Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Ermənistanı “forpost” adlandırdı: Bəs sülh sazişinin imzalanmasına nə mane olur? 

Paşinyan Ermənistanı “forpost” adlandırdı: Bəs sülh sazişinin imzalanmasına nə mane olur? 

CƏMİYYƏT

17187

29.10.2026, 17:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı və ölkəsinin hələ də "forpost" olaraq qaldığına dair etirafı regionda maraq doğurub. Baş nazir daxildəki müxalifəti, eləcə də "üçbaşlı müharibə partiyası" adlandırdığı qüvvələri ölkənin suverenliyinə mane olmaqda və sülh prosesini tormozlamaqda günahlandırıb. Paşinyan vurğulayıb ki, İrəvan regionu münaqişə dalanından çıxarmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolunu seçib. Lakin bu bəyanatlar fonunda rəsmi İrəvanın ritorikası ilə praktiki müstəvidə atdığı addımlar arasında ciddi ziddiyyətlər görünməkdədir. Bakı üçün artıq şifahi bəyanatlar kifayət etmir, çünki dayanıqlı sülhün bərqərar olması konkret hüquqi və siyasi addımlardan asılıdır. İki ölkə arasında sülh sazişinin mətninin paraflanmasına baxmayaraq, sənədin imzalanması və ratifikasiyası yolunda hələ də həllini tapmayan maneələr qalır. 

Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması və regional kommunikasiyaların açılmasında ləngimələr prosesi çətinləşdirir. Bu xüsusda İrəvanın “forpost” statusundan çıxmaq iddiası ilə real fəaliyyəti arasındakı uyğunsuzluqlar xüsusi diqqət tələb edir.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Oxu24.com-a açıqlamasında bildirib ki, Nikol Paşinyan Ermənistanın hələ də forpost olaraq qaldığına dair bəyanatında tamamilə haqlıdır:

“Ermənistan həqiqətən də hələki, ənənəvi “forpost” statusundan çıxa bilməyib. Bunun üçün Ermənistanın yeganə yolu Azərbaycanla sülh sazişindən və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Paşinyanın bunu açıq şəkildə dilə gətirməsi isə İrəvanın öz xarici siyasətində dəyişikliklər etmək istəyi baxımından əhəmiyyətlidir. Amma Paşinyanın bəyanatlarını qiymətləndirərkən siyasi ritorika ilə praktiki nəticələri bir-birindən ayırmaq lazımdır”.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin sülhə sadiqlik barədə bəyanatları müəyyən addımlarla müşayiət olunsa da, münasibətlərin tam normallaşması üçün hələ də həllini gözləyən mühüm məsələlər mövcuddur.

Rəşad Bayramov qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərində son dövrün mühüm nəticələrindən biri 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin mətninin paraflanması və tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində razılaşmalar əldə etməsidir:

“Ancaq sənədin paraflanması onun imzalanması və ratifikasiyası ilə eyni hüquqi mərhələ deyil. Yekun imzalanma və ratifikasiya üçün isə maneələr qalmaqda davam edir. Ermənistanın konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı narahatlıqlar hələ ki, aradan qaldırılmayıb. Bu səbəbdən rəsmi İrəvanın sülh tərəfdarı olduğunu bəyan etməsi müsbət siqnal sayılsa da, yekun nəticə konkret hüquqi və siyasi addımlardan asılıdır”.

Digər mühüm məsələdən bəhs edən politoloq diqqətə çatdırıb ki, regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişafı burada əsas amildir:

“Ermənistan hökuməti qonşularla münasibətlərin normallaşdırılmasını ölkənin iqtisadi və təhlükəsizlik imkanlarının genişləndirilməsi vasitəsi kimi təqdim edir. Artıq Azərbaycan ərazisindən Ermənistana üçüncü ölkələrdən gələn taxıl və digər məhsulların tranziti, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı praktiki əməkdaşlığın nümunələridir. Amma bu yetərli deyil. Ermənistanın TRIPP layihəsi ilə bağlı praktik fəaliyyətə başlamaması bu istiqamətdə də götürülən öhdəliklərin icrasını gecikdirir”.

R.Bayramov vurğulayıb ki, Paşinyanın müxalifəti sülhə mane olmaqda ittiham etməsi isə məsələnin daxili siyasi tərəfini ön plana çıxarır:

“Ermənistan cəmiyyətində Qarabağ münaqişəsinin nəticələrinə, xarici siyasət kursuna və Türkiyə ilə münasibətlərin gələcəyinə dair fərqli yanaşmalar mövcuddur. Amma bu bizim yox, Ermənistanın problemidir. Paşinyanın üzərinə düşən vəzifə ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, ölkənin dalan dövlətdən çıxması və dayanıqlı sülhə səs verən çoxluğun mövqeyini təmin etmək üçün real addımlar atsın. Bizim üçün siyasi bəyanatlar artıq kifayət etmir və Azərbaycan olaraq Ermənistandan praktiki addımlar gözləyirik”.

“Başqa sözlə, Paşinyanın çıxışını sülh istiqamətində siyasi mövqeyin ifadəsi kimi qiymətləndirmək mümkün olsa da, əsas meyar onun hansı konkret addımlarla müşayiət olunacağıdır. Ermənistan həqiqətən “forpost” statusundan çıxmaq və regional əməkdaşlığın iştirakçısına çevrilmək istəyirsə, hüquqi öhdəliklərini yerinə yetirməli, sülh sazişinin imzalanması üçün maneələri aradan qaldırmalı, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması işlərini sürətləndirməlidir",- deyə o əlavə edib. 

Çimnaz Telmanqızı