyələrinə əsaslanırlar. Halbuki müasir avtomobillərin, xüsusilə turbomühərrikli və yüksək sıxılma dərəcəsinə malik modellərin bir çoxunda Aİ-95 və daha yüksək oktanlı benzindən istifadə tələb olunur və ya tövsiyə edilir. İstehsalçının müəyyən etdiyi oktan göstəricisindən aşağı yanacaqdan istifadə detonasiya riskini artıra, mühərrikin gücünü azalda və uzunmüddətli istismarda problemlər yarada bilər. Buna görə yanacaq seçimi mütləq avtomobilin texniki tələblərinə uyğun aparılmalıdır".

Elçin Abbasov sürücülərin geniş yayılmış səhvlərindən birinin də avtomobil tam dayanmadan avtomatik sürət qutusunu D rejimindən R rejiminə və ya əksinə keçirmək olduğunu vurğulayıb:

"Bu, transmissiyanın mexanizmlərinə əlavə yük yaradır. Kəskin sürətlənmə, qəfil əyləcləmə və çalalardan yüksək sürətlə keçmək isə əyləc, asqı və sükan sistemlərinin vaxtından əvvəl aşınmasına səbəb olur. Elektromobil və hibrid avtomobillərdə xüsusi diqqət yüksək gərginlikli batareyanın qorunmasına yönəldilməlidir. Batareyaların əsas düşmənlərindən biri yüksək temperaturdur. Avtomobili uzun müddət güclü günəş altında, xüsusilə batareya tam dolu vəziyyətdə saxlamaq onun ömrünü qısalda bilər. Elektromobillərdə istehsalçının tövsiyəsinə uyğun olaraq gündəlik şarj səviyyəsini çox vaxt 20–80% intervalında saxlamaq məqsədəuyğundur. Lakin bəzi batareya növlərində 100%-ə qədər doldurulma da tövsiyə olunur. Daim yüksək güclü sürətli şarjdan istifadə etmək əvəzinə, imkan daxilində adi AC şarja üstünlük verilməsi faydalıdır. Hibrid avtomobillərdə isə batareyanın soyutma sisteminin sazlığına və hava kanallarının təmizliyinə xüsusi diqqət yetirilməlidir. Batareyanın həddindən artıq qızması onun tutumunun azalmasına və bahalı təmirə səbəb ola bilər. Avtomobilin istismar müddətini uzatmağın ən effektiv yolu düzgün idarəetmə, keyfiyyətli və uyğun yanacaqdan istifadə, vaxtında texniki qulluq və nasazlıqların erkən diaqnostikasıdır".