Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis qərar QƏBUL ETDİ

Milli Məclis qərar QƏBUL ETDİ

CƏMİYYƏT

25704

13.10.2026, 15:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə" qanunun layihəsi müzakirəyə çıxarılıb.

Oxu24.com-un  xəbərinə görə, layihəyə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

***

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib.

Oxu24.com  xəbər verir ki, bununla əlaqədar "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.

Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.

Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğu edilməsi, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir. Qanun layihəsində həmçinin "Qiymətli kağızlar bazarı haqqında" qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclis Azərbaycanda təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsinin və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyənləşdirilməsini ilk oxunuşda qəbul edib.

Oxu24.com  xəbər verir ki, bu haqda "Texniki tənzimləmə haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, adı çəkilən qanunun 15-ci maddəsinə yeni - 15.5-ci altmaddə əlavə edilir.

Dəyişiklik insanların həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək. Məqsəd təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısını almaqdır.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

***

Parlament kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini ilk oxunuşda qəbul edib.

Bununla əlaqədar Əmək Məcəlləsinə və "Aviasiya haqqında" qanuna dəyişikliklər Milli Məclisin (MM) bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində vurğulanıb ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilmişdir. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub.

Bildirilib ki, Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir və eyni qayda Azərbaycanda da tətbiq olunacaq.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclis balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilməsi haqda dəyişikliyi son oxunuşda qəbul edilib.

 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarında dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə olunub.

Qeyd edilib ki, bu, nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında fasiləsiz həyata keçirilməsinə və ərzaq təhlükəsizliyinin qorunmasına imkan verəcək.

Layihəyə əsasən, aqrar sektorda ƏMTQ öhdəliyi üçün konkret kəmiyyət meyarları müəyyən edilir: Mövcud qanunvericilikdəki qeyri-müəyyən və subyektiv xarakter daşıyan "ixtisaslaşmış" və "irimiqyaslı" terminləri ləğv edilir. Bunun əvəzinə, beynəlxalq təcrübəyə (FAO, Dünya Bankı və Avropa İttifaqı direktivlərinə) əsaslanan aşağıdakı konkret kəmiyyət hədləri tətbiq olunur:

Heyvandarlıq müəssisələri üçün: 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu və digər dırnaqlıların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

Quşçuluq müəssisələri üçün: 40 000 baş toyuq ekvivalenti (inkubasiya mərhələsi istisna olmaqla; 1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla);

Balıqçılıq (akvakultura) təsərrüfatları üçün: İllik məhsul həcmi 500 ton.

Sənəddə göstərilib ki, aqroparklar yalnız yuxarıda qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş kəmiyyət hədlərinə bərabər və ya ondan çox göstəricilərə malik olduqda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosesinə cəlb ediləcək.

Bildirilib ki, həmçinin kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır: Yeni kəmiyyət meyarlarının tətbiqi sayəsində kiçik və orta təsərrüfatlar bahalı və uzun vaxt tələb edən ƏMTQ sənədi hazırlamaq öhdəliyindən azad olunur. Bununla da dövlətin nəzarət resursları daha çox real ekoloji risk yaradan iri sənaye komplekslərinə yönəldiləcək, sahənin investisiya cəlbediciliyi artacaqdır.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi ratifikasiya edilib.

Bununla bağlı qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda təsdiqlənib.

***

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edib.

Bununla bağlı müvafiq qanun layihələri parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Belə ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiqi haqqında qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

***

Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu ratifikasiya edib.

Layihə parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Müzakirələrdən sonra "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib.

***